Bizə insan lazımdır, yoxsa qəhrəman?!

Bizə insan lazımdır, yoxsa qəhrəman?!
26 fevral 2014
# 14:39

Aliyə yazır...

Təqvimimizdə qara haşiyəli günlər çoxdur. Əlbəttə, biz o faciələri qeyd etməli, xatırlamalıyıq. Amma necə? O dəhşətli şəkillərə baxmaq olmur. Amma o şəkillərdən, o sənədli kadrlardan başqa göstərməyə az qala heç nə tapılmır. Telekanallar adətən eyni filmləri verir. Həmişə, nədənsə məhz bu günlərdə vurğulanır ki, kinomuz bu ağrını yaddaşına köçürə bilməyib.

Bu mövzuda müsabiqələr keçirilib, layihələr dəstəklənib, amma ortada ciddi film yoxdur. Bizim müharibə filmlərimiz münaqişəyə necə yanaşmaq aspektində gəlib dalana dirənir. Bir film sanki bu mövzuda bir model təklif edir və ya finalı ilə bu əhvalatların necə bitəcəyinə proqnoz verir. “Fəryad”, “Yalan” və bəlkə unutduğum bir-iki film xaric, bütün müharibəli filmlər əvvəl-axır bu xəstəliyə tutulur. Niyə? Çünki müharibə filmi çəkmək asan deyil. Axı “kino təbliğat vasitəsidir”, bilmək olmaz, bu müharibənin axırı necə qurtaracaq, necə davam edəcək…

Düzdür, bilmək olmaz. Amma bir şey dəqiqdir: o film insanı, onun həyatını, faciəsini dərinliyinə kimi göstərməlidir. Nəinki, dodağının boyası belə pozulmamış Məleykə Əsədovanın erməni əsirliyində namusu ləkələnməsin deyə özünü öldürən qəhrəmanını. Ya torpaqları azad etmək kimi bir arzunu başı müsibətlər çəkmiş balaca oğlanın çiyninə qoymağı (“Biz qayıdacağıq”). Və ya erməni əsirini ərini itirmiş azərbaycanlı qadınının evinə salan reallıqdan uzaq bir əhvalatı (“Girov”)…

Şərif Ağayarın Xocalı faciəsinin sağ qalmış qurbanlarından biri ilə müsahibəsi var idi. Oğlanın danışdıqlarına heç nə əlavə etmək lazım deyildi - Şərif də onun danışdıqlarını film kimi təsvir etmişdi: “Təsəvvür edin, 14 yaşınız var, qarlı-çovğunlu bir qış səhəri dağların meşədən nisbətən təmizlənmiş geniş yaxasında ailəlikcə qaçaqaçdasınız. Qəflətən camaatla birlikdə sizi aypara kimi mühasirəyə alan əsgərlər atəşə başlayır. Yaşlı atanızın və ananızın harada qaldığını bilmirsiz, eləcə qışqıra-qışqıra yaxınlıqdakı çayın yamacına tərəf yüyürürsüz və təsadüf sizi bu güllə yağışından - bəndələrin düzəltdiyi Qiyamətdən xilas edir. Qulaqlarınız batır və ağlaya-ağlaya çay yenişə tanımadığınız istiqamətə qaçırsız. Bəzən ayağınız sürüşür, çaya yıxılırsız, islanmış bədəniniz daha çox üşüyür. Göz yaşınız yanağınızda donur. Amma, tanrı sizə qüvvət verir və tək-tənha qaçıb xilas ola bilirsiz.”

Qalanını da Tofiq adlı o oğlan özü danışmışdı: “Səhər idi. Gördüm kəndə oxşar nəsə var. Bir kişi də qabağında iki inək gedir. Yaxınlaşdım. Kişi vəziyyətimi görəndə çaşdı. Yaxınlaşıb mənə nəsə dedi. Ağzı tərpəndi, səsi çıxmadı. Əvvəl elə bildim kişi laldır. Hannan-hana anladım ki, güllə səslərindən qulaqlarım batıb! Üç gün heç nə eşitmədim…”

Sadəcə bunu çəkmək olmazmı?

İlqar Mehdiyev! Sonadək vuruşdu, düşmənə əyilmədi, düşmən qarşısında bayrağını uca tutdu. Hər adamın işi deyil, əsirlikdə düşmənə nifrətini ifadə etsin. İşgəncələri gözə alaraq... Məsələ bununla bitsəydi nə vardı? Sonralar mətbuat İlqar Mehdiyev haqqında qəhrəmanlıq dastanının ardınca oğlunun terrorçu olduğunu yazdı. İttiham sübut olundu və adamı həbs etdilər. Bir film üçün bu qədər hadisə bəs deyilmi? Həyatın ziddiyyətləri, reallığın xəncər soyuqluğu...

Əlbəttə, çəkmək olar. Amma nə bilirsən ki, rejissor onu saxta vətənpərvərlik pafosu ilə yükləməyəcək? Və ya lirik xitablarda bulunmayacaq? İnsanın yerində müsbət və mənfi qəhrəman yaratmayacaq? Saxta milli təəssübkeşliklə yükləməyəcək? Və müharibədən, haqsızlıqdan əziyyət çəkən insanı görəndə üzünü - kamerasını yana çevirəcək?

Hər dəfə “niyə bizdə bu faciələri çatdıran film yoxdur?” sualı ilə rastlaşanda yadıma gördüyüm bir əhvalat düşür:

Ortada bir ölü var idi, arvadlar qışqırıb üz cırandan sonra, ölünü həyətə yumağa düşürdülər. Elə bil onlar bayaqdan bir küncdə oturan, susub büzüşmüş qızcığazı - mərhumənin qızını indicə gördülər: “Ay bala, sən nöş ağlamırsan, anan ölməyib? Başqa bir qarnı şallı xala daha möhkəm təpindi: “Aaaaz, ağla da! Dilin yoxdu? Lal qarğa kimi niyə oturmusan?” Sonra daha da büzüşüb az qala yox olmaq istəyən qızı unudub ikibir-üçbir qeybətləşməyə başladılar. Arvadların birini də pəncərəyə gözətçi qoydular: “Kişilər mafəni götürən kimi xəbər elə! Çıxıb qışqıraq! Yazıqdı, urvatlı yola salaq!”.

Bax belə.

# 2767 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #