İstidi, çox istidi. Elə bil cəhənnəmdi. Elə bil oturduğum avtobus bir azdan cəhənnəmə yola düşəcək.
Aşağıda bir oğlan uşağı su satır, bir qız uşağı dilənir. Qışqırmaqdan boğazının damarları çıxmış bir kişi avtobusa adam çağırır.
Dilənçi qız gəlib avtobusun açıq qapısından başını içəri uzadır. Qapının yanında oturmuş kişi əlini dilənçi qızın qarşısında açır. Qız diksinib geri çəkilir. Kişi şaqqanaq çəkir:
- Görürsən, pul vermək necə çətindi? Can verməkdən də çətindi.
Dilənçi qız gedib su satan oğlanın yanında dayanır, su içir, nə isə deyir, gülüşürlər. Mən bu hissi yaxşı tanıyıram, həyatı paylaşmaq istəyini. Bu hamıda eynidi, elə dilənçilərdə də. Mənə elə gəlir ki, bu qızı çoxdan tanıyıram. Sanki onun həyatından da bir parça yaşamışam.
Avtobus yola düşən kimi sürücü radionun səsini ərşə qaldırır. Artıq sürücüylə sərnişinlərin zövqü üst-üstə düşməyə məhkumdur. Sərnişinlər hamısı eyni cür xəyala dalıblar. Ən azı yol bitincə, mahnı susunca. Onların xəbəri yoxdu ki, bir-birlərinə necə bənzəyirlər. Mən bu adamları yaxşı tanıyıram, gör neçə ildir, onlarla yol gedirəm. Sanki hamısının həyatından bir parça yaşamışam.
İstidi çox, istidi. Sərnişinlərin ən kiçiyi- iki-üç yaşlı qız uşağı dayanmadan ağlayır. Qəfəsə salınmış vəhşi heyvan balası kimi çırpınır. Yəqin bu onun ilk məhkumiyyətidi, ona görə. Yəqin ona da elə gəlir ki, cəhənnəmdədi.
Avqustun sonlarıdı, 20 Yanvar dairəsində tıxacdı. Günorta konserti, uşaq çığırtısı, bir də ki, adamı hövsələdən çıxaran o səs. Yol polisinin səsi. Zalım oğlu, elə qışqırır ki, elə bil özündən başqa hamı günahkardı, sanki günəbaxan zəmisindən sərçə qovur:
-Dairədən çıxmayın! Dairədən çıxmayın!
Rəhmətliyin oğlu, kimdi dairədən çıxan?! Bu istidə kimin həvəsi var, dairədən çıxsın?! Hamı dairədədi, qorxma. Bircə bu uşaqdı, məhbəs qapısı döyəcləyirmış kimi yumruqlarıyla avtobusun pəncərəsini döyəcləyir. O da balacadı ona görə.
Tezliklə o da böyüyəcək. Tezliklə o da anlayacaq ki, bu dünya bir dairədi, bu dairədə qapı axtarmağa dəyməz. Anlayacaq ki, bu dünyada heç bir çıxış yolu yoxdur.
Bəlkə də, elə yaxşı ki, yoxdu. Əgər olsaydı, kim bilir, orda necə bir tıxac yaranardı...
Çıxış yolunda tıxac
24 avqust 2012
06:00
3005 dəfə oxunub
Oxşar xəbərlər
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024