"Xanım T."

"Xanım T."
22 iyul 2013
# 12:19

Xatirimdədir, “Alatoran” jurnalında avtobioqrafiq hekayəm çap olunmuşdu... Mövzusunu uzun-uzadı xırdalamaq istəmirəm... Sadəcə onu deyim ki, başımıza gətirilən müsibətlərdən bəhs edirdi və oxuyan adam hadisələrin reallığına anındaca inanırdı. Mərhum yazıçımız Rafiq Tağıdan mesaj aldım. Yazmışdı ki, hekayəni oxudum, mənə elə təsir etdi, zəng vurub ədəbiyyatdan danışmağa utandım...

Hekayələrim nəşr olunanda Rafiq Tağı bir qayda olaraq mənə zəng vurur, fikir bildirir, geniş müzakirə açırdı. Bu dəfə belə olmadı... Və mən indi anlayıram ki, Rafiq Tağı bu dəfə niyə məhz mesajla kifayətlənməli oldu.

Bəli, elə mətnlər var ki, onun üzərində ədəbiyyat dəm-dəsgahı açmağa ehtiyac yoxdur. Hətta bu, ayıbdır!

Bunlar o mətnlərdir ki, yazanda da poetik yaradıcılıq və bədii vasitələr haqqında düşünmürsən. Ağlamaq və gülmək kimi doğal ehtiyacını ödəyirsən elə bil. Dua kimi pıçıldayırsan, layla kimi zümzümə edirsən.

Mənim bu cür “ədəbiyyatı unudan” xeyli yazım var. İnanın, onlara daha çox ümidliyəm, nəinki, üstündə mollalıq elədiyim mətnlərə.

İnsan faciəsi qarşısında hər şey bihudədir! - bunu demişəm, qoyun, bir də deyim...

Elə adamlar tanımışam, elə faciələrin şahidi olmuşam ki, qarşısında insan qəlbi duruş gətirə bilməz. Və bu zaman yazmaq yeganə çıxış yolu olub.

Faciənin dözülməz tərəflərindən biri də budur ki, həmin adamların çoxu mənim yaxın-uzaq qohumlarım, dostlarımdır.

Bu insanlar yaddaşımdan heç vaxt silinmir. Sifətləri iri planda həmişə gözlərimin qarşısındadır. Bu adamlara münasibətim normal psixoloji vəziyyət deyil. Zədələrlə şərtlənən beyin halıdır. Bu adamlardan yaxa qurtara bilmirəm. Onların üzləşdiyi məşəqqətli həyat qarşısında ədəbiyyatın oyuncaq olduğunu düşünmüşəm zaman-zaman.

Mənim üçün insanın üstündə heç nə yoxdur. Tanrı belə onun qəlbində, ruhunda, gözəlliyindədir.

Yeni kitabım – bu günlərdə “Yazıçı” nəşriyyatında çap olunan “Xanım T.” bu insanlar haqda hekayətlər toplusudur. Kitabı elə beləcə də təqdim etmişəm: “Adamlar” silsiləsindən 39 hekayət”

Bu hekayətlər müxtəlif vaxtlarda yazılıb, saytlarda yayımlanıb. Az-çox müzakirələrə səbəb olub. Ancaq onları bir arada görməyin başqa “keyfi” var.

Oxucu ilə həyatın öz dilində danışan bir kitabdır “Xanım T.” Hər halda buna iddialıyam... İnsan faciələrinin hər cür bədiyyatın üstündə olduğuna iddialı bir kitab...

Amma, təbii ki, bunlar mənim fikirlərimdir.

Son söz isə oxucunundur...

Yəni, 40-cı söz!

# 2608 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #