"Evdən qaçıb poçtalyonun qızına qoşulurdum"

"Evdən qaçıb poçtalyonun qızına qoşulurdum"
17 avqust 2013
# 07:15

Cavidan yazır


Paytaxtdan və onun uzaqdan canlı-hərəkətli görünməyə başlayan kitab sektorundan uzaq olsam da, həmkarlarım hərdən-hərdən öz kitablarından mənə yollayırlar, alıb xəbər tuta bilirəm yaradıcılıqlarından.

Ya da əlimi pul qabıma uzadıb, sifariş edirəm kitabları poçt xidməti ilə.

Amma bu, mən özüm də yazaram və yeni kitab almadığım aylarda yeni qızıl dəsti almayan burjuy qadınları ilə eyni hissləri yaşayıram deyə, belədir.

Bəs tanıdığım onlarla, yüzlərlə yazar olmayanlar?

Onların içində bir gün kitab oxumasa, qəzet almasa, susuz-havasız qalmış kimi çırpınanları da vardı axı.

İlin-günün bu saatında da evlərində vaxtilə bölgənin kitab mağazalarından aldıqları kitabları taxçada, rəfdə qoruyan insanlar az deyil.

Əsasən orta yaşlı, kifayət qədər intellekti və dünyagörüşü olan, orta məktəb dövrünü və ya tələbəliyini SSRİ-də keçirənlərdir onlar.

Həyatlarının ən gözəl illəri Qarabağ savaşında pərən-pərən olan, kitablardan oxuyub, filmlərdən gördüklərini birdən-birə öz real həyatında yaşamağa vadar olanlar.

Bura əlifba dəyişikliyinin gətirdiyi diskomfortu da əlavə etsək...

Bax o zaman bizim – bu gün Azərbaycanda ruhunu ədəbiyyata verib, ürəyinin gücünü yazıya xərcləyən yazarların potensial oxucularının kimlər olduğunu və harada gizləndiklərini anlaya bilərik.

***

Kənd kitabxanalarının fəaliyyət göstərmədiyini hamımız bilirik.

Sussaq da, susmasaq da, bu, faktdır və məncə bu faktla hamımız da barışmışıq.

Niyə barışdığımızı bilməsək də.

Belə kitabxanalardan birinin müdiri ilə danışdım bu günlərdə.

- Sovetin vaxtında kitabxanaya o qədər adam gəlirdi ki, demək olar ki, bütün kəndlərdə əhalinin səksən faizi kitab oxuyurdu. Müəllimlər, həkimlər, fəhlələr, məktəblilər... Adamlar indi çox narahatdırlar, kitabı tamam unudublar. Siz təsəvvür eləyin, tarlada-kolxoz sahələrində səhər saat səkkizdən axşama kimi torpaqla-əkinlə əlləşən fəhlələr belə gündəlik mətbuatdan və yeni nəşr olunmuş kitablardan məlumatlı olurdular. Biz hər gün, istirahət saatında plan üzrə sahələrə gedirdik, onlar üçün ucadan qəzetləri oxuyurduq, kitabları təqdim edirdik, barələrində qısa arayışlar verirdik, kitabxanaya iş vaxtına görə gəlmək imkanı olmayan o adamlar üçün elə oradaca anketlər açır, kitablar yazırdıq adlarına. Belə məlumatlandırılırdı adamlar, nağıl danışmıram ki, öz gördüyüm işdən bəhs edirəm. Amma indi... mən də kitabxanamı aylarla açmıram, açanda da kim gəlir ki, kim oxuyur ki? Ehh...

***

Yadıma uşaq vaxtı evdən qaçaraq, kəndimizin poçtalyonunun qızına qoşulub adamlara qəzet, məktub payladığım vaxtlar düşür.

Elə qapı yox idi ki, üç-dörd qəzet bükülüsü ilişdirməyək.

Elə ev yox idi ki, orada kitab oxunmasın, kitab alınmasın.

Elə kənd yox idi ki, fəhlələrini-kəndlilərini avtobuslarla rayon mərkəzindəki Dram teatrına, Bakıdan və ya SSRİ-nin digər respublikalarının paytaxtlarından gələn tamaşa və konsertlərə aparmasınlar.

Adamları mədəni olmağa, mədəniyyəti sevməyə doğrudanmı zorla alışdırırdılar?

Neyləyək indi?

Kitablarımızı kütləvi nəqliyyat vasitələrində, bazar içində, futbol stadionlarında bağıra-bağıra oxumağa başlayaq bəlkə?

Məncə, yeri olar.

Hardasan, ay oxucu?

Yerini de, gəlirəm!

# 3911 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #