“Gözlənilməz görüş”ün şifrələri

“Gözlənilməz görüş”ün şifrələri
12 dekabr 2012
# 19:30

Təxminən bir il bundan əvvəl Qan Turalı ilə “Beş qazan” adlı kafedə oturub siqaret tüstülədə-tüstülədə yaradıcılıqdan, ədəbiyyatdan və yazarlarımızın bu günkü durumundan danışırdıq. Jurnalistlərdən biri Turala zəng elədi və onun “Anarla çay içmək” ideyası ilə bağlı açıqlama aldı. Səhəri gün başqa bir qəzetin əməkdaşı mənə zəng elədi və Turalın bu fikri ilə bağlı münasibətimi soruşdu. Mən o zaman bu ideyanı dəstəklədiyimi, Anarla və Azərbaycan Yazıçılar Birliyi ilə gənc, müstəqil yazarlar arasında qovğanın bitməsində maraqlı olduğumu söylədim. Bu gün də bir il əvvəl söylədiyim fikrin arxasındayam. Necə ki, Tural da fikirlərinin arxasındadır.

Ədəbi mühitə gec qoşulsam da, Anarla, Rəşad Məcidlə, Elçin Hüseyinbəyli ilə, dolayısıyla AYB ilə heç vaxt ulduzum barışmayıb. Əlimə qələm alan gündən AYB-ni və onun üzdə olan emissarlarını tənqid etmişəm.

Amma AYB-də Səlim Babullaoğlu, Eyyub Qiyas, Qismət, Cavid Zeynallı, Əsəd Cahangir, dünyasını dəyişmiş Zərdüşt Şəfi, Elnaz Eyvazlı, Rəbiqə Nazimqızı, Mövlud Mövlud kimi qələm adamları ilə də çox isti münasibətlərim olub. Hətta adını çəkdiyim şəxslərin çoxu ilə müsahibələrim, ədəbi söhbətlərim çap olunub.

AYB ilə qovğaya son qoymaq ideyasını Turalla da dartışmışıq və Turalın bu ideyasını ədəbiyyatımızın gələcəyi naminə dəstəkləmişəm. Turalın Anarla bir masa ətrafında əyləşmək istəyini də bu baxımdan uğurlu ideya hesab edirəm.

Bu günlərdə Qan Turalının Anardan müsahibə almağı ədəbi mühitdə bomba kimi partladı (Əslində mən bu görüşü müsahibə yox, ədəbi polemika, gənc qələm adamı ilə, yaşlı yazarın dartışması adlandırardım).

Əvvəlcə Qan Turalıya iradım : Məncə Tural Anarla görüşünə həsr etdiyi köşənin adını “Anarla necə çay içdim?” yox, “Anarla niyə çay içdim?” qoymalı, bu görüşlə bağlı düşüncələrini tam olaraq yazısında əks etdirməli idi. Təəssüf ki, dostum Tural bu məsələnin mahiyyətini tam olaraq açmayıb. Köşədə toxunduğu mətləblər şəxsən məni qane etmir. Yəni Turalın əsas qayəsi bu yazıda tam əks olunmayıb.

Əgər belə olmasaydı, dəyərli qələm adamları Rasim Qaraca, Aqşin Yenisey, Elnur Astanbəyli, Günel Mövlud qələmə sarılıb Turalı “ne prav” çıxarmağa çalışmazdı. Turalın Anarla söhbəti birmənalı olaraq ilin müsahibəsi, ilin ədəbi söhbəti sayıla bilər.

Ancaq Tural bu böyük addımına görə çox bəsit izahat verib. Bəli, Tural böyük bir missiyanın altına çiyinlərini təkbaşına verib və bunun davamı gəlməlidir. Mən Rasimin də, Elnurun da, Aqşinin də, Günelin də cığallığını başa düşürəm. Adını çəkdiklərim (Rasimdən başqa) müstəqil şəkildə fəaliyyət göstərən qələm adamlarıdır. Onların missiyası yazmaqdır. Amma Turalın (və Rasim Qaracanın) missiyası təkcə yazmaq deyil.

Çünki dərgi redaktoru olaraq onların ədəbi mühitə faydalı addımlarının olması vacibdir. Digərləri isə, bunu edib-etməməkdə sərbəstdir. Tural müsahibədən əvvəl çap olunan köşəsində arzulanan mətləblərə dolayısı yolla toxunub. Amma məncə missiyasını tam olaraq açmayıb. Bəli, Tural o adamdır ki, AYB və AYO arasında körpü yaratmağı bacarıb. O ədəbiyyat aləmində ilk dərgi redaktorudur ki, hər iki qurumun üzvlərini bir ocaq ətrafına yığmağı bacarıb və fərq qoymadan hər iki tərəfin qonorar almasını, yazılarının çap olunmasını təmin edib.

Anarla Turalın söhbəti mükəmməldir. Ən azından ona görə ki, Anar illər sonra Tural faktorunun varlığını və gücünü qəbul edib, onunla bu gərgin, polemik söhbətə razılaşıb. Verilən suallar və polemika olduqca mükəmməl və mübaliğəsiz olaraq əladır. Tural Anara qətiyyən uduzmayıb. Əksinə ona gücünü və savadını sübut edə bilib.

Əziz dostlar, bu müsahibə hər şeydən əvvəl iki yazıçının söhbətidir və tarixə düşəcəyinə qətiyyən şübhəm yoxdur. Etiraf edək ki, son illər heç kəs Anarla bu cür söhbət edə bilməyib.

Tural bacarıb. Anarın qəlyanın tüstüsü onun əhvalını qətiyyən korlamayıb. Anar nə qədər eqoist, nə qədər nataraz görünsə də Turalın bu addımı ədəbi mühitin “Anar mifi”ni dağıtdı.

Mən Turalın missiyasını alqışlayıram və davamını gözləyirəm.

Çünki bizim mübarizəmiz şəxslərlə deyil.

Estetik davalar isə hər zaman olacaq və ümid edirəm ki, kontekstdən çıxmayacaq.

# 2920 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #