Eyni vaxtda bir neçəsi ilə görüşən qadınlar

Eyni vaxtda bir neçəsi ilə görüşən qadınlar
9 yanvar 2018
# 11:51

Günel Natiq

Bir bayatıda deyilir ki, ölüm Allah işidi, ayrılıq işgəncədi. Belə çıxır ki, ayrılıq ölümdən də betərdi. Çünki ölümü insan sonunda qəbul edir; ölüm taleyin, həyatın hökmüdür. Ölümün çarəsi yoxdur ki. Ölən adamı geri gətirmək mümkün deyil. Öz içində nə qədər savaşsan da axırda özü-özünlə barışıb oturursan.

Ayrılıq isə məchul bir şeydi. Yerlə göyün arasında asılı vəziyyətdə qalırsan. Bilmirsən hara məxsussan. Xəstəxanada belə hallara “orta ağır” deyirlər. Yəni sağsan, amma hər an ölə bilərsən.

Həm də ayrılığı həzm etmək çətin məsələdir. Qarşı tərəf heç cür bununla barışmaq istəmir. Tərk edilmək insana ağır gəlir. İnsan kompleks keçirir, özünün natamamlığı haqqında düşünür.

Xüsusilə qadınlar depressiv hallar keçirirlər. Üzünü görmədiyi rəqibini qısqananlar belə var. “Yəni məndə nə yoxdur ki, onda var?” “Belə çıxır, o məndən daha üstündür?”

Qadın kompleksə girir, yuxusunu itirir. Hətta intiqam planları qurur. Bu planların içində qarğışdan tutmuş rəqibini daş-qalaq etməyə, ona iynəli məktublar yazıb şantaj etməyə qədər hər şey var.

Ayrılıqla barışa bilməməyin bir səbəbi də ümid yerinin olmasıdır. Qadın hələ də düşünür ki, sevgilisini qaytara bilər. Ona görə əzab çəkir, ümid edir, tərəddüd keçirir. Kiçik bir ümid işığının olması qadının başqa münasibətlər qurmağına mane olur. Çarəsizcə düşünür ki, əgər başqa münasibətə girsə sevgilisini tamamilə itirə bilər.

Adətən kişilər qadınların ayrılığı normal qəbul etmədiklərindən şikayətlənirlər, amma fərqində deyillər ki, bunun günahkarı özləridir. Bəs nə üçün belə olur?

Çünki kişilər ayrılmaq istədiklərini elan etməyi sevmirlər. Eləcə səssiz-səmirsiz uzaqlaşırlar. Qadını iqnor edirlər, yəni görməzlikdən gəlirlər. Çünki kişilər hesabat verməyi sevmirlər, daha doğrusu, bundan çəkinirlər. Düşünürlər ki, bu zaman isterika yaşana bilər və kişi istəmədiyi situasiyalara düşə bilər.

Yəni ehtiyat tədbiri görməklə əslində qadını deyil, özlərini qoruyurlar. Folkner bir əsərində bu metoda “qaçmaq” deyir. Məsələn, əlaqənin hansısa məqamında kişi anlayır ki, qaçmaq vaxtıdır. Ən pisi odur ki, bunu qadın da anlayır. Və daha pisi odur ki, qadın bu durumda heç nə edə bilməyəcəyini bilir.

Kişilərin sakitcə uzaqlaşmaqda bir niyyətləri də qadını bu duruma alışdırmaqdır. Onlar düşünürlər ki, əgər əlaqələri məhdudlaşdırsalar, qadın yavaş-yavaş bu vəziyyətə öyrəşəcək və bu halları normal qəbul edəcək.

Hətta bəlkə qadın kişinin ayrılmaq istədiyini, amma bunu ona deyə bilmədiyini anlayacaq və sakitliyini qoruyacaq. Guya qadın Nostradamusdur və kişinin ürəyindəkiləri oxumaq gücündədir.

Yox, o görücü deyil, o sevən qadındır, o sevən qadın ki, tam ümid kəsilənə qədər oturub sevgilisinin yolunu gözləyəcək. Hələ ümid yeri qalmadıqdan sonra belə gözləyəcək.

Məsələn, mənim nənəm onu atan ərinin yolunu 80 yaşına qədər, yəni ölüm anına qədər gözləmişdi.

Anam deyirdi ki, nənəm lap ahıl vaxtlarında özünə təlqin edirdi ki, əri gələcək və durub güzgülənir, bəzənirdi. Yəni sevən qadın ayrılığı faciə kimi qəbul edir.

Ona görə kişilər ayrılıq məsələsinə həssaslıqla yanaşmalıdırlar. Bu qərarı ikilikdə almaq lazımdı, kişi təkbaşına bunu həll etməməlidir.

Bəzən isə kişi ayrıldığını ona görə bildirmir ki, tam ayrılmaq işinə yaramır. Çünki təzə sevgilisinə tam güvənmir, köhnələri hər ehtimala qarşı ehtiyatda saxlayır. Bu zaman qarşı tərəfin nə düşündüyü, hansı hislər keçirdiyi heç vecinə də olmur.

Yəni “çirkinim, burda dur, mən gedim gözəl axtarım, tapdım, tapdım, tapmadım, gözəlimsən ki, gözəlimsən.”

Əlbəttə, hər qadın ayrılığı faciə kimi qəbul etmir. Elə qadınlar var ki, eyni vaxtda bir neçə nəfərlə görüşür və bu adamlardan birinin əksik olması həyatında heç nəyi dəyişdirmir.

Yəni həyat belə insanlara “gözəldir”. Əlbəttə ki, məcazi anlamda.

Amma “qadın” deyəndə biz hisləri olan, sevə bilən, yaşantılarına dəyər verən xanımları nəzərdə tuturuq. O qadınları ki, onlara ayrılıq həqiqətən zülmdü.

Bəzən belə travmalardan sonra qadınlar həyata adaptasiya ola bilmirlər, seksual həyatlarında problemlər yaşayırlar. Özünəgüvən hissini itirən qadın demək olar ki, hər şeyini itirir.

Aqşin Yeniseyin şeirlərinin birində belə bir misra var: “Unudulandan sonra qadından nə qalırsa, sən osan”. Bu bir misra tərk edilmiş qadının bütün faciəsini əks etdirir.

Tərk edilmiş qadının taleyi alt-üst olur. Və bu dağınıqlıq onun əl atdığı hər şeyə sirayət edir.

Bir haşiyə çıxım. Mənim tanıdığım bir qadının gözəl ailəsi, iki övladı vardı. Qadın gözəl və evdardı, ərini də çox sevirdi. Evləri təmizlik saçırdı. Qadının işi-gücü uşaqların və ərin qayğısına qalmaq idi.

Və belə bir fədakar xanımı əri başqa qadın üçün tərk edir.

Sadəcə zəng edib evə gəlməyəcəyini, başqa qadını sevdiyini bildirir.

Amma bu qadın həyatını ərinin və uşaqlarının üzərində qurmuşdu və bir anda bütün taleyi üstünə çökür.

Bir dəfə evlərinə gedəndə gözlərimə inanmadım. Ev alt-üst olmuşdu. Stolun üstündə boş kola şüşələri, konfet kağızları və s vardı. Mətbəxdə kirli qablar üst-üstə qalanmışdı.

Qadın mənəvi kriz yaşayırdı. İndiyə qədər inandığı dəyərlər alt-üst olmuşdu, mənəvi çöküntünün yanında bu zahiri dağınıqlıq nə idi ki?

Qadına ayrılıq yaşadarkən diqqətli olun, qadın həssas varlıqdı, sizin laqeydliyiniz onu həmişəlik həyata küsdürə bilər.

Kişilərə xas bir özəllik də var, onlar günahlarını etiraf etmək istəmirlər, hər şeydə qadınlarını suçlayırlar. Əgər tərəflər öz səhvlərini etiraf etsələr, günahlarını bölüşsələr, məncə hər ikisinin də yükü azalar, ayrılığı yaşamaq hər iki tərəf üçün daha asan olar.

Günahı qadının boynuna yükləyərək yaşamaq əlbəttə ki, kişilərə sərf edir, çünki səbəbsiz ayrılığın çəkilməz vicdan yükü var ki, bunu da heç bir kişi çiyinlərinə götürmək istəməz...

# 2661 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #