İntihar xəbərlərindən zövq alanlar

İntihar xəbərlərindən zövq alanlar
15 yanvar 2018
# 14:32

Günel Natiq

“Filankəs intihar etdi”... “Ömrünün ən bəhrəli çağında özünə qəsd etdi”... “Daha bir intihar xəbəri”...

“Bu xəbərlər məni sarsıdır, lütfən paylaşmayın”,- deyən dostumuzu anlayıram. Bu xəbərləri oxumaq həssas insanlara xüsusilə pis təsir edir, sinir sistemində problemlər yaradır.

Psixologiyada başqalarının enerjisini mənimsəyən insanlara “vampir” deyilir. Bizi saran aləmdə enerji mübadiləsi gedir, ağaclar bir-birini tozlandırdığı kimi insanlar da fərqində olmadan bir-birlərinə enerji ötürürlər.

Amma vampirlərin öz yaşam şərtləri var. Onların enerji sahəsi qapalıdır, ona görə digərlərinin enerjisi ilə bəslənməli olurlar. Onlarla təmasda olan adam birdən-birə halsızlaşdığını hiss edir, nəfəsi daralır, ürəyinə ağırlıq çökür, depressiv hallar keçirir.

Birinci tip vampirlərin öz enerji ehtiyaclarından xəbərləri olmur, enerji vampiri olduqlarını dərk eləmirlər. Enerji “oğurluğu” onlarda şüuraltı baş verir.

İkinci tip vampirlər isə öz ehtiyaclarını anlayır, şüurlu surətdə psixoloji olaraq insanların enerjisini mənimsəyirlər. İkinci tip vampirlər daha təhlükəlidir.

Bir neçə il əvvəlki iş yerində belə bir enerji vampiri qadın vardı. Hər səhər başımın üstünü kəsdirib illər öncə eşitdiyi, şahidi olduğu faciələri, fəlakətləri nəql edirdi: “Filankəsin evi od tutub yandı”. “Filankəs ağır qəzaya düşdü”. “Filankəs dəhşətli xəstəliyə düçar oldu”. və s.

Etika xatirinə bütün bunları dinləməli olurdum, amma hiss edirdim ki, havam çatmır, əl-ayağım titrəyir, ruh düşkünlüyünə qapılıram. Qadın isə gözlərini üzümdən çəkmədən eyni intonasiya ilə faciələri nəql etməkdə davam edirdi.

Başa düşə bilmirdim ki, bu qadın səhərin gözü açılmamış illər öncə baş vermiş kriminal əhvalatları niyə mənə danışır, axı özü də bilir ki, belə xəbərlərə qarşı həssasam, mənə pis təsir edir və s. Sonra anladım ki, o sadəcə olaraq enerji vampiridir.

Bir az təcrübə toplayandan sonra işimi ehtiyatlı tuturdum. Redaksiyaya gəlib çantamı yerləşdirirdim, qadın sözə başlamaq istəyəndə işimin olduğunu bəhanə edib tez-tələsik özümü koridora atırdım. Bir az vaxt keçməsini gözləyir, əməkdaşlar redaksiyaya toplaşandan sonra yenidən otağa qayıdır, özümü məşğul kimi göstərirdim.

Mən otaqdan çıxandan sonra enerji vampiri digər əməkdaşımızın enerjisiylə bəslənirdi. İçəri girəndə həssas təbiətli qadın əməkdaşımızı halsız görürdüm. Səbəbini soruşanda əliylə vampir yoldaşımızın masasını göstərib “bir az söhbət elədik” deyirdi.

Ardını deməyə ehtiyac yox idi.

Enerji vampirləri sosial şəbəkələrdə də kifayət qədərdir. Səhərlər “vampirlərin” qara xəbərləri ilə açılır. “Filan qohumum dünyasını dəyişdi”. “Filan qohumumun ölümündən 40 il ötür”. və s. Başa düşürük, 40 il əvvəl ölən qohumunuzun xatirəsi sizin üçün əzizdir, bəs günə xoş ovqatla başlamaq istəyən digər insanların günahı nədir?

Adətən səhərləri xeyir-duayla açarlar, xoş sözlər söyləyərlər ki, gün boyu müsbət enerji, xoş əhval-ruhiyyə insanı tərk etməsin. Adətən ağsaqqallar, ağbirçəklər də belə tövsiyə edərlər.

Elə adamlar var ki, faciəvi təəssüratları paylaşmaqdan xüsusi zövq alırlar. Məsələn, məzar daşlarının təsvirini paylaşanları heç cür anlaya bilmirəm. Məzarlıq məhrəm bir yerdi, ölən əzizinlə özün arasında maddi bir bağlılıq hiss edirsən. Mən atamın məzarı başında nəfəs belə çəkə bilmirəm, nəinki şəkil çəkmək.

Maraqlıdır, görəsən məzarlıqda şəkil çəkdirmək dəbi necə yaranıb?

Təsəvvür edirsiniz, telefonu bir yaxınınıza verib deyirsiniz:

“Mən ölüm, bir neçə fraqmentdə mənim şəklimi çək. Elə çək ki, başdaşı da, məzarlıq da, mənim kədərli üzüm də fotoda da yaxşı düşsün.”

Enerji vampirləri intihar xəbərlərindən də zövq alırlar. Halbuki bu xəbərləri paylaşmağa sərf etdikləri vaxtı faydalı bir işə həsr etmək olar. Məsələn, hər bir fərd bu məsələni özlüyündə araşdırıb bir nəticə çıxararaq topluma öz köməyini təklif edə bilər.

Bu kimi halların öhdəsindən öz gücümüzü birləşdirərək gələ bilərik.

Amma bizim insanlarımız intihar xəbərlərini daha çox ahu-zar etmək üçün yayır. Çox vaxt da bu nəticəyə gəlirlər ki, əslində intihar edən şəxs elə haqlıymış, başqa çıxış yolu axtarmağa dəyməzmiş. Az qalırlar desinlər ki, halal olsun, intiharla işin içindən çıxıb.

Ya da intihar etmiş şəxs cəmiyyətə qəhrəman kimi təqdim olunur. “Güclü insan imiş”, “Biz sənin qədər güclü ola bilmədik”, və s.

İntihar edən güclü deyil, əfəndilər, güclü insan həyata qalib gələndir. Ölmək asandır, çətin olan yaşamaqdır. Yalnız güclü olanlar həyatda qala bilir.

Nə üçün unuduruq ki, həyatımız yalnız bizim özümüzə məxsus deyil. Hər bir fərd bir cəmiyyəti ifadə edir. Hər birimiz toplumun gücünü yaşatmağa məcburuq. Əgər içimizdən birimiz bundan imtina edirsə, zəncir qırılır, toplum öz gücünü bir adamlıq itirir. Bu isə təsəvvür etdiyimizdən də böyük itkidir.

Gedən bizdən gedir. Bizdən biri gedir. Şair necə deyib: “Bir adamlıq azaldı dünya”.

Təsəvvür edin, insanlar var ki, ağır xəstədirlər, həyatda qalmaq üçün mübarizə edir, ağır prosedurlara dözür, şiddətli ağrılara tab gətirirlər, təki həyatda qalıb doğmalarını görmək, duymaq xoşbəxtliyindən məhrum olmasınlar, onları öz yoxluqları ilə sarsıtmasınlar.

İntihar edənlər bu adamların iztirabları qarşısında günahkardırlar. Mən o adamları güclü sayıram ki, ən ağır durumlarda belə, təslim olmurlar.

Ölümün kölgəsində gizlənmək qorxaqlıq deyilmi?

İntihar xəbərləri ilə bəslənən vampirlər isə bu epidemiyanı yaymaqda davam edir, “dəlinin yadına daş salırlar”. Lütfən bu xəbərlərin energetik gücünü, fəsadlarını dərk edək, bir-birimizə qarşı anlayışlı olaq və fərd olaraq toplumsal gücün ifadəsi olduğumuzu unutmayaq.

# 1706 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #