Əziz ayda kafir kitabı oxumaq qadağası

Əziz ayda kafir kitabı oxumaq qadağası
27 yanvar 2014
# 14:25

Cavid Zeynallı yazır

Binə qəsəbəsindən “metro Qarayev”ə gedən bir yorğun avtobus var – “160”. Yağış demir, qar bilmir, şütüyür o məşhur prospektlə; yayın it incidən istisində onu yol-rizlə qol-boyun, təpəsi tüstülənən görərsən. Onu ağaclar da tanıyır, yollar da. Bir də gördün, keçidlər uzaqdan əl salladılar, salam yolladılar. Oturacaqları kir içində, üst-başı nimdaş, sahibi özündən beşbetər pinti-pələş.

Tələsdimi, insaf bilməz, iman saymaz – Südçülük sovxozunun 70-lərdən nişanə qalan darmadağın yollarında bu yorğun qocanın amanını kəsər, nəfəs dərməyinə imkan verməz. Budu ha, “160” o əzgin-əzəmətli görkəmiylə dayanacaqda peyda oldu, polis serjantı səsini atdı başına, taksilərin canına vəlvələ düşdü. Onun gecikməyi bir manatlıq taksilərin sevinməyi, xəmirinin gül açmağı deməkdi. Elə ki qapılar bağlandı, bizi mənzil başına çatdıran bu yollar aşiqinin bir başqa dünyası başlayır. “160” Binə camaatının taleyidir – qayda-qanunu ilə barışıb, qarşısında boyun əydiyi taleyi.

“160” mənə evin böyük qardaşını xatırladır – nə ki yük var, alır çiyninə, qəddi əyilsə də, özünü sındırmır, qaməti həmişə şaxdır. Bu böyük qəsəbənin kədərli camaatına, kasıb sakinlərinə “160” qədər can yandıran, dəmir sındıran varmı? Yox! Razı olmaz ki, kimsə yolda qalsın, soyuğa-istiyə düşsün.

“160”-da maraqlı söhbətlər olur. Elə söhbətlər ki, adamın matı-qutu quruyur, əli üzündə qalır. Məsələn, o gün nə eşitsəm yaxşıdır: iki nəfər söhbət edir, pis çıxmasın, mənim də gözüm kitabda, qulağım onlardadır. Belə başa düşdüm ki, Avropada oxuyan yaxın adamları gəlib, ona qonaqlıq vermək istəyirlər. Söhbət gəlib çıxır çörək almağın üstünə. Biri o birinə:

- Çörəyi hardan alacaqsan?

- Ağabaladan alaq də... Onsuz da, borcumuz var ona. Yazdıraq dəftərə, getsin.

- Zavod çörəyi alma, Nisəgildən təndir çörəyi alaq. İsti-isti, ləzzət edəcək.

- Ala, yox, dəlisən?

- Nolub ki?

- Ala, Parisdən gəlib təndir çörəyi yeyəcək? O boyda Parisdən gəlib ee... Türk çörəyi alarıq.

Bir də gördün, bizim bu qoca və yorğun avtobusda 10 qəpiyin üstündə dava-qırğın düşdü. Kişi deyərəm, kimsə Qarayevdə avtobusa minib Suraxanı keçidində düşəndə 20 qəpik versin. Bahoo, sürücü boğazının damarlarını şişirdəcək, nəfəsi kəsilənə qədər deyinəcək, sonra əlini sükana çırpıb şikayətlənəcək ki, şoferlik havaxtdan kişi sənəti olub ee, tüpürüm belə işin içinə. Hələ dalına qulaq as: bir də gördün, sürücünün ürəyi dözmədi, sükanın arxasından hoppanıb düşdü qapının ağzına və:

- Suraxanıda düşəcəkdinsə, - dedi, - day “160”-a niyə minirsən? On dənə avtobus gəlir, onların birinə niyə minmirsən?

- Gəlib səni çığnıyaram haa, deyəsən, sən məni tanımırsan.

Kimsə arxadan dillənir: ay oğul, 10 qəpiy onun burnundan gəlsin, sür gedək, başına dönüm.

Binə camaatı qatı şiədir. Məhərrəm ayı gəldimi, “160”-dan mərsiyə səsi əskik olmaz. Bir dəfə yaşlı bir qadını mərsiyəyə qulaq asıb xısın-xısın ağlayan gördüm. Qadın mənə pəsdən dedi:

- Bala, ona de, səsini bir az artırsın, sümüyüm qızır...

Binə qəsəbəsindən metro Qarayevə gedən bir yorğun avtobus var – “160”. Yağış demir, qar bilmir, şütüyür o məşhur prospektlə; yayın it incidən istisində onu yol-rizlə qol-boyun, təpəsi tüstülənən görərsən...

Mənim 160-da kitab oxumaq kimi axmaq xasiyyətim var. Jorji Amadunun seçilmiş əsərlərini vərəqləyəndə ağsaqqallardan biri əlimdəki kitaba işarə ilə nə desə yaxşıdır: ay oğul, heç olmasa, bu əziz ayda kafir kitabı oxuma.

Biri də yadıma düşdü, yazım, sağollaşaq. Binə camaatı kasıb camaatdır, zülmlə dolanırlar, əllərinin qabarı adamın ürəyini ağrıdır. Günlərin birində torbasında balta-çəkic olan, gözü mürgülü bir adamın əlində nə görsəm yaxşıdır: Dostoyevskinin “Alçaldılmış və təhqir edilmiş insanlar” romanını... Bir bu yorğun adama, bir də əlindəki kitaba baxdım. Və bu vaxt kişiyə zəng gəldi:

- ... Yoxdu? Ət yoxdu? ... Hə, ... Nə vaxt gəliblər? Gülü, qulaq as, xozeyndən pul ala bilməmişəm, onları bir təhər yola sal, mən bir az ləngiyərəm. Telefonumu söndürəcəm, soruşsalar de ki, təzə iş götürüblər, Fatmayıdadır, gec gələcək. Yaxşı, yaxşı...

Avtobusdan şairanə girişlə başladığım yazı hardan-hara gəldi. Sözümüz sözdür: “160” Binə camaatının taleyidir – qayda-qanunu ilə barışıb, qarşısında boyun əydiyi taleyi.

# 2234 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #