Dəmirəllə görüşən ayaqyalın rəssam

Dəmirəllə görüşən ayaqyalın rəssam
29 mart 2016
# 11:21

O qeyri-adiliyi ilə seçilən, qəribə adam idi. Məsələn, küçədə ayaqyalın gəzərdi. Emalatxanası gediş-gəlişin çox olduğu yerdəydi - Qız qalasının lap yanında. Amma adama elə gəlirdi ki, o, insanların varlığının fərqində deyil. Elə bil yaddaşını itirmişdi. Ona görə kefi necə istəyirdi, elə də edirdi. Ayaqyalın gəzməyi də eləcə.

Rəsmlərini də özü kimi elə əcaib çəkirdi. Qəribə rəsmlər idi. Adamları elə çəkirdi, elə bil ömründə adam görməyib. Gözsüz-qulaqsız çəkirdi onları. Bu abstrakt da deyildi. Abstrakt o mövcud olana kimi də vardı, o isə özündən əvvəlkiləri unutmuşdu. Rəsmlərindəki ağaclar qışda bar verərdi. Belə izah edirdi ki, hər bir təbiət ünsüründə təbiətin bütün orqanizmi cəmlənib. Kim bilir, bəlkə təbiət də yaddaşını itirib.

Rəsmlərini özü üçün çəkərdi. Çünki heç kim bu qəribə rəsmləri öz evində görmək istəmirdi. Əslində bu qəribə adamın rəsmlərini almaq istəmirdilər. Heç kim onun mövcudluğuna qarşı deyildi, kefi necə istəyir, elə də yaşasın. İstəyir, yayda-yazda yox, elə qışın oğlan çağı küçədə ayaqyalın gəzsin. Amma bizdən uzaq olsun. Elə bil rəsmlərində qara magiya vardı, onu alanı ovsunlayıb öz gününə salacaqdı. Bəlkə də adamlar elə bundan qorxurdular. Bu qəribə adamın çəkdiklərinin tilsiminə düşməkdən qorxurdular. Bundan gülməli heç nə ola bilməzdi. Təsəvvür edirsiz, evinizə gələn qonağa bu rəsmi göstərib deyirsiz: “Bu əsərin müəllifi küçədə ayaqyalın gəzir, özü də elə yaşayır, elə bil dünyada bundan başqa adam yoxdur.”

Azadlığın bu dərəcəsi ancaq gülüş doğura bilərdi.

Ancaq günün bəzi anlarında tək olmadığına inanardı. Uşaqların məktəbə getdiyi və qayıtdığı vaxtlar. Uşaqları çox sevərdi, onları görəndə ümid edərdi, yaxşı olan şeylərə inanardı. Hətta bir dəfə ölməyəcəyini də düşünmüşdü onlara baxaraq.

Rus məktəbinin uşaqlarıydı. Çoxu da rus idi görünür. Amma fərqi yoxdur, uşaq elə uşaqdır. Amma onlar uşaq kimi davranmırdılar. Böyürlərindəki yaşlılardan fərqli olaraq ona salam verir, əl eləyirdilər. Qayıdanda isə dəstəylə qayıdır, özü də düz onun emalatxanasının yanından keçirdilər. Yenə ona əl eləyir, sevincək qışqırışırdılar:

- Salam rəssam əmi!

- Kədərlənmə, rəssam əmi, biz böyüyəndə pulumuz çox olacaq, bax o vaxt sənin rəsmlərini alacayıq!

Belə vaxtlarda tez içəri, emalatxanaya keçirdi. Keçirdi ki, yer üzünün ən hüznlü göz yaşlarını görməsinlər. Çünki bundan o yanası yox idi.

Bu Tanrının mərhəmətiydi. O, öz gərəksizliyindən əziyyət çəkəndə uşaq sevgilərini onu ovutmağa göndərmişdi.

Bircə sirr qalan o idi ki, o uşaqlar onun kədərini necə anlamışdılar? Axı onlara heç kim heç nə deməmişdi.

Dünyanın qəribə işləri vardı...

Onu ovudan bir də divardan asılmış rəssam önlüyü idi. Boyalardan kirlənmiş, min cür rəngə çalan önlük tarixi bir görüşün yadigarı idi. Elə bir görüşün ki, o heç vaxt unutmayacaqdı.

...Süleyman Dəmirəlin Bakıya gəldiyi vaxt idi. Şəhər mərkəzini gəzərkən yolları onun emalatxanasından keçmişdi. O, bu vaxt işindən bir neçə dəqiqəliyə ayrılıb bayıra çıxmışdı. Səkinin üstündə oturub siqaret çəkirdi. Bu vaxt ona doğru gələn adamları gördü. Öndəki Dəmirəl idi. Özünü itirdi, ayağa qalxdı, içəri keçmək istədi. Amma artıq gec idi.

Yəqin Dəmirəl ilk dəfəydi ki, yer üzünün ən çarəsiz təbəssümünü görürdü. Rəssamın yanında ayaq saxladı.

- Rəssammısın?

- Bəli, - əlini üstünə çəkə-çəkə dedi.

- Ooo çox gözəl. Rəssamlığı sevərim. - Dəmirəl dedi.

- Buyurun içəri, seyr edin...

Dəmirəlin yanındakılar rəssamın boyalı üst-başına baxıb ikrahla geri çəkildilər. O, yalnız bu vaxt kirli-boyalı önlüyünün fərqinə vardı, Dəmirəlsə hamının təəccübünə rəğmən onu bağrına basıb qucaqladı. Onun da üst-başı boyaya bulaşdı. O isə bundan zərrə qədər də narahat olmadan təbəssümlə “bir başqa səfərə, hadi eyvallah kardeşim” - deyib yanındakı adamlarla uzaqlaşdı.

Elə baxa-baxa qaldı onların dalınca. Dəmirəlin jesti ölən ağaclar, ölən quşlar, ölən insanlar haqqında xatirələrini - bir sözlə, yaddaşını oyatmışdı.

Süleyman Dəmirəlin üst-başını bulaşdırmış həmin o önlüyü emalatxananın ən fəxri yerindən asmışdı. Çünki ona baxanda özünü adam kimi hiss eləyirdi.

Tanrı bu dəfə insan sevgisi ilə göz yaşlarını silmişdi.

Sonra yenə əvvəlki kimi oldu hər şey. Yəni ağaclar qışda bar gətirdi. Onun əsərlərinə baxanlar yenə ağız büzdülər. Yenə o və təbiət yaddaşını itirdi. Ayaqyalın küçəylə o baş-bu başa gedərkən adamların ona baxan nəzərlərindən asıldı yenə.

Bir gün eləcə səssiz-səmirsiz qəlbi durdu. Yenə gərəksizliyini göstərdi elə bil. Bir adam ancaq bu qədər qəribə ola bilərdi...

Onun ölümünə bircə uşaqlar ağlayırdı. Ancaq bilirdilər ki, böyüyəndə o əsərləri alacaqlar. Lap ölümündən sonra da olsa. Qoy ona təsəlli olsun.

Onun ölümünə bir də Tanrı ağlayırdı. Çünki ölümündən sonra üç gün yağış yağmışdı.

Sonra birdən günəş çıxmışdı. Bu dəfə Tanrı gülümsəmişdi...

# 1264 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #