Broyler toyuqlarının dəhşətli sirri

Broyler toyuqlarının dəhşətli sirri
27 yanvar 2015
# 11:55

Son vaxtlar daha çox sənədli filmlərə baxıram. Məni sənədli filmlər bədii filmlərdən daha çox təsirləndirir. Bəlkə, də müvəqqəti həvəsdir. Bəlkə də həqiqəti bütün çılpaqlığı ilə görmək məqamı yetişib.

Məsələn “Qida” sənədli filmi. Bu Amerika, qismən isə digər ölkələrin yeyinti sənayesi haqqında filmdir. Bu filmə baxdıqda yediyimiz və içdiyimiz qidaların nə qədər zərərli olduğunu görürsən.

Marketlərin divarına vurulmuş yamyaşıl çəmənliklərdə otlayan inək plakatları ilə ağartı məhsullarının arasında bir əlaqə varmı sizcə? Qətiyyən. Ağartısını, ətini yediyimiz inəklər ömrü boyu heç bir qıça ot da gövşəməyiblər. Onların yedikləri ancaq qarğıdalıdan hazırlanmış yeməkdir. Vəssalam. Şəkillərdə gördüyünüz o yaşıl çəmənliklərə inanmayın.

Artıq qida rasionumuzda oturuşmuş, heç vaxt gün üzü görməyən broyler toyuqları üç aya kökəlməli olduqları halda müxtəlif dərman preparatları ilə bir aya kökəlirlər. Bu üsulla toyuq yetişdirmək istəməyən broyler sahiblərinin məhsullarını isə toyuq əti satan nəhəng şirkətlər almır. Razı olan sahibkarlara isə öz bankları vasitəsilə kreditlə broyler aparatlarını satırlar. Buna görə də həmin şirkətlərdən qorxan broyler sahibkarları filmdə görünməkdən imtina ediblər.

Və ya o boyda Amerikanı təkcə bir toxum şirkətinin əmtəə ilə təmin etdiyini bilirsinizmi? Dünyanın ən güclü dövlətini mal və toyuq əti ilə təmin edən şirkətlərin sayı necə, çoxdurmu sizcə? Üç-ya dörd. Sadəcə gülməlidir.

Kapitalist sistemin tamamən oturuşduğu Amerika nümunəsindən məsələ aydın olur. Artıq məqsəd insana təmiz, normal qida vermək yox, müxtəlif texnoloji vasitələrlə əmələ gələn qida məhsullarına “ticari görkəm” verib onları insanlara sırımaqdır.

Yediyimiz bu zərərli qidaların nəticəsində müxtəlif xəstəliklərə tutuluruq. Sonra elə bu kapitalist sistemin xəstəxana və klinikalarında müalicə alırıq. Beləcə bu dairəvi sistem davam edir. Belə çıxır ki, bizim həyatımızın mənası işləyib pul qazanmaq və bu pulu təzədən sistem üçün xərcləməkdir.

Belə olanda “Teksun”la nehrə yağının fərqi yada düşür.

Köhnə “Qaz-24”-də alma gətirən, arabada məhlələri gəzib göy-göyərti satan adamlar görəndə hələ şükür eləməliyik.

Dünənsə başqa bir xəbərə rast gəldim. Nəhəng axtarış sistemi olan Google şirkəti istifadəçilər haqqında bütün məlumatlara malikdir.

Necə? Çox sadə şəkildə.

İllər ərzində bizim Google-da axtarış elədiyimiz hər bir sözü o, analiz edir, ələyir və beləliklə haqqımızda məlumatlara sahib olur. O, artıq xasiyyətimizin necə olması, hansı qidaları xoşlamağımız, pis vərdişlərimiz, intim düşüncələrimiz, mahnı, film zövqümüz, dünyagörüşümüz və sair haqqında müfəssəl məlumat bazasına sahib olur.

Bunu lazım gəldikdə istifadə etmirmi deyirsiz, əlbəttə edir.

Hələ mən yaxın illərdə insanlara xüsusi çiplərin yerləşdiriləcəyinin artıq xəyal olmadığını demirəm.

Qısacası istər-istəməz tam nəzarət altında oluruq. Tarixin heç bir dönəmində insan üzərində bu qədər nəzarət olmayıb.

Əlbəttə Cem Yılmaz demiş, piknikdə manqal yelpikləyən zaman çəkdirdiyimiz şəkil FTB-nin nəyinə lazımdır, amma...

Amma bu gün piknikdə manqal yelpikləyən adam sabah İŞİD-in tərkibində bina da partlada bilər. Onda bax onun nə vaxtsa manqal yelpikləməyi də gərək olur.

Qısacası artıq “1984” ən realist əsər, Corc Oruel isə ən realist yazıçıdır.

Açın o bənzərsiz əsəri bir daha oxuyun. Bax, onda Oruelin bizim çağdaş dünyamızı nə qədər dəqiqliyi ilə təsvir etdiyinin şahidi olacaqsınız. Özünüzü bir anlıq Uinston Smitin yerində hiss edəcəksiniz və hardansa o məşum səs eşidiləcək: “Siz artıq ölüsünüz!”

Belədə isə...

Yaşamaq şakaya gəlməz. Böyük ciddiyyətlə yaşamalıyıq. Sabah gözlərimizi yuxudan bir robot kimi açmamaq üçün...

# 2562 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #