Bankdakı şarlotta xanıma təklifim

Bankdakı şarlotta xanıma təklifim
14 iyul 2017
# 13:40

Apardı könlümü bir xoş qəməryüz canfəza dilbər. Nə dilbər? Dün 2000 manat kredit götürmək üçün bir neçə banka müraciət etdim. İlk bankda heyrəteybütsürətingördükdəlaleylərməni bir xanım qarşıladı bəndənizi. Vəssalam. Şair demiş, dilbəri-şahid. Nə şahid? Əynində dümağ köynək, qəhvəyi kostyum, yanaqlarında təbəssüm, 1.74-5-6 boylu, şarlotta saçlı ol mələksima aylıq gəlirlərimi sorcaq, dedim: 600-800 civarı. Dedi, müəllim, biz aylıq gəliri 1000-1200 manat olmayan müştərilərlə ümumiyyətlə ünsiyyətdə olmuruq, nəinki kredit vermək. Dedim, mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül. Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər. Dedim, ey şarlotta xanım, sizi balıq ilən rakıya qonaq çağırsam, etiraz etməzsiniz ki? Gülümsəyərək “baxarıq” dedi. Öz aramızda qalsın, “baxarıq”-ı elə dedi, elə bildim artıq nuş qılmışıq.



Ya Allah, növbəti banka yolçuluq. Əmma, başımdan getmədi hərgiz onunla içdigim badə. Nə badə? Badeyi-məsti. Bir zənən digər zənənə yalnız bunca bənzər olar. Nə olar? Bənzər olar. Eynilə şarlotta xanım bu bankda, sadəcə boyunda 5-6 santi bəstəlik. Nə bəstəlik? Boş ver, a kişi. Onu da badədən sonra fərq etmək xeyli müşkül. Nədən ki, olursan məsti. Nə məsti? Məstiyi-sağər. Xülasə, iş gəlib çatdı Bakıda yaşayan qohum-əqrəbanın ev telefonlarına. Zəng etdim qohumlara, dedim, ev telefonlarınızı verin, məsələ bu yerə gəlmiş. Tərslikdən dörd qohumdan heç birində ev telefonu yox. Bircə Zığda yaşayan qohumum dedi ki, şair, nömrəni almışam, amma deyiblər xətti gələn il çəkəcəklər. Hal-qəziyyəni büti-şəngülə ərz etdim. Bələdçi xanım zəng etdi, orta yaşlı bir xanım təşrif buyurdu. İlahi, kredit almaq üçün adama nə qədər şeir mövzusu verilərmiş bir günün içində. Xanım təxminən 40-45 yaşlarında. Yəni əzəldə canım içində yazıldı surəti-məni. Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər. Tam səmimiyyətimlə deyirəm, tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər. Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər. Orta yaşlı xanım öylə işvəli ki, sanarsan bütün gənclərdən təqvimin qisasını almaq istəyir. Özümü saxlaya bilmədim, dedim, xanım, bir də dünyaya gəlsəydiniz bu bankda işləyərdinizmi? Qayıdasan ki, heç bir bank sənin bir misrana dəyməz! Dedim, Del Gerani sənə gərçi duaçıdır, vəli sadiq. Gözlərini qıyıb - Nə sadiq? – soruşdu. Dedim: Sadiqi-bəndə. Dedi: Nə bəndə? Dedim: Bəndeyi-çakər. Dedi, bizdə elə bir kredit növü yoxdur. Xoş getdiniz...

Deyir, ümidlər daha çox gəmi kapitanıdır. Yəni o, səni tərk edən yox, səninlə boğulandır. Bu üzdən başqa bir banka yol aldım, nə ola-ola. Qapıdan gircək bankın intonasiyasını tutdum – rəcəz. Ərəb şeirinin rəcəz (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir. "Rəcəz" formasına aid olan şeirlərdə misralarda heca sayı və bölgülər qismən uyğunlaşsa da, misraların ritmik quruluşlarının uyğunlaşması yalnız sözlərin eyni qrammatik və leksik dəyişmələri ilə əlaqədar olaraq təsadüfi xarakter daşımışdır. Yəni vahid ritmik quruluşun misralarda gözlənilməsi qaydası olmamışdır. Bu şeir forması da "səc" kimi şifahi xalq yaradıcılığının məhsulu (qeyri-professional, spontan forma) kimi qiymətləndirilir. Nə isə, onu deyirdim axı. Bu bankda elə şərtlər sadaladılar, elə bildim Füzulinin salamını yenə rüşvət bilib almayıblar. "Eybi yox, oldu, alınmır-alınmır da, çox sağ olun" deyib çıxmaq istəyirdim, bələdçi xanım qəfil ayağa qalxıb nəzakətlə dilləndi: "Müəllim, zəhmət olmasa çıxışa qədər qazyerişi gedin, sonra 200 dənə jim vurub çıxın". Xülasə, birtəhər-birtəhər tapşırıqları yerinə yetirib tərli-tərli özümü qapıdan çölə atdım. Dabrıya-dabrıya uzaqlaşırdım ki, arxamca mühafizəçinin qışqırığı eşidildi: "Bax haaa, birdən gedib o tərəfdə paprız-zad çəkərsən, gözümüz hələ üstündədi..."

Təngnəfəs avtobus dayanacağına yetirdim özümü. Dayanacağın reklam lövhəsindən başqa bir büti-şəngül “jırnı şriftlərlə” boylanırdı: kredit almaq istəyirsiniz?

# 2206 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #