Gecikmiş məhəbbət, yoxsa seksual çatışmazlıq?

Gecikmiş məhəbbət, yoxsa seksual çatışmazlıq?
22 yanvar 2015
# 14:57

Gecikmiş məhəbbət məfhumuna müxtəlif yanaşmalar olub, fərqli izahlar verilib. Ad baxımından bir az nisgilli olan bu poetik ifadə hətta yazıçı və şairləri də “narahat” edib.

Gecikmiş məhəbbət nə olan zaddır ki, bunu hörmətə mindirib, üstəlik yazı-filan da yazırıq. Həqiqətənmi məhəbbətin gecikmişi olur? Məhəbbət hər zaman məhəbbətdir, onun tezi, geci olmur ki...

Eşidəndə ki, kimsə qoca yaşında aşiq olur, ona vedrə qoşub deyirlər: “Filankəs qocalıqda yorğalıq edir”. Ona haqq qazandıranda isə “Qoca at bəyəm arpa yemir?” deyirlər.

Təsəvvür edin, qoca yaşında bir kişi cavan bir xanımı sevib ona canı-dildən aşiq olur, Məşədi İbad demişkən onunla eşqbazlıq edir. Bunu eşidən “ağzıgöyçəklər” fəsiləsinin nümayəndələri başlayacaqlar nə gəldi danışmağa:

Buna bax, utanmır, qızı yaşında qıznan gəzir (gəzir ha).

Ayıb olsun, xalxın (xalqın yox, məhz xalxın) qızını gör necə yoldan çıxarıb.

Ay onun boyunu yerə soxum, bu heç eldən ayıb eləmir!

Sən bir qıza bax e, dədəsi yaşında kişiynən oturub durur, arvadı bilsə gəlib o qızı iki cıracaq.

Uzunçuluq eləmirəm, bu cür ifadələri çoxları eşidib. Yəni bunların sözündən belə çıxır ki, kişi yeniyetmə gənc qız həvəsindədi, qız da pis çıxmasın qızıxıb. Həsənzadə faktını və ya onun əksini yada salsaq işimiz asanlaşar. Yeri gəlməsə də bircəcik qeydi əziz-şərif oxucuların nəzərinə təslim edim - mətndə hər hansı biədəb sözə rast gəlsəniz məni qınamasınlar. Çünki əsas məqsəd ayıb və tərbiyəsiz ifadə yazmaq yox, qabartmaq istədiyim məsələni izah etməkdi. Bunun üçün də ifadələri olduğu kimi yazmaq məcburiyyətindəyəm.

Keçək məsələnin elmi və ciddi tərəfinə.

Məhəbbət nə vaxt gecikir? Gecikirsə bunun nəyi pisdi? Yeri gəlməsə də deyim ki, məhəbbətin seksə çevrilmə sərhədi bakirəlik pərdəsi qədər olduqca “şəffaf”dır. Gərək bu sərhədi “tuta” biləsən. Qayıdaq məhəbbətin gecikməsinə. Filosofluq olmasın (bəlkə də, bu elm aləminə məlumdur), belə bir qənaətə gəlmişəm ki, insan hisslərinin bioloji qarşılığı var. Hər hansı bir hiss insan orqanizmində bioloji dəyişmə və hərəkətlə ifadə olunur. Və ya əksinə, insan orqanizmində bioloji proses gedirsə, həmən bu proses hansısa bir hərəkətlə, davranışla, hisslə nəticələnir.

Deyək ki, cavan bir oğlan bir qıza aşiq olur. Aşiq olandan sonra oğlanın hərəkəti, davranışı dəyişməyə başlayır, ətrafındakılara olan münasibəti əvvəlkindən fərqlənir. Başqa bir misal: Tez-tez cinsi münasibətdə olan şəxslə, gec-gec cinsi münasibətdə olan şəxs arasında fərqlər var. Bu fərqlər onların hərəkətlərində, danışığında, ətraf aləmə münasibətində və s. özünü büruzə verir. Tez-tez cinsi münasibətdə olanlar və ya cinsi münasibəti normal olanlar mülayim, həlim xasiyyətli, gülər üzlü və müsbət əhvalda olurlar.

Fiziki baxımdan insan müxtəlif bədən üzvlərindən ibarət olduğu kimi, mənəvi baxımdan da müxtəlif hiss və düşüncələrdən ibarətdir. Hər kəsin genində üzə çıxıb-çıxmamağından asılı olmayaraq bu mənəvi paylar var. Lakin şərait və vəziyyət bu hisslərin, düşüncələrin miqdarını artırıb, azalda bilər.

AzTV-vari keçid eləyərək deyim ki, bu mənəvi paylardan biri də məhəbbətdir. Tərbiyəsizlik olmasın, yeni də yeri gəlməmişkən qeyd edəcəm, yeganə paylardandır ki, mənəvi zad olan məhəbbətlə, fiziki zad olan seks birləşib, hər iki tərəfin xüsusiyyətini özündə əks etdirir.

El-aləm bilir məhəbbətin əsas dövrü gənclik dövrüdür. Bu insan orqanizminin oyanması və fiziki yetkinliklə bağlıdır. Bəzən elə olur ki, kimsə yeniyetməlik və ya gənclik dövründə sevə bilmir, məhəbbətin heç bir mərhələsi olmadan orta yaş həddini keçib, qocalığa doğru addımlayır. Bunun bir çox səbəbləri var: Öz mühitini dəyişib yad mühitə keçmək, ölkədən kənarda olmaq, tez-tələsik valideyn təhriki ilə evlənmək, tezbazar tanışlıqla nikaha girmək, məhəbbət həddinə çatmayan isinişmə ilə ailə qurmaq və s.

Obrazlı desək sevgi hissləri “ehtiyat”da qalır. Subay olan qadın və kişilər üçün bu cür vəziyyətlər keçərli olmaya da bilər. Əslində subay qadın və kişilər istənilən zaman məhəbbət hisslərini alovlandıra bilərlər. Sadəcə alovun üstünə bir qaşıq “sevgi benzini” əlavə etmək zərurəti yaranır.

Bizim araşdırmamız isə el qınağına tuş gəlib, dalına vedrə bağlanan qoca sevgililərlə bağlıdır. Qoca vaxtında aşiq olmağın əsas səbəblərindən biri bayaq dediyim kimi, ərlə arvad arasında elementar sevgi hisslərinin olmaması və ya, “gözdən pərdə asmaq” janrında olan ötəri hisslərdi. İnsanın şüuraltı idarə olunduğunu nəzərə alsaq, bizə mürəkkəb görünən bir çox qaranlıq mətləblər aydın olar. Qısa müddət ərzində ailə-məişət problemlərindən, gərginliklərindən ayrılmaq kifayət edir ki, bədən öz bioloji istəklərini “tələb” etsin. Bu ona bənzəyir ki, 90-cı illərin aşkarlıq və demokratiya siyasəti müttəfiq ölkələrin SSRİ-dən öz müstəqilliyini tələb etməsi ilə nəticələndi. Ailədə yaranan soyuqluq, qarşılıqlı nəvaziş və istəyin saxta olması kənar məhəbbət axtarışlarını sürətləndirir. Kənarda tapılan nəvaziş və istək isə kişi və ya qadın olmasından asılı olmayaraq bədənə və beyinə məhəbbətin dadının necə də şirin olduğunu mənəvi və fiziki baxımdan sübut edir. Ailə problemi olan bu cür qadın və kişinin bir-birini taparaq məhəbbət dənizinə yelkən açması bugünkü cəmiyyətdə qaçılmazdır. Loru dildə desək yaranan şərait bunu tələb edir. Necə deyərlər düyə göz eləməsə, dana tullanmaz.

Tarixdən hamının bildiyi kimi bütün inqilablar zərurətdən, əlverişli şəraitdən baş verib. İnsan bədəni də cəmiyyət kimidi, yaranan münbit şərait bədəndə bioloji “partlayış”larla səbəb olur. Nəticədə də gecikmiş məhəbbətlər, gecikmiş vurulmalar, gecikmiş aşiq olmalar yaranır. Bu məhəbbətlər xoşbəxtlik və ya bədbəxtlik ehtimalları ilə sığortalanıb. Ailədəki narazı ərlə-arvad ayrı-ayrı şəxslər tapıb bioloji “ödəniş” borcunu verə bilər, hətta ailə də qurar. Bu olar xoşbəxtlik. Lakin arvadını özgə qucaqda görən kişi, arvadını qucaqlayan özgəni baltalayıb qətl törədər, özü isə ömürlük məhbəs həyatı yaşayar. Bu da olar bədbəxtlik.

Məhəbbət isə bütün bunlara baxmadan baş verən əbədi an qədər uzun bir xoşbəxtlikdi.

# 1935 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #