Səməd Səmədovun “nazlı yar”ı

Səməd Səmədovun “nazlı yar”ı
21 may 2014
# 13:20

Səməd Səmədovun “nazlı yar”ı

İkinci Yazı

Çox istəyirəm ki, havanın qaralmasına (bəzən lap qanımız kimi), küləyin qeybdən əsməsinə, suların axmasına və s. inandığınız kimi “MÜĞƏNNİLƏRİMİZ və MAHNILARIMIZ” layihəsinə Səməd Səmədovdan başladığımın məqsədli yox, tam təsadüf olduğuna inanasınız. İnanmasanız əgər, deyim, inanın. Deməli, bu yaxınlarda Rusiyaya səfərə çıxmışdım, qatarla. Yol yormasın deyə, mümkün vasitələrdən (ifadə heç xoşuma gəlmədi), yəni yolu qısaltmaq üçün ənənəvi metodlardan (hə, bu ifadə deyəsən uyğundu) istifadə etməyə qərar verdik, balaca stolun üstündə şadlıq saraylarımızdakı stolların üstündəki kimi barmaq basmağa yer qalmadığından içkiləri yerə transfer elədik. “Bir-iki, bizimki!” - deyib girişdik əhvalımızı köhnə saz kimi kökləməyə. Az keçməmiş radiodan musiqilər eşidilməyə başladı, nə başladı: çalan kim, oxuyan kim. Və nəhayət xalq artisti Səməd Səmədovun səsi kupemizə yol polisləri, gömrük işçiləri kimi daxil oldu. Mədənizdə nə varsa tökün stolun üstünə, beyninizdə nə varsa manqurtlaşın – bunları bizə Səmədin mahnısı deyir, özü də kefimizin bu Aşıq Əhliman vaxtında. Qaçmağa künc belə yoxdur, hər yer, yəni 18 vaqonluq qatar uzunluğunda səs, dinləməyə məhkumuq. Gömrükçülərin ölənlərinə bir rəhmət oxumaq vaxtıdır, yazıqlar gəlib çantalarımızın içinə baxıb getdilər, Səməd Səmədov isə əl çəkmək bilmir, içimizi laxladır.

Yarın gəlsə, naz eyləmə,
gülüzlü yarım bir bax mənə,
sən mənimsən, birdanəsən, yeganəsən,
istərdim evimizə gəlin gələsən.

Nəqərat gəlir, bəh-bəh:

Nazlı yarım,
şirin xəyalım,
aldın ixtiyarım…

Yuxarı mərtəbədə uzanmış ləzgi qardaşın bu mahnıya kef eləməsindən aradabir çırtma səsinin gəlməyilə xəbər tutduq, qoy eləsin, onsuz da nə oxuduğunu başa düşmür. Elə bu yerdə lətifələr danışmağın mahir ustası, tələbəlik dostum Muxtarın bir lətifəsini xatırlamadan sovuşsam, bilirəm ki, məni qınayacaqsınız. Muxtar danışır ki, bir ləzgi qardaş kupedə aşağıda uzanan yol yoldaşından xəbər alır:

- Can qardaş, haraya gedə varsınız?

- Saratova - cavabını alır. Ləzgi qardaş əllərini dizlərinə çırpıb nə desə yaxşıdır:

- Pah atoynan, bir kupenin yuxarı yeri Tümenə, aşağı yeri Saratova gedir, görün texnika nə qədər inkişaf eliyib bizim xəbərimiz olmayıb.


Aldı görək, ardı necə gəlir bu əsrarəngiz mətnə malik mahnının


Sənsiz nə gündüzüm var, nə gecəm,
inan mənə səni sevəcəyəm,
naz eyləmə yarım, bir mənə baxasan,
arzum budur anama gəlin olasan.

Ölənlərin behiştlik, ay Səməd Səmədov, bu mətnin müəllifi kimdirsə, gərək indiyə çoxdan xalq şairi adını alaydı, almayıbsa, sənədlərini təqdim eləsin AYB-yə, bu məsələ təki tez tapsın həllini.

Bu mətnin şeir kimi təhlilinə ayıracağım vaxta heyfim gəlir, axı, bu boyda nadanlıq olmaz, əzizlərim, əvvəla bu mətndə şeir adına bir misra belə yoxdur, bəs bəstəkar hara baxır, bəs xalq artisti adını almış müğənni niyə bu qədər savadsızdır (L.Zıkinanın, İ.Kobzonun, V.Tolkunova və başqalarının müsahibələrinin necə dolğun olduğundan xəbərsizlər), hansı haqla belə boz və mənasız mahnılarla zehnimizə, mənəviyyatımıza, kupemizə təcavüz edirlər.

Bircə özümü qatardan atmağa qalmışdı çarəm…

Lakin ata bilmədim, çünki bu mahnıya köklənmiş ləzgi qardaşımızın kefi pozula bilərdi…

P.S. Bir dəfə bəstəkar dostum Eldar Mahsurovla mahnı mətnlərinin bərbadlığından xeyli danışandan sonra dedi ki, artıq qatar gedib, bunu elə-belə xatırlamadım, haaa…

# 1518 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #