Facebookda ərinə “canım” yazanlar

Facebookda ərinə “canım” yazanlar
8 iyul 2014
# 10:55

Texniki sivilizasiyanın ən gözəl nümunəsi cib telefonudur. Sovet dönəmində telefonlardan nələr çəkdiyimizi xatırlayanlar çox olar. Hələ bir vay ondaydı durub Moskvaya və ya digər respublikaya danışasan. İki-üç günün rabitə şöbəsində keçməliydi, orda sıravi işçidən müdirinə kimi xahiş eləməli, sonda təpikləşməli, yumruqlaşmalı, söyüşməliydin və nəhayət səni üç-beş dəqiqəliyə Moskvadakı qohumunla danışdırırdılar. Həm də necə? Sən Azərbaycanın əyalət mərkəzinin rabitə şöbəsində bar-bar bağırırdın, qohumun da Moskvanın hansısa rabitə şöbəsində. Nə sən onu eşidirdin, nə də o səni. Hər halda şöbədən razılıq, az qala qələbə hissiylə çıxırdın. Danışa bilmişdin, ən əsası da səsi gəlirdi, demək, sağ-salamat idi.

Cib telefonu isə başqa məsələ. Nə biriylə təpikləşmək lazım gəlir, nə də yumruqlaşmaq, yığ nömrəni, dünyanın hansı ölkəsinə istəyirsən danış. Həm də necə danışırsan? Elə bil Kanadadakı qohumun oturub səninlə üzbəüz, söhbət eləyirsiniz. Hələ bir görüntülü danışmağı demirəm.

Heyf texniki sivilizasiyanın bu gözəl nümunəsinin alçaq cəhətləri də var. Bu gözəl nümunə həyatımızın özəlliyinə, şəxsiliyinə həyasızcasına, kobudcasına, ölçü-biçi gözləmədən müdaxilə eləyir. Öz texniki əllərini uzadır, sənin özəlliyini mühafizə eləyən pərdəni çəkir və özəlliyin az qala hamının görüntü və düşüncə obyektinə çevrilir. Sən yeyib-içdiyin, gəzdiyin, dolaşdığın, yatdığın, iş gördüyün yerdə texniki nümunə cingildəyir. Sən də hardasan, nə iş görürsən, o səslər nədir, orda nəyə gülürlər və sair bu kimi ciyərini yandıran, təpəndən tüstü çıxardan suallara cavab vermək zorunda qalırsan. İndi kim durub harda olduğunu, nə iş gördüyünü olduğu kimi deyər? İnsanları zorla yalan danışmağa məcbur eləmək bu gözəl nümunənin ən alçaq cəhətinin bariz nümunəsidir.

Hələ bu harasıdır. Sən özəl həyatını yad baxışlardan qorumaq, gizləmək istəyirsən. Amma bir də onda ayılırsan hardasa çay kənarında, dağ başında, körpü üstündə, restoranda, pivə stolu arxasında və sairdə çəkilən şəkillərin feysdən boy verdi. Yazıçımız çay sahilində xəyala dalarkən, yazıçımız sərin pivənin dadına baxarkən, restoranda dostlarıyla yeyib-içərkən! Qənaətimcə yuxarıda bir az abartdım, əslində isə gözəl nümunənin ən alçaq cəhətinin bariz nümunəsi məncə bu olmalı!

Yeri gəlmişkən çay sahilində xəyala dalıb eləyən olmayıb, nəyə görə də heç yerdə yox, gedib məhz çay sahilində xəyala dalmalıymışıq? Pivənin dadına baxmaq isə təkcə texniki nümunənin yox, bu şəkli paylaşanın da düşük hərəkətinin bariz nümunəsidir. Orda biz pivənin dadına baxıb eləməmişik. Sadəcə pivə içmişik. Noxudla və ya duzlu balıqla. Bunca bəsit!

Ədəbiyyatda yeni cərəyanlar, məktəblər açan xeyli yazıçılar var və olub. Əziz Nesin, Maksim Qorki, Paustovski, Eko, Markes, Kundera, Paviç, Şoloxov (Çox istəsəm də öz yazıçılarımızdan nümunə gətirə bilmədiyimə görə üzüldüyümü təəssüf hissiylə qeyd eləyirəm). Böyük insanlar böyük istedadlarının sayəsində yeni cığırlar açır, özlərindən sonra gələnlərin işini asanlaşdırırlar. Yəni, sənin üçün artıq nümunə var, bax, gör necə yazırlar. Sən yalnız yaxşı mənada təsirlənə bilərsən, daha təqlid eləyə bilməzsən. Amma nələr olur? Ədəbiyyata bir sürü mini nesinlər, markeslər, ekolar, kunderalar doluşur. Sürüylə gəlirlər. Hara baxırsan, haranı axtarırsan qarşına bir mini şoloxov, mini paviç çıxır. Məntiq hardadır? Maksi Nesin maksi işlər görübsə, mini nesin yalnız mini işlər görə bilər. Elə isə mini nesin olmağa dəyərmi? Ədəbiyyata gələn hər kəs böyük işlər görmək ümidiylə gəlir, amma mini filankəs olmağa qərar verirsə, necə böyük işlər görə bilər? Minilər heç vaxt maksi işlər görə bilmirlər!

Mən feysdə bütün jurnalistləri, yazıçıları, şairləri, söz, sənət adamlarını, azından oxucularımı, kitab oxuyanları öz dostlarım kimi görmək istəyirəm. Kimsənin xətrinə dəymək istəmirəm, kitab oxumayanları, başqa peşənin adamlarını dostluğumda görməkdən xoşlanmıram. Çünki məqsədim burda yazılarımı paylaşmaq, dostlarımın paylaşdıqları yazıları oxumaq, onların hadisələrə, ədəbiyyata münasibətlərini öyrənməkdir. Kitaba dəxli olmayan adamla yazı paylaşmağın, dostluq eləməyin bir mənası varmı?

Burda da yeni cərəyanlar, məktəblər açan çoxdur. İlk öncə istedadını, yazılarını yüksək dəyərləndirdiyim, bir söz, yazı adamı kimi özümə doğma bildiyim Sevinc Çılğın feysdə öz məktəbini açdı. Onun ailəsi, balaları, qohumlarıyla bağlı paylaşdığı şəkillər, statuslar səmimiyyətinə, təbiiliyinə görə həmişə rəğbətlə qarşılandı. Xüsusi ilə əyalət adamlarının gözündə başqa bir sivilizasiyanın adamı olan bu qızın cəsarətli, özəl baxışları, özəl münasibətləri hədsiz maraqlı idi. Onun statuslarından yumor, fərəh, sevinc aşıb-daşırdı. Gözəl nümunə idi!

Amma sonra nələr oldu? Bir də onda gözümüzü açıb feysin Sevinc Çılğını təqlid eləyənlər ordusu ilə dolduğunu gördük. Bu təqlidçilər təkcə balalarıyla, qohumlarıyla, dostlarıyla şəkillərini yox, düşük statuslarını da paylaşmağa başladılar. Sən özün düşük, bəs balanın adından necə belə düşük status yazarsan? O bir uşaq, o statusu yazmağa sənin öz təfəkkürün çatmaz, amma sən onu bizə dünən dil açan uşağının adıyla sırıyırsan! Bunun qurama, yalan olduğunu özün də bilirsən, bunu oxuyan hər kəs də. Mən bu yaşa gəldim, kimsənin ad gününü təbrik eləyəndə elə sözləri, cümlələri tapa bilmədim, amma bağça uşağı tapdı? Uşağın yanağını zorla öz üzünə elə sıxıb ki, uşağın gözləri hədəqəsindən çıxıb. Az qala bizlərdən onu anasının əllərindən qurtaraq deyə kömək istəyir. Bəs xanım dostumuz bu mənzərəni necə izhar eləyir, sən demə uşaq deyirmiş: «Canım annecim, nə yaxşı ki, varsın!»

Hələ bu harasıdır? Əriylə, nişanlısıyla qucaqlaşdıqları, öpüşdükləri yerdə fotolarını paylaşan bu təqlidçilər fotolarına necə statuslar yazmağa başladılarsa, oxuyanda ətim çimçəşdi. «Həyatım», «Canım», «Gözümün işığı», «Bir tanəm».

Allah xatirinə bir az ciddi olun! Bir beş-on metr kənara çəkilib, özünüzə kənardan baxın. Bizdə həyat yoldaşına həyatım, canım, canımın içi, gözümün işığı deyən kimmiş?

Bir yazı adamı gün ərzində necə iyirmi-otuz status yaza bilər? Adam, bu qədər vaxtını sənə heç nə verməyəcək statuslara sərf eləyincə, oturub əməlli-başlı bir yazı yaza bilərsən. Hökməndimi, olmaya Mark qardaşımızın qarşısında bir öhdəçiliyin var?

Ümumiyyətlə mənim başa düşmədiyim bu. Feysdə heç bir yazı, status paylaşmayan, ancaq və ancaq özlərinin süzgün, xumar baxışlı fotolarını paylaşan xanımların məqsədi nədir? Mən bu axşam ona yaxın belə dostumu sildim.

Bir də zorlama, şiddət, insest xəbərlərini, videolarını saytlarda, feysdə yayanları, az qala təbliğ eləyənləri başa düşmürəm. Adam qatil, manyak, psix, beyni, başı pozulub, bəs sənin ondan fərqin nədir? Özümüzdəkilər azlıq eləyirmiş, axtarıb Rusiyada, Türkiyədə, dünyanın başqa ölkələrindəki olayları da tapıb yayırsınız. Bu kimi xəbərlərlə altşüurda minlərlə yeni ocaqlar yaratdığınızın, təhlükəli epidemiyalar yaydığınızın və bu ocaqların məhz sizin günahınız ucbatından nə vaxtsa alışacağının, bu epidemiyaların yayılacağının fərqindəmisiniz?

Bu yazımla kimsənin xətrinə dəymədiyimə, yalnız və yalnız kimlərəsə fayda verəcəyimə ümid eləyirəm. Çünki yazını məhz bu ümidlə yazmışam.

# 3146 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #