Özüm üçün güllə saxlamışam

Özüm üçün güllə saxlamışam
17 sentyabr 2019
# 10:03

Narahat olma, mən postumdayam. Ətrafı düşmənlər sarıb yenə; din ordusu, siyasət donanması, mentalitet qoşunu, antiinsan koalisiyası, əxlaq polisləri, qanun desantları, bir sözlə, ruh düşmənləri. Tərcüməsi : “Kurtlar sofrasına düşdüm, uçurtmam tellərə takıldı, hanı mənim gəncliyim, nərdə?...”

Dostlar da var, amma onlar düşmənlər kimi asanlıqla birləşmir, həndəsi silsilə ilə çoxalmır. Hərə öz səngərində oturub hərdən atır. Bəzən atəşkəs pozulur, mövqelərimiz adsız yüksəkliklərdən atəşə tutulur, amma qorxma, düşmən cavab atəşilə susdurulur sonda, çox şükür.

Səngərimdəyəm. Hərdən mənə elə gəlir ki, mühasirə daralır, hərdən qorxa- qorxa patronlarımı sayıram, öz başıma sıxmaq üçün güllə gizlədirəm. “Ölsəm, bağışla”...

Bilmirəm, bəlkə elə salamatı ölməkdi, bəlkə, son gülləni başıma vurmağa çatdırmaram, bəlkə, əsir düşərəm, bəlkə, satılaram, bəlkə, sataram, nə bilim. Odur ki, qalsam da, bağışla.

Hərdən postumdan aşağı, çayın qırağına düşürəm. Sahildə oturub düşünürəm. Həyat necə gözəl olardı, döyüşlər olmasaydı, elə deyilmi? Hamı bu suyun səsinə sitayiş eləsəydi, məsələn. Hamının tanrısı təbiət olsaydı. Gülməlidi, eləmi, mən heç böyümədim, beləmi düşünürsən, düzmü bildim?

Sonra yenə postuma qayıdıram, geriyə yol yoxdu, çaydan o tərəf arxa cəbhədi, postdan o tərəf isə bizim torpaqlar deyil. Mən arxa cəbhədə sıxılıram, rəqib torpaqları da mənlik deyil, mənimki elə cəbhə xəttidi. “Yaşasın heç bir bayraq sancılmayan zirvələr, üzərində heç bir dövlət qurulmayan adalar”. Burdan dırnaq işarəsini atarsan, bu, özümündü.

Ömrümün küçə döyüşləri başlayıb, qınama məni, böyük bir şəhərin mərkəzi bir küçəsində barrikada qurmaq arzusu təkcə romantika deyil, həm də azad bir küçə uşağının- bir Qavroşun məğlubiyyətə meydan oxumasıdı. Mən böyüdükcə kiçilən bütün böyük uşaqlara acıyıram. Elə özümə də. Bir də ki, qoy adı nə olur olsun, lap romantika olsun, dəyməzmi, yəni?

Bir gün o barrikadanı dağıdacaqlar, mütləq dağıdacaqlar, hanısa uşağın azadlıq arzusunu qanı qarışıq böyük su maşınlarının güclü su şırnağıyla o küçələrdən yuyacaqlar. Budurmu sizin ağıllı realizminiz?! Azadlıq arzusunun qanını tökməkmi? Bəli, mən o küçə döyüşünün aqibətinin nə olacağını bilə-bilə yenə də o barrikadada olmaq istəyirəm və bu da mənim romantikamdı. Sizin realizminizdən qorxulu deyil ki... “İnsaf et, hansımız daha qəddarıq?”

Mən o biri səngərlərdə, başqa barrikadalarda ta qədimdən vuruşanların, indiyə qədər uduzmuş və bundan sonra uduzacaq hər bir kəsin, bütün edam məhbuslarının, siyasət qurbanlarının, din mədurlarının, azadlıq aşiqlərinin, sevgi fədailərinin hamısının ölməz enerjisini hiss edirəm. Hərdən “Bu gün məni günəşə çıxardılar” havasında oluram, hərdən “ Bu gün asmağa götürəcəklər məni” eyforiyasında...

İnanmayacaqsan, amma bu enerji məni sakitləşdirir. Hardasa qətlə yetirilmiş həyatları davam edirmiş kimi hiss edirəm özümü. Ölümdən sonrakı həyatdaymış kimi huzurluyam. “Zil-zurna sərxoş olsam da, yaşadıqlarımdan, çıxarkən hesabı ödəyəcək qədər ayığam”, yəni.

Xoşbəxtikdən, ruhumun fəsli bu il daha tez gəlib, mənim bədbəxt payızım. Yağış damlaları otağımın damını taqqıldatmağa başlayan kimi içimdə hüznlü bir musiqi çalınmağa başlayır. Bu musiqiyə ən çox “ Gözəl havadı, çaymı dəmləsəm, özümümü assam?” sözləri uyğun gəlir.

Və mən hər dəfə çay dəmləməyi seçirəm. Ona görə yox ki, özünü asmaq daha çətindi, ona görə ki, çay dəmləməyin fəlsəfəsində bir həyat eşqi var. Və “Mən dərdi hamıdan yaxşı çəkirəm, yaxşı sevinirəm sevinc olanda”.

Amma yaşamaq eşqinin də qədərini çox etmək olmaz, öldürər adamı, vallah öldürər, ona görə də həyat onu bizə ağrıkəsici dərmanın tərkibindəki narkotik kimi tənzimləyib verir.

Bu fikirləri bir az da çözsəm, ağlın çaşar, sayıqlama da adlandıra bilərsən, amma əsl həqiqətlər çox vaxt sayıqlamaların dibində gizlənir. Amma “əsl” dediyimiz həqiqət hər nədirsə, elə gizlin qalsa yaxşıdı, çünki onun da artığı cəmiyyət üçün elə o dərmanın tərkibindəki narkotik kimi ziyanlıdı. Həm də sözlər də silah kimidi, çox oynamaq təhlükəlidi, kimsə yaralanar. Mənsə “adına insan qanı töküləcək bir ideal tanımıram”.

Bir sözlə, bitməz bir savaşın ön cəbhəsində nə qədər yaxşı olmaq mümkündüsə, o qədər yaxşıyam. Dəfn etdiyim bütün həyati istəklərin torpağında elə güclü bir ruhi müvazinət göyərib ki, hərdən özüm də üşənirəm. Deyəsən, gerçəkdən də “ayrılıq da sevdaya daxil” (miş). Bu son statı ümumi məzmuna daha sıx bağlamağa səbrim çatmadı, özün bağlayarsan, ya da oxuyub, silərsən.

Və yenə inanmayacaqsan, mistikadı, fikirlərimi yekunlaşdırmağa çalışdığım həmin bu dəqiqələrdə “bizim komanda”nın yeni qurban verməsi xəbərini eşitdim. Qadınların futbol izləməsi yasaq sayılan bir ölkədə kişi cildində stadiona girən iyirmi doqquz yaşlı bir qadın altı ay həbs cəzası alıb. Və buna etiraz əlaməti olaraq özünü yandıraraq öldürüb. İşin ikinci mistik və ironik tərəfi odu ki, qızın adı Səhər imiş. Mən şəkildə Səhərin üzündəki məğrur gözəlliyə baxıb “kurtlar sofrasında” onun adına bir şam yandırıram və bundan sonrakı həyatımda onun da yerinə vuruşmaq istəyərdim. Al, bu da sənə romantika...

Hə, bir də, qulağını bəri gətir, gör sənə nə deyirəm, bu, bir edam məhkumunun son sözləri də ola bilər: Əslində, sən yoxsan, heç vaxt da olmamısan, mən doğulandan öz-özümə danışırdım ki, səngərdə tək olmağımı bilməsinlər...

# 2553 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #