20 manata xırdası olmayan “Azdrama”

20 manata xırdası olmayan “Azdrama”
23 oktyabr 2015
# 15:33

Azərbaycanda çoxlu məbədlər. Və bu məbədlərin də baş məbədləri var. Məsələn, elmimizin baş məbədi Azərbaycan Milli Elmlər Akademiyasıdır. Musiqimizin baş məbədi Bakı Musiqi Akademiyası və s.

Amma bu gün milli teatrımızın baş məbədindən danışacam. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından yəni. Daha doğrusu, orada müşahidə etdiyim və məni çox incidən bir hadisədən. Dünən “Azdrama”da "Generalın son əmri" tamaşasına baxmağa getmişdim. Əməkdar incəsənət xadimi, xalq şairi, dramaturq Vaqif Səmədoğlunun bu əsərinə yenə də əməkdar incəsənət xadimi, xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu (Mirzoyev) quruluş verib. Elə tamaşaya da məni Ramiz Həsənoğlu dəvət etmişdi. O, mənə "Gəlin sizi qarşılayacam" dedi. Mənsə, "Yox, siz zəhmət çəkməyin, özüm gəlib içəri keçəcəm, tamaşadan sonra görüşərək" dedim. Beləliklə, işdən sonra getdim “Azdrama”ya.

Tamaşaya təxminən 10 dəqiqə qalmış kassaya yaxınlaşdım. Ramiz müəllimin "qarşılayacam" deyəndə nəyə işarə etdiyini bilirdim. Amma mən bilet almaq istəyirdim. Cüzi də olsa tamaşada əməyi keçən hər kəsin zəhmətini öz səviyyəmdə bir tamaşaçı kimi maddi qiymətləndirmək istəyirdim. Nə isə. Kassaya yaxınlaşdım. Orada işləyən xanımın dediyindən öyrəndim ki, biletin qiyməti sıradan asılı olaraq 6-10 manat arası dəyişir. Əslində hansı sırada oturacağımın önəmi yox idi mənim üçün. Sakit bir tərəfdə tək oturub səhnədə baş verənləri seyr etmək onsuz da mənim köhnə adətimdir. Amma yenə də kassirə (həmin vaxt kassada olan çox xoş bir xanım idi) 20 manat uzadıb 10 manatlıq bilet istədim. Xanım masanın siyirtməsinə baxıb "xırdanız yoxdu?" deyə məndən soruşdu. Yox - dedim-təəssüf ki, xırdam yoxdur. Xanım siyirmədə nə pul var idisə, götürüb baxdı, sonra mənə çevrilib dedi ki, xırda yoxdur. Kassadan ayrılıb teatrın giriş qapısına yaxınlaşdım. Qapıdakılara "Məni Ramiz müəllim dəvət edib" deyib içəri keçdim. Tamaşanın başlamasına az qalmış Ramiz Həsənoğlu ilə görüşüb boş sıralardan birində oturdum...

Deyim ki, tamaşa çox xoşuma gəldi. Həm əsər, həm quruluş, həm də əlbəttə ki, aktyorların ifası (ölkənin sayılıb-seçilən sənətkarlı oynayır bu tamasada) yüksək səviyyədə idi. Hər halda “Azdrama”dan həmişə gözlənilən də bu olmalıdır. Nə isə. Tamaşa haqqında çox danışmaq fikrim yoxdur. Bircə onu deyəcəm ki, çox zövq aldım və elə orada da düşündüm ki, sənətə, ümumiyyətlə incəsənətə dəyər verən (bu həm də özünə dəyər verməkdir), hərdən əsil insan kimi istirahət etmək istəyən kəslər gəlib bu tamaşaya baxmalıdırlar (deyim ki, mən hərdən teatra gedirəm, amma daha tez-tez gedəcəm bundan sonra). Bir sözlə "Generalın son əmri"ndən çox məmnun qaldım. Amma “Azdrama”dan ayrılanda məni səhnədən çox kassada müşahidə etdiyim vəziyyət düşündürürdü (əlbəttə ki, bu düşüncənin də mahiyyətində səhnədə seyr etdiyim gözəl tamaşanın təəssüratı dayanırdı).

Məsələ burasındadır ki, tamaşaya baxmağa gələnlər var idi. Yəni "zal yarısına qədər boş idi" deməkdənsə, "zal yarısına qədər dolu idi" deyəlim. Amma belə anladım ki, heç də hamı bilet alıb içəri keçməyib. Yəni dəvətnamə ilə gələnlər də bilet alanlardan az olmayıb. Əlbəttə, bu da olmalıdır. Heç bir iradım yoxdur bu məsələ ilə bağlı “Azdrama”ya. Məni mütəəssir edən kassadakı vəziyyət idi. Səhnədə o cür tamaşa oynanılacaq, amma kassada 20 manatı xırdalamağa qadir olan hər cür əskinası əhatə edəcək qədər pul yığılmayıb. Deyə bilərsiniz ki, bəlkə kassadakı pulların hamısı böyük əsginaslar imiş. Razıyam. Deyək ki, orada yığılan pulun 200 manatı 20 və 50 manatlıq əsginaslardan ibarət olub. Amma bir 30 manat da 1-5-10 manatlıq əsginaslardan ibarət olmalı idi də məntiqlə. Yəni ən azı kassada 10 manat düzəldilə biləcək xırda pul olmalı idi mənə qaytarmaq üçün. Yox idi. Və bu biz tamaşaçıların teatra getməyimizin, daha doğrusu getməməyimizin statistik göstəricisi idi həm də.

Düzü, bu çox pisimə gəldi. Elə ona görə də bu yazını yazmaya bilmədim. Bunu deməklə mən özümüzə - yəni tamaşaçılara səslənirəm. Doğrudanmı biz öz dünyagörüşümüz, mənəvi dünyamız, mədəni istirahətimiz və indiki dönəmdə ən başlıcası teatrımız, səhnəmiz, səhnə adamlarımızın tükənməməsi üçün hərdən 6 manat xərcləməyəcək qədər laqeyd olmuşuq? Məncə yox. Sadəcə görünür bunu bizə xatırlatmaq lazımdır. Mən indi xatırladıram: gəlin, ayda bir dəfə (lap iki-üç ayda bir dəfə də olar) özümüzə və milli mədəniyyətimizə sərf etməyə cüzi pul və 1-2 saat vaxt ayıraq. Bu həm də bizim bir toplum kimi fədakar sənət adamlarımıza maddi və mənəvi dayaq olmağımıza təkan verə bilər.

Söhbətimin əvvəlində dediyim kimi ölkəmizdə çoxlu məbədlər var. İrili-xırdalı müqəddəs məbədlər. Teatrlar da bu məbədlərdəndir. Məsələn, “Azdrama”nı götürək (amma deyəcəklərim bütün teatrlara aiddir). “Azdrama” baş məbəddir. Orada qalıb işləməkdə davam edən sənətkarlarsa, sadiq və fədakar kahinlər. Hər tamaşanın quruluşçu rejissoru baş kahindir. Qoyulan əsərin müəllifi səhnədəkilərin Tanrısı. Baş kahin tanrının iradəsini ortaya qoyur, kahinlərsə onu icra edirlər. Bura qədər məbəddə hər şey qaydasındadır. Qalır bircə bütün bu müqəddəsliyi seyr edən, yəni hərdən məbədə getmək borcunu yerinə yetirməyi həyat tərzinə çevirən insanların - tamaşaçıların sayının artması.

Dediyim odur ki, hərdən məbədə gedin, Tanrının dediklərini baş kahinin necə təqdim etdiyini, kahinlərin yazılanı necə icra etdiklərini öz gözlərinizlə görün.

İnanın ki, ordan ayrılanda özünüz də sevinəcəksiniz ki, nə yaxşı bu məmləkətin teatr adlı məbədləri var. Nə yaxşı ki, orada hələ də kahinlər qalıb. Və nə yaxşı ki, o kahinləri qoruyan bakirə duyğular var.

Kassaya gəlincə, kassa da qoy yaxşı mənada o məbədin nəzir qutusu olsun. Özümüzün və övladlarımızın mənəvi dünyasını zənginləşdirən vəsaitin toplandığı yer yəni...

# 2339 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #