Tanımadığın qadın səndən uşaq istəyəndə

Tanımadığın qadın səndən uşaq istəyəndə
5 avqust 2013
# 07:45

Bir neçə il əvvəl belə bir fikir yayılmışdı: Markes Azərbaycanda yaşayasaydı gündə bir əsər yazardı.

Səbəb çox sadə idi. Çünki Azərbaycanda o qədər absurd, qələmə gələn, sosial problemlərdən doğan bədbəxt hadisələr baş verir ki, kiçicik yazıçı bacarığı olan bir adam belə bu mövzulardan gözəl bədii əsərlər yarada bilər.

Bu fikirdən bir neçə il keçib. Bəs istedadlı nəsr əsərləri necə yaranıbmı? Nəticələr kitab vitrinlərindəndi. Məncə nümunələr barmaqla sayıla biləcək qədərdi.

Elə Frans Höhlerin ”Qapı döyülür” romanını da bu niyyətlə oxudum? Görəsən müasir dünyada yazıçılar nə yazırlar, nədən yazırlar?

Frans Höhler müasir İsveçrə ədəbiyyatının ən tanınmış yazarlarından biridir. 1943-cü ildə anadan olub. Bu günə qədər çoxsaylı romanlar, hekayələr, uşaq kitabları və pyeslər yazıb. Arada film də çəkib. Ən məşhur sayılan “Totemügerli” əsərində nağıl qəhrəmanının sərgüzəştləri təsvir olunub.

“Qapı döyülür” romanının qəhrəmanı Manuel Ritter loru dildə desək lor (burun-qulaq) həkimidir.

O, yaxşı təhsil almışdı. Arzusu öz peşəsində layiqli bir səviyyəyə çatmaq və ailə səadətinə qovuşmaqdır. Demək olar ki, arzuladıqlarının ikisinə də nail oldu.

Sevdiyi, ailə qurduğu qadın var. Ondan iki uşağı da olub. Ailəsinə və işinə aludə olan Ritter Yuliyanı tanıyandan sonra heç bir qadınla yaxınlıq etməyib. Heç bu barədə düşünmür də.

Və günlərin bir günü qəfildən bir qadın peyda olaraq ondan uşaq sahibi olmağı arzuladığını deyir. Başqa heç nə, uşağa qalandan sonra qadın onunla heç vaxt əlaqə saxlamayacaq.

Ritter etiraz edir. Kim qadın cilvəsi qarşısında tap gətirər ki? Naməlum xanımın əlləri boynunda gəzən kimi bədəni alovlanır və bu ehtiraslı qadını qucağına alaraq iş otağına keçir.

Bir il sonra Manuel qucağında körpə qız uşağı tutmuş həmin qadının şəkli olan açıqca alır. Bundan sonra bir daha qızı haqda məlumat almır.

Belə bir hadisə başqa adamın həyatında baş versəydi, sevincindən bu bəxtəvərliyi dostları ilə bölüşərdilər. O isə utandığından bu barədə heç kəsə demir. Hətta bunu arvadına söyləməyi özünə mənəvi borc bilir: “Fəqət bu da var idi ki, Manuel yad bir qadınla qoruyucu vasitə olmadan əlaqəyə girmişdi və bu əlaqə nəticəsində hər-hansı bir zöhrəvi xəstəliyə tutula bilərdi. Elə olan halda bunu mütləq arvadına etiraf etməliydi.”

Bütün ömrü boyu o qızın bir gün qapını döyəcəyindən təşvişə düşən Manuel qəribə xəstəliyə də düçar olur. Qulağında səslər peyda olur, ona həmişə elə gəlir ki, qapı döyülür.

Bir gün doğurdan da qapı döyülür. Bu odur. Maunelin heç vaxt xəbər tutmadığı və bu uşağın əmələ gəlməsində sadəcə olaraq sperma bankı və ya “kəl” rolunu oynadığı uşağı Manuela qapıdadır.

Əsər belə sonluqla bitir: Avtomobil qəzasına düşmüş Manuel ayılandan sonra ailəsinə deyir ki, mən mütləq danışmalıyam.

Vəssəlam. Heç bir dərin dram yox, konflikt yox. Cəmi 96 səhifəlik bir roman.

Olduqca süni, qeyri-təbii təsir bağışlayır. Yahu, bu cür də roman mövzusu olarmı? Müəllif baş qəhrəmanın həyatına başqa bir qadını da sanki süni bir yolla pərçim edib. Elə bil, Manuelin ömür boyu bir dərdi olmayıb, oturub qızının nə vaxtsa qapını döyəcəyini gözləyib.

Belə də roman olarmı? Bu nə farsdı, bu nə avantüradı, demək istəyirsən. Amma birdən yadına düşür; bu ki, İsveçrə romanıdır.

Dünyanın ən sakit ölkələrindən biri. Sosial həyatın olduqca yüksək səviyyədə təmin olunduğu ölkələrdən biri. İnsanların ən konfortlu həyat yaşadığı ölkələrdən biri.

Burada insanlar problem əlindən qaçmaq üçün deyil, yüksək dərəcəli kapitalist həyatının gətirdiyi tənhalıq mərəzindən qurtulmaq üçün intihar edirlər.

Bu ölkənin kişiləri işləmək üçün Rusiyaya gedib, orada saysız-hesabsız törəmələr qoyub gəlmirlər (və bu onları heç vaxt narahat etmir).

Bu ölkədə arvad işləmək istədiyinə görə ər onu bıçaqlamır.

Bu ölkədə qız onu sevdiyinə ərə verməyəcəklərinə görə intihar etmir.

Bu ölkədə oğlan sevdiyi ilə nişanlanmağa pul tapmadığına görə özünə qəsd eləmir.

Bu ölkədə abituriyent kitabça almağa 1 manata tapa bilmədiyi üçün özünü asmır.

Bu ölkədə ər-arvad dalaşanda kişi qəzəblənib arvadı baltalamır.

Bu cür həyat dramlarından yoxsul bir ölkənin romanlarından da dərin psixoloji, sosial konfliktlər, sarsıdıcı ailə dramları gözləmək də yersiz olardı.

Hans Xristian Anderson deyirdi: “Həyatın özünün yaratdığı nağıllardan yaxşısı yoxdur”. Qoca nağılbaz haqlıymış. İsveçrə həyatı ancaq belə bir nağıl uydura bilərdi.

# 4178 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #