"Qalstukundan tutub sürüyəsən”

"Qalstukundan tutub sürüyəsən”
25 dekabr 2012
# 14:37

Bir neçə il bundan qabaq Milli Elmlər Akademiyasının binası və həyəti təmir üçün çəpərə alınmışdı. Çox da darıxdırıcı olmasın deyə çəpərin üstünə şəhərin müxtəlif yerlərinin böyük foto şəkillər yapışdırılmışdı. Mən yaxınlıqdakı skamyada oturub qəzet vərəqləyərək bir dostumu gözləyirdim. Bu zaman binanın tinindən üzü tüklü, gözlərinin altı tuluqlamış əzik bir milli bomj çıxıb yerdən siqaret kötüyü götürdü və damağına qoyub mənə tərəf yaxınlaşdı: “Əmoğlu, yandırmaq olarmı? Siqaretim söndü, yandırmağa bir şeyim yoxdu.”

Bu saxtakarlığına əsəbiləşməsəydim ona siqaret də verərdim. Ancaq eləmədim, alışqanımı çıxarıb saymazyana ona uzatdım. O, ağzındakı kötüyü yandırıb zəhlətökənliklə çoxlu minnətdarlıq elədi. Əhəmiyyət vermədiyimi görüb yanımdan uzaqlaşdı. Mən onun arxasınca baxırdım ki, görüm, bu adam indi nə qələt qarışdıracaq. Yadıma Rusiyada gördüyüm bomjlar düşdü. Onlar çox səmimi olurdular, ta bomjluqdan o tərəfə yoxdu ki, yalan danışmaq nə üçün? De ki, yerdən siqaret kötüyü yığıram, burda nə var ki? Bütün ömrün boyu yalan danışmısan, heç olmasa bomj olanda səmimi ol daa!

Bıy, bir də baxdım bizim bu bomj yerdən bir dənə də siqaret kötüyü qaldırıb ağzındakı ilə yandırdı və tüstülədə-tüstülədə bəzəkli fotoları olan çəpərin qarşısında dayandı. Məni maraq bürüdü, bu nə eləmək istəyir? Pah, əməllicə işimiz varmış ki! Şalvarının arxası sallanan bizim bu bomj çəpərdəki foto şəkilləri sərgi salonunda rəsm əsərlərini seyr edən adamlar kimi irəli-geri gedib diqqətlə seyr edirdi. Əvvəlcə Sahil bağındakı fontan şəklinin qarşısında dayandı. Bəh-bəh-bəh! Qızılı rəngdə iri güldana bənzəyən fontandan hər tərəfə su fışqırırdı. Bəs arxada görünən bina nə bina idi? Aha, tapdım! Bura Yazıçılar Birliyinin binasıdı. Odu, baax, üstündəki lövhə də görünür. Bə nədi? Oranın direxdoru da var! Adını bilirdim ee, şairdi. Hamı tanıyır onu! Adı dilimin ucundadı, bu dəqiqə tapıb deyəcəm. Nə idi ee, o kişinin adı? O vaxtlar televizorda da görmüşəm onu! Qəlyanı da var! Özü də yazandı haa! Bəs nədi, güclü yazmasa o boyda yerə direxdor qoyarlarmı? Şairlər də həmişə o binaya yığışır! Tapdım əşi! Dedim axı, mən onu çoxdan tanıyıram. Bəs nədi? Yurdumuzun böyük ziyalısıdı, çox böyük ziyalıdı! Gör nə günlərə qaldım, dörd hərfli bir adı da yadımda saxlaya bilmirəm, uje!

Bomjumuz fontanı dərindən seyr etdikdən sonra növbəti şəkilin qarşısına keçdi. Bu da Azneft meydanındakı Bəhram Gurun heykəlidi. Bah-bah-bah! Bu kişi neynir, ala? Əlindəki qılınca bax ee, sən! Adamı tutsa ortadan iki bölər. Nədi ee, bu tutduğu? İlandı? Hə, yadıma düşdü, o vaxtlar deyirdilər əjdahadı. Əjdahanı tutub ee! Gör ee, biz Qarabağı ala bilmirik, bu, əjdaha tutub! Özü də əynində paltarı-zadı yoxdu, haa! Əşi, düz eləyir, nə paltar ee? Qınamasaydılar mən də soyunub atardım bu zir-zibilləri üstümdən! Hələ elələri var üstündən də qalstuk bağlayır. Qalstukunun ucundan tutub sürüyəsən ki, buna görəmi bağlamısan? Həə, o tərəfdə “Çinar” kafesi var, əla yemək verirdilər. Oturmuşuq orda, bəs nədi? Çaxır içmişik, kababnan suxoy çaxır! Faiq Rusetdən gələndə aparmışdı bizi ora. Yaman da bahaçılıqdı orda! Kabab əla şeydi haa! Gör, nə vaxtdı kabab yemirəm ee! Erməni də bu yandan deyir, kabab bizim yeməkdi, adam yanıb-tökülür! A kopayoğlu, sən kabab bişirə bilərsən? Səninki donuz otarmaqdı, get donuzunu otar! Donuzdan kabab olar? Sənə bir erkək toğlu verərəm, deyərəm, al, kəs, kabab çək, görüm, necə çəkəcəksən? A kopayoğlu, sən heç qoyunu yıxıb üzü qibləyə tuta bilməzsən, qalmışdı hələ kabab çəkməyin! Rus kömək eləməsəydi sən heç Qarabağı da ala bilməzdin! Qəhrəman çıxıb mənimçün! Əşi, başını burax ee, erməninin, görüm ordakı nədi? Həə, funikulyor! Minmişəm, ona da minmişəm. O vaxlar Şəhidlər Xiyabanı yox idi ki! Orda yekə bir park vardı. Zadın da, nədi bunun adı? Hə, Kirovun da iri çəkməli heykəli vardı parkın üstündə. Əlini irəli, dənizə tərəf uzatmışdı, yəni burdan çıxan nöyüt, qaz, ikra – hamısı mənimdi. Getdi ee, o günlər, heyf o günlərdən!

Baxdım ki, bomjumuz yanı-yanı addımlayıb növbəti fotonun qarşısına keçdi. Baa! Burası harası? Əlbəttə, Qız Qalasıdı bu! Kim tanımır bizim Qız Qalasını? O vaxtlar uşaqlar dedi, gəlin, gedək Qız Qalasının başına çıxaq, dedim, mən getmək istəmirəm. Oturub iki bakal pivə içdim, onlar Qalanın başına çıxıb qayıtdılar. Ancaq gərək mən də çıxaydım! Qorxdum, daa, prosto! Dedim, birdən kulək əsər, ordan başıaşağı gələrəm yerə. Görəsən, bunu kim tikib ee? Yəqin dünyada ən hündür qala bizim Qaladı. Gərək bunun yanında bir dənə də Oğlan Qalası tikəydilər, bəh-bəh-bəh, ləzzət eləyərdi! Xaricdən gələnlər bu Qalaya baxıb həsəd aparırlar, deyirlər, nə olaydı, bu Qala bizim olaydı. Nə yaxşı, erməni demir Qız Qalası bizimdi? Deyə bilməz axı, görmürsən adı Qız Qalasıdı? Erməninin olsaydı Axçi Qalası olardı daa! Bəlkə də indi İrəvanda deyirlər ki, bizim Qız Qalası Bakıda qalıb, azərbaycanlılar Qalamızı əlimizdən alıb. Ancaq hər dəfə bu Qalanı görəndə qanım qaralır. Bir ana körpə uşağını da qucağına alıb özünü bu Qaladan atmışdı. Səhər-səhər idi, yaxınlaşanda gördüm təcili yardım meyitləri yenicə aparıb. Orda yığılan adamlardan soruşdum, nə isə, yadıma salmaq istəmirəm...

Bomj növbəti fotonun qarşısına addımlayanda dostum gəlib çıxdı. Ayağa duranda baxdım ki, kişinin orda hələ axşama qədər “işi var”.

# 2534 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #