Psixi xəstə olan qonşumuz və ev yiyəsi

Psixi xəstə olan qonşumuz və ev yiyəsi
11 sentyabr 2014
# 12:11

Dünən mən işdə olanda qonşu blokda yaşayan psixi xəstə qadın gəlib bizim qapını döyüb. O, əslində qapını döymür, bütün gücü ilə zərbələr endirir, görəndə ki, reaksiya yoxdur, qapının dəstəyinə elə bir gəliş gəlir ki, dəstək zar-zar “ağlayır”. Evdə valideynsiz olan iki uşaq hansı hallara düşür bu olaydan, təsəvvürünüzə gətirin.

Həm də bu ilk dəfə deyil, özü də məhz uşaqlar evdə tək olanda gəlir. Təbii ki, o, qadın bilmir evdə kim var, kim yox, sadəcə tutması tutur və öz mənzilindən çıxıb düşür qonşu qapıların canına. Qonşular artıq məsələdən çoxdan hali olduqları üçün təbii ki, ona qapı açan olmur. Dediklərinə görə, bir dəfə kimsə qapını açıb, qadın içəri soxulub və evdə sındırmadığı əşya qalmayıb. Eləsini saxlamaq qeyri-mümkündür, çox güclü olurlar. Onları yalnız məxsusi o işlə məşğul olanlar dayandıra bilər.

Dedim, ev yiyəsinə zəng eləyib məsələni danışım ona, qoy, bir əlac eləsin. Yəqin o qadının hansı mənzildə, kiminlə yaşadığını ev yiyəsi bilər. Adamlarına zəng vurub desin ki, onu bayıra buraxmasınlar. Ev yiyəsi həyəcanla məni dinləyəndən sonra “Eh, mən də qorxdum, dedim görən nə olub”-deyib etinasızlıqla əlavə etdi:

“Qonşu blokda birinci mərtəbədə tək yaşayır həmin qadın, neçə illərdir psixi xəstədir, heç kimi də yoxdur. Uşaqlara tapşır qorxmasınlar”.

Bayaqdan psixi xəstəyə əsəbiləşmişdim, indi evini bizə kirayəyə verən bu ziyalı sayılan qadının reaksiyası mənə od qoydu. “Psixi xəstə niyə evdə tək yaşamalıdır?”, “Birdən gecənin birində elə öz mənzilinə od vurdu?”, “Niyə cəmiyyətdə bu kimi problemlər öz həllini tapmır, kimsəni düşündürmür?” kimi suallar da məni narahat etmədi. Daha doğrusu, ev yiyəsinin verdiyi reaksiya bu problemi gözümdə kiçiltdi.

Deməli, əgər mən ona zəng vurub evdə “oboy sökülüb”, nə bilim “su kranı qırılıb” desəydim bu onun üçün dəhşətli xəbər olardı. Mənim də işim-gücüm yoxmuş kimi buna zəng vurub deyirəm ki, uşaqlar evdə tək olurlar, psixi xəstə qapını “sındırıb” onları qorxudur, bunun qarşısını necə almaq olar? Təbii ki, öz evinin əşyaları, “oboy”u onun üçün mənim uşaqlarımdan daha vacibdir.

Axı, bizim cəmiyyətdə hələ də kirayə verən kirayə qalana təhkimçisi, qulu, daha nə bilim nəyi kimi baxır. Daha düşüncəsi çatmır özü-özünə desin:

- A balam, adam az qala bir aylıq maaşını bu evdə qaldığı üçün mənə ödəyir. Qaldığı müddətdə bu ev onundur, orda özünün sərbəst, rahat, nəzarətsiz hiss etməyə haqqı var, çünki bunun üçün ödəniş edir, yoxsa elə ödəniş etmədən küçədə, vağzalda qalardı də.

Qonşudakı psixi xəstə barədə sən mənə xəbərdarlıq etməli idin, etməmisən, indi onun zərərsizləşdirilməsi üçün mənə yardım etməyə borclusan. Yoxsa “uşağa de qorxmasınla” məsələ bitmir axı. Uşaq artıq qorxub.

Gülməlidir hə, qlobal məsələdən xırdaçılığa keçdim? Hansı hal daha təhlükəlidir – psixi xəstənin binada bir evdə tək-tənha, nəzarətsiz yaşaması, yoxsa ev sahiblərinin kirayəşinlərə ikinci dərəcəli adammış kimi baxmaları?

# 3024 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #