“Qoşulub qaçmayan qız”ın faciəsi...

“Qoşulub qaçmayan qız”ın faciəsi...
17 sentyabr 2013
# 11:42

Kənan Hacı yazır

Son bir ay ərzində Azərbaycan ədəbiyyatının son dövrdə yaranan ən maraqlı nümunələrini oxudum. Həmin əsərlərin adlarını çəkmirəm, yaxın zamanlarda onların hər biri haqqında ayrıca yazılar yazmaq haqda düşünürəm. Oxuduğum əsərlərdən ən çox diqqətimi çəkən hamımızın təndiqçi, ədəbiyyatşünas kimi tanıdığı Rəhim Əliyevin “Qoşulub qaçmayan qız” romanı oldu.

Rəhim müəllim haqqında vaxtilə ayrıca bir yazı yazmışam və həmin yazıda bu ağırtaxtalı kişiylə bizi bir-birinə bağlayan doğmalığın səbəblərini çözələmişəm. İndi yenidən təkrara rəvac görmürəm və “Taleyin sözü”, “Ədəbiyyat nəzəriyyəsi”, “Sözün mifi” kitablarından sonra fərqli ampluada, nəsrin ən ağır sahəsi sayılan roman janrında qələmə aldığı əsəri oxuduqdan sonra bu əsər haqda təəssüratlarımı isti-isti bölüşmək istəyirəm.

Mənim üçün yaxşı əsər oxucunu yormayan, bezdirməyən, birnəfəsə oxunan əsərdir. Rəhim Əliyevin “Yazı” jurnalının 2, 3, 4-cü saylarında hissə-hissə dərc olunmuş “Qoşulub qaçmayan qız” romanı elə ilk cümlələrdən oxucunu yaxşı mənada tora salır. Yüyrək dildə yazılmış roman sona qədər oxucunu intizarda saxlayır, hər hadisə gözlənilməz bir sonluqla başa çatır.

Roman bir generalın ailəsindən, ailədaxili münaqişələrin, cəmiyyətdən bütünlüklə təcrid olunmuş bu ailənin generalın yeniyetmə qızının psixikasında yaratdığı pozuntulardan və nəticədə böyük faciələrə səbəb olmasından bəhs edir.

Əsərin süjet xətti də həmin generalın qızı Çiçəyin taleyi üzərində qurulub. Bu qızın hər şeyi var, amma bircə azadlığı yoxdur. Ona adicə mobil telefon işlətməyə belə icazə verilmir, evdən çölə izacəsiz çıxa bilmir, beləcə, qızın yaşıdları ilə ünsiyyətində də ciddi problemlər yaranır, o, tədricən özünə qapanır, insanlarla ünsiyyətdən qaçır.

Ailəyə yaxın olan Lala adlı bir qadın gizlicə ona pornoqrafik kasetlər verir və həmin kasetlərə çox vaxt birlikdə baxırlar. Təbii ki, öz yeniyetməlik dövrünü normal keçirə bilməyən, öz yaşıdlarından uzaq düşmüş, oğlanlarla münasibətin nə demək olduğunu anlamayan qız onda baş qaldırmaqda olan cinsi istəklərini heç cür ovuda bilmir. Nəticədə qızı universitetə aparıb gətirən sürücüyə özünü bilməyərəkdən təslim edir...

Çiçəyin atası vaxtilə kənddəki fermada malotaran olmuşdu, sonra traktor sürməklə ailəsini dolandırırdı. Hər şey Nərağa müəllimin onların həyətinə gəlməsindən sonra başladı, yüksək vəzifə sahibi olan bu adam Çiçəyin atası Məhəri pillə-pillə irəli çəkdikcə bu ailənin qara günləri başlandı. Yazıçı insan münasibətlərinin mürəkkəb, ziddiyyətli, bəzən heç bir məntiqə sığmayan qatlarına enir, mühitin yetişdirdiyi, daha sonra isə məhv etdiyi insanların faciəsini cəmiyyətin fonunda təsvir edir. Başda Çiçək olmaqla onun qondarma əri Əlqəmə, Pərviz həkim, mebel mağazasında gözətçi işləyən Hüseyn, küçə fahişəsi Könül bu mühitin qurbanlarıdırlar.

Romanda hadisələr sürətlə inkişaf edir. Zəhmindən hamının zağ-zağ əsdiyi generalın qızını gecə küçədən tutub aparan polis serjantları onu ucuz fahişələrdən hesab edib elə post patrul xidmətinin maşınındaca zorlayırlar və onu Qızıldaşdakı Dəri-Zöhrəvi Xəstəliklər Dispanserinə aparırlar. Burda qıza olmazın işgəncələr verilir, daha təhqiramiz formada zorlanır, döyülür...

Bu köməksiz qızcığaz bir-birinin ardınca psixoloji travmalar alır və nəticədə qorxunc yuxularının əsirinə çevrilir. Mənəvi-psixi sarsıntının ən kritik anında bu çarəsiz qız atasını arzulayır. Atası isə ailəsindən, “madar balası”ndan tamamilə uzaq düşüb, o, qızının mənəvi iztirablarını duymaq, anlamaq iqtidarında deyil... Vəzifə hərisliyi onun gözlərinə, ağlına qalın bir tor çəkib.

“Qoşulub qaçmayan qız” iri həcmli, çoxplanlı əsərdir. Əsərdə təsvir olunan mühitin ağır və ürək bulandıran havası adamı boğur, mənəvi ekoloji durum dözülməz dərəcədə ağırdır. Yazıçı hadisələrə zərrə qədər də müdaxilə etmir, qəhrəmanları boyasız-filansız, təxəyyülündə gördüyü kimi, yalnız və yalnız təsvir edir.

Ən iyrənc məqamları belə təsvir etməkdən çəkinmir. Nəticəni oxucunun öhdəsinə buraxır. Situasiya dəyişdikcə adamların iç üzü açılır, xarakterlərin bədbəxtlik və xoşbəxtlik dərəcələri bu situasiyalarla ölçülür.

Əsəri oxuyub bitirdim və düşündüm ki, yaşadığımız cəmiyyətdə Çiçək taleyini yaşayan qızlar az deyil...

# 3386 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #