Mollanı yas yerindən qaçırdan aktyor

Mollanı yas yerindən qaçırdan aktyor
22 dekabr 2017
# 11:13

Nadir hallarda ziyafətlərə, toy, yas mərasimlərinə gedirəm. Ziyafətlərdə saxta tostlardan sıxılıram, toylarda səsdən başım ağrıyır, yasda da mənfi enerjiylə yüklənirəm.

Axırıncı dəfə yasda on il əvvəl olmuşdum. Molla qadın Quran oxuyanda başını bağlamayan qadınlara, bizə dönüb amiranə səslə dedi:

- Başınızı bağlayın, günahdır!

O, Quran oxuyur, arada çönüb bizə boylanırdı. Mən heç nə olmamış kimi, onu cırnatmaq üçün gözlərimi vecsiz ifadəylə gözlərinə zilləmişdim. Oxusunu yarıda saxlayıb hikkəylə:

- Özünüz bilərsiz! Cəhənnəmdə yananda baxaram sizə!

Elə inamla dedi ki, sanki doğrudan da cəhənnəmi görüb gəlmişdi.

...Uzun fasilədən sonra yas mərasiminə getməli oldum. Yaxın rəfiqəmin anası dünyasını dəyişmişdi. Aktrisalar, rejissorlar, modelyerlər, sənətşünaslar, müğənnilərlə eyni masada idim.

Molla xanım mərasimi amiranə tərzdə səsləndirdiyi xahişlə açdı:

- Ev yiyəsi xahiş eləyib ki, ağlaşma qurmayım. Hərənin öz dərdi var, bizim dərdlə camaatı yükləmə. Quran oxuyacam. Xanımlar, sizdən xahişim var, nə desəm deyin “amin”, salavat çevirin və söhbətləşməyin.

Molla xanım dünyanın keçiciliyindən, tezliklə hamının öləcəyindən, kimilərin cəhənnəmə vasil olacağından, kimilərin cənnətdə yer alacağından danışanda yanımda oturan modelyer xanımın salfetlə gözlərini sildiyini gördüm.

- Yasda mollanın təsiri altına tez düşürəm. Hər şey mənasız gəlir. Qaramat basır məni, istəyirəm intihar edim.

- Ona qulaq asınca halvadan ye, ləzzətlidir- incə nimçədəki halvanı artıq yarı eləmişdim.

- Ürəyim gedir halva üçün – əlini uzadıb, halvanı qaşıqladı, - Güllü xala elə yaxşı qadın idi (mərhumə nəzərdə tutulur), yumoru da gözəl idi, insanları da gözəl görürdü.

Elə bu dəmdə molla mərhumənin ruhuna dua oxuyanda qulağımı bir söz aldı:

- Xoşbəxt getdi. Qocalıb qarıyanlardan olmadı. Ruhu şad olsun! “Amin” deyin!

Amin demək istəyirdim ki, qarşımda oturan aktrisa:

- Seva, Zvyagintsevin bir filminə baxdım.

- “Sevgisizlik”?

- Yox, ona baxmışdım, amansız filmdir. Ancaq o amansızlıqda qəribə bir yumşaqlıq var.

Molla:

- Salavat çevirin!

Aktrisa salavat çevirə-çevirə:

- “Qayıdış”ın kastinqinə baxdım. Rejissor uşaqlarla necə danışırdı... O balaca oğulu oynayan əslində özünü oynayıb, ona görə də daha səmimidir.

Molla yenə təpindi:

- Allahu əkbər deyin!!!

Mən yanımdakı modelyerə:

- Plov gəlsəydi yeyərdik. Nahar da eləməmişəm. Yasın plovu da gözəl olur.

O, saatına baxdı:

- Bir saata gələr, sən hələlik bunlarla başını qarışdır - süfrədəki şor qoğala, şəkərburaya işarə edir.

Molla:

- Eşitmirəm xanımlar! Allah əkbər deyin!

Bu dəmdə məclisə məşhur müğənnilərdən biri təşrif buyuranda mollanın üzü və səsi mülayimləşdi:

- Məclisimizə mötəbər qonağımız buyurub.

Allah ölənlərinizə rəhmət eləsin. Mən İlhamə Quliyevanın anasının da yasını aparmışam.

Üzünü yenə məclis əhlinə tutdu:

- Xanımlar! İnsan ki öldü, gecə ki düşdü, elə bil Sirat körpüsündən gedirsən, gedirsən, altdan odlar qalxır, insanlar orda ah-nalə edib yanırlar. Sirat körpüsündən keçdin keçdin, keçmədin cəhənnəm odunda yanırsan.

- Bilmirəm üzümdəki ləkə nədəndir, gündən olar? - o başdan gənc rejissorun səsi gəlir.

- Bayıra çıxanda krem çək də - yanında oturan tele-aparıcı məsləhət verdi.

- Molla da adamı depressiyaya salır. Mənim tamaşam bundan maraqlıdır. Onu elə burda göstərsəydilər, camaat katarsis keçirəydi.

Sol böyrümdə oturan teatr tənqidçisi rəfiqəmin hüznlü səslə qulağıma pıçıldayır:

- Sən öləndə Mişel kimi ölmək istəyəcəksən. Amma son nəfəsdə ağzını Mişel kimi büzmək imkanın olmayacaq. Qodar bizə baxıb deyər ki, siz elə filmə çəkiləsi adamsız, sizlə ciddi söhbət alına bilməz.

Molla:

- Xanımlar, danışmayın. Mən oxumuram e, qışqırıram. Sizin səsinizdən qışqırmağa məcburam, öz səsim başıma düşür.

Qısa sükut yarandı.

Molla:

- İndi ev yiyəsi dedi ki, xanımlar söhbətləşmək istəyir. Yaxşı, söhbət eləyin. Bir azdan plov gələcək. Amma əvvəl Quran oxuyacam. Söhbətinizi eləyin indi.

Hamı rahat nəfəs aldı, gülümsündü və məclis qızışdı...

Az sonra yenə mollanın səsi gəldi:

- Xanımlar, plov da gəlir. Ehsanımızı yeməzdən əvvəl Quran oxuyacam. Amin deyin.

- Siz aktrisasız? - müğənni xanım təbəssümlə mənə baxdı.

- Yox.

- Məncə, aktrisa olun, özü də Pantomima Teatrında. Orada nəsə eləməyinizə gərək yoxdur, elə əlinizin birini yuxarı qaldırıb, digərini belinizə qoysanız bəsdir, sizə baxacaqlar.

Mollanın deyintisi söhbətimizi kəsdi:

- Xanımlar danışmayın, Amin deyin! Vallah mən belə məclis görməmişəm! Siz nətəhər adamsız. Adam yerinə qoymursuz məni. Gəlmişəmsə, gərək məclisi aparım axı. Belə çıxır mən heç kiməm.

Molla sözünü bitirməmiş masanın o başında kimsə qıyya çəkdi az qala:

- Aaa gör Hikmət nə yazıb?

- Hikmət kimdir?

- Rəhimov. Statusunda Müşfiq Hətəmovu biabır edib!

- Baxım.

- Vayyy!

- Dəhşət!

Hamının başı statusun müzakirəsinə qarışdı. Sonra kinonun və teatrın problemlərinə keçdik. Plovdan yeyə-yeyə danışıb-danışıb yorulduq. Bir də baxdıq ki, molla məclisi vaxtından əvvəl tərk edib...

# 1988 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #