Vicdansız ingilislər, namussuz ruslar

Vicdansız ingilislər, namussuz ruslar
8 iyun 2018
# 11:40

Mirmehdi Ağaoğlu

Bu yaxınlarda bizim binada oğurluq hadisəsi baş verib: Qonşunun oğlunun velosipedini oğurlayıblar. Qapının ağzında bir yerə qıfıllayıbmış. Kilidini qırıb aparıblar. Özü də deyəsən gündüzün günorta çağı.

Məsələ burasındadır ki, binanın çıxışında kamera quraşdırılıb və türklər demiş, kayıtlara baxıblar, ancaq heç bir şübhəli şəxsə rast gəlməyiblər. Belə çıxır, velosipedi oğurlayan bina sakinidir.

“Allah bilir gündə əlli dəfə rastlaşıb salamlaşırıq velosiped oğrusu ilə. O da üzümüzə baxıb irişir, ancaq biz onun velosiped oğurlayan şşşərəfsiz olduğunu bilmirik.”

Başqa bir qonşumdu, “şərəfsiz” sözünün “ş”sını qaynada-qaynada deyən. O qədər yanıqlıdır ki, hirsini “ş” hərfindən çıxır. Niyə oğruya bu qədər qəzəblidir? Velosipedi oğurlanan uşaq qan xərçəngi imiş. Bunu deyib siqaretindən dərin bir qullab alır, bir anlıq fasilə... və tüstünü burnundan elə hikkəylə buraxır, elə bil samovar dudkeşidir.

Onu deyim, elə samovarı da uzaqda deyil, sözəbaxan küçüklər kimi bir qədər aralıda boynunu qısıb dayanıb. Qonşum hava qaralan kimi binanın arxasındakı şenlikdə dəstgah düzəltmişdi, indi də samovarı “qoltuğunda” yuxarı qalxırdı, blokun ağzında məni görüb dərdləşmək istəyib.

Bir də görürəm samovar dudkeşsizdi. Amma soruşmağa macal vermir, özü deyir: “Əclaflar samovarın dudkeşini oğurlayıblar. Axı bu dudkeşin mahiyyəti nədir? Hisli-misli şeydir.” Bunu deyib siqaretini atmaq üçün üzünü binaya yox, tam əksinə küçə tərəfə tutur, dörd tərəfdən bizi əhatə edən binalara, məsum-məsum işıq saçan küçə lampalarına, yoldan keçən maşınlara bir anlıq göz gəzdirib təəssüflə başını bulayır: “Bu azərbaycanlılar düzələn deyil də.”

Elə bil azərbaycanlı bu binalar, işıqlar, yollardı...

Elə bil təqsirkar bu binalar, işıqlar, yollardı...

O danışdıqca mənim yadıma bir süjet düşür. Hansısa Avropa ölkəsidir. Deyəsən, İslandiya, amma fərq etməz, İngiltərə də ola bilər, Fransa da, Almaniya da... Kənd yeri. Küçəyə taxtadan düzəltmə vitrin qoyulub, ağzında siyirmə şüşələri. Vitrinin içinə kartof, soğan, pomidor, xiyar, yumurta, süd, xülasə kənd məhsulları düzülüb. Deyəsən, dediyim süjet sizin də yadınıza düşdü. Hər nə isə, mən sözümə davam edim. Təbii ki, məhsulların hər birinin üzərinə qiyməti yazılıb. Bir tərəfdə isə tərəzi qoyulub. Sözümün canı nədir? Satıcı yoxdur. Hər kim istəyirsə yaxınlaşıb alacağı məhsulu çəkib qiymətini hesablayır, lazımı məbləği elə siyirmənin içinə qoyulmuş balaca daxıl-kassaya atır.

Məhsulları nə gəlib oğurlayan var, nə də bizdəkinin əksinə olaraq tərəzidə satıcıya kəf gələn. Hər şey öz qaydası ilə gedir, elə bil Allah öz mələklərindən bir cütünü göndərib orda ilahi mizan-tərəzi qurub. Əlbəttə istisnalar ola bilər, kimsə tamahkarlığına salıb zənbilinə iki kartof artıq atar, ancaq belə görünür ki, oralarda bu cür şeylər baş vermir deyə bu satış metodu müvəffəqiyyətlə davam edir.

Bizdə belə şey olsaydı o şeyləri vitrin qarışıq əkişdirərdilər.

Yazıya velosipedlə başlamışkən, onunla da davam edək.

Bunu dostum bir neçə il əvvəl danışıb.

Xarici gəmilərdə yükboşaldan işləyən azərbaycanlılar elə ki, Hollandiya, Danimarka və başqa Avropa ölkələrinin limanlarına yan alırlar, boşaldacaqları yükü boşaldıb, yükləyəcəkləri yükü yükləyib üz qoyurlar şəhərə. Orda da velosipedlər adətən pulsuz olur, sadəcə dayanacaqlarda simvolik məbləğdə pulu aparata ödəyib velosipedi icarəyə götürürsən. Mənzil başına çatanda isə müvafiq dayanacağa velosipedi qoyub pulunu geri alırsan. Yəni sözün qısası havayı gedib-gəlirsən. Bəs bizimkilər nə edir? Pulu ödəyib hərəsi bir velosiped götürür. Bəzən “pasadka”ya salıb ikisini götürən də olur. Sürə-sürə limana gətirirlər. Orda velosipedi hissələrə ayıraraq, gəmiyə keçirib kayutda gizlədirlər. Gəmi Türkiyəyə qayıdandan sonra isə velosipedi təzədən yığıb hazır vəziyyətdə satırlar. Elələri olur ki, şəhərdə əlinə nə keçdi götürür; zibil qabı, küçə lampası və sair.

Bu Avropa, bu onun gəldiyi səviyyə, yaşam tərzi, bu da azərbaycanlının onunla rəftarı.

Mütəxəssislərdən eşitdiyimə görə ingilislərdə “vicdan”, “tərbiyə”, ruslar və başqa xalqlarda isə “namus” sözü yoxdur (ən azından birə-bir qarşılığı yoxdur).

Olmasın.

Vicdan da, tərbiyə də, namus da sözdə olacağına qoy elə əməldə olsun.

Bəlkə onda nəsə düzələ.

# 1769 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #