Bir qadının dayanılmaz çəkiciliyi

Bir qadının dayanılmaz çəkiciliyi
22 iyul 2014
# 12:52

İbrahim Nəbioğlu

“Söylədiyiniz yalan nə qədər böyük olsa,

insanların ona inanması bir o qədər asan olur”.

Yozef Gebbels

Leni Rifenştalın memuarları əlimə təsadüfən keçmişdi. Kitabı (Leni Rifenştal: Memuarı//Moskva, Ladomir, 2006) nəfəsimi dərmədən və böyük bir keyflə oxudum. Kitab mənim deyildi, tətildə fərqli bir şey oxuyum deyə tanışımdan almışdım. Kitabı o qədər bəyəndim ki, “dalına keçmək istədim”, alınmadı, bitirib yiyəsinə geri verdim. Və bir müddətliyinə Rifenştalı unutdum…

Hitlerin sevimlisi, Gebbelsin məşuqəsi, görkəmli kino-rejissor, fotoqraf, aktrisa və rəqqasə. Bu ecazkar alman qadını 101 illik həyatında (1902-2003) görülməmiş tarixi hadisələrə şahid olmuş, dünyanın axışını dəyişdirəcək gücdə insanlarla təmas etmişdir. Di gəl ki, memuarları onun həyatını tam əhatə etməyib. Dünya kino tarixinin incilərindən sayılan monumental “Əzmin təntənəsi” filminin müəllifi nasist təbliğatına xidmətinə görə faşizmin süqutundan sonra 30 dəfə məhkəməyə cəlb edilmişdi. Hitlerin təbliğat maşınının aparıcı gücü olan Leni Rifenştal həbsdə, hətta psixiatriya xəstəxanasında belə yatmışdı. Onun qorxu və tərəddüdlərini anlamaq çətin deyil.

İllər sonra Leni belə yazırdı – “Mən Hitlerin təsiri altına düşdüyümü heç vaxt inkar etmədim, lakin onun şeytani əməllərini çox gec anladım”. Keçmişin o qaranlıq anlarından qaçmaq üçün kitabında daha çox uşaqlığı, ailəsi ilə bağlı xatirələrə yer verir, dövrünün məşhur sənət adamları ilə dostluğundan yazır. Hitler və onun 3 ən yaxın silahdaşı – Gebbels, Himmler, Geringlə yaxın əlaqələrini hər nə qədər açıq yazsa da, intim detallara girsə də, yenə çəkinir, səmimi deyil (Bu da anlaşılandır, çünki Rifenştal nasist Almaniyasının bu 4 “əjdəha”sının da məşuqəsi olmuşdu). Kitabın son bölümü Rifenştalın 50 yaşından sonrakı ekzotik hobbilərindən – Afrikadakı vəhşi insan qəbilələrini araşdırmaqdan, sualtı çəkilişlərdən bəhs edir.

Rusiyanın VQTRK media-holdinqinin “əcaib” qərarı 4 ay sonra mənə Rifenştalı yenidən xatırlatdı…

Media-holdinqin sosial şəbəkələrdən məsul bir qrup gənc çalışanı oktyabr çevrilişinin lideri Vladimir Leninin ölümünün 90-cı ili ərəfəsində “Dahilər Lenin haqda” adlı bir material işləyirlər. Bir sıra tanınmış siyasi xadimin Lenin haqda fikirlərini saytlarına yerləşdirirlər. Burada III Reyxin ən önəmli fiqurlarından biri, nasist Almaniyasının təbliğat naziri Yozef Gebbelsin də sözlərinə yer verirlər. Düz də edirlər, zira cəllad haqda kim cəlladdan yaxşı söz deyə bilər ki? Gebbels də “sağolmuş” Lenin haqda çox xoş sözlər sərf edir. Hər ikisi də eyni bezin qırağı deyildilərmi?

Gebbelsin “Dahilər” siyahısında verilməsi Rusiyada böyük etirazlara səbəb oldu. Və holdinqin rəhbərliyi sosial şəbəkələr şöbəsinin tamamını işdən atdı. Sual da verən olmadı ki, niyə, məsələn, Gebbelsdən iqtibas gətirmək olmaz, amma onun adaşı Stalindən olar. Lenin və Stalin nasistlərdən daha çox insan qırmışdılar.

Rifenştal düşdü yadıma, düşündüm ki, onun memuarlarının dərci vacib idi. Bəs Gebbelsin kitablarına nə deyəsən, niyə onun kitabları belə rezonans yaratdı? 26 yaşından gündəlik tutan Gebbelsin gündəlikləri 50 min (!) çap səhifəsindən ibarətdir. Bu dev arxivin ən maraqlı hissələri onun “Son qeydlər” (Геббельс Й. Последние записи. – Смоленск.: Русич, 1998) kitabında toplanıb. 2013-də isə ruslar Gebbelsin “Mixael” bioqrafik romanını (Йозеф Геббельс. Михаэль. Германская судьба в дневниковых листах // Москва: Алгоритм, 2013) çap ediblər.

“Dahilərin nəsri” seriyasında (burada da “dahi” – İ.N.) çıxan bu kitabı tapmaq mümkün deyil.

Telefonda nəşriyyatın müdirini tapdım. Dediyi bu oldu ki, kitab ilk zamanlarda yaxşı satılmırdı, məlum qalmaqalın başlaması ilə tirajın tamamı ikicə günə bitib. Sonra da əlavə etdi ki, kitab biznesinin qaydalarına görə, satılan kitab təkrar nəşrə gedir. Yenisindən mənə göndərəcəyinə söz verdi.

Ruslar da bir çoxları kimi “dahi” deyəndə ağıllarına ancaq müsbət və pozitiv olanlar gəlir. Halbuki, saysalar, qəddar, despot, diktator dahilər adil olanlardan daha çoxdurlar. Uzağa da getməsinlər, öz tarixləri buna ən yaxşı misaldır.

Tənqidçilər Leni Rifenştalın “Əzmin təntənəsi” və “Olimpiya” filmlərində Gebbelsi, Hitleri, nasist estetikasını və alman irqini göylərə qaldırdığını yazırlar. Zənnimcə, göylərə qalxan bu “femme fatale”ın özü və sənətidir.

Gebbelsi oxumaq lazımdır. Lenini, Trotskini, Stalini daha yaxından tanımaq üçün…

# 5368 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #