Cəfər Cabbarlını heç tanımamışıq

Cəfər Cabbarlını heç tanımamışıq
13 mart 2019
# 11:30

Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq... Siyahını artırmaq da olar, amma məqsəd başqadır. Cəfər Cabbarlıdır mövzu. Həm də Cabbarlı bir başqadır.

Məncə, Cabbarlının adı sıralamada Üzeyir bəylə bərabər çəkilə bilər. 36 illik ömrünə beş dramaturqun, jurnalistin, tərcüməçinin, rejissorun, maarifçinin görə biləcəyi işləri sığışdıran adam 50 il yaşasaydı, nələr edərdi... Hər ikisi keşməkeşli illərdən adlayıblar. Cabbarlının qəlbi çox tab gətirməyib. Asan deyildi.

1899-cu ildə doğulub. Molla məktəbinə gedib, sonra məktəbi dəyişib. 1905-ci ildə Süleyman Sani Axundovdan, Abdulla Şaiqdən, Rəhim bəy Şıxlinskidən dərs alıb. İlk şeir, hekayə və dramlarını 1915-1916-cı illərdə qələmə alıb. Çox məsum, işıqlı hekayələri "Aslan və Fərhad", "Mənsur və Sitarə", həmçinin "Sitarə" adlı opera 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılıb. Həyatın acıları, ədalətsizlik, yoxsulun əzilməsinə dözməmək, ona bir üsyan etmək istəyi duyulan bu əsərlər sonrakı illərdə xarakterini dəyişir. İlləri nahaq sadalamadım - 1908-ci ildə orta məktəbi, 1915-ci ildə ali ibtidai məktəbi bitirir. Məşum 1905-ci ili yaşayır. 1918-ci ildə ilk dəfə Nuru Paşanın Bakıya gəlişini ilk dəfə o qələmə alıb, tarixə salıb. 1920-ci ildə növbəti təhsilini başa vurur. Tibb İnstitutuna daxil olur, amma oranı bitirmir. 1924-cü ildə həm Teatr İnstitutunda mühazirələrə gedir, həm də Universitetin şərqşünaslığında təhsil alır. 1915-20-ci illər onun həm də fəal ədəbiyyata gəldiyi illərdir.

Bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi" və ya "Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi əsərlər qələmə alıb. Bu əsərlər artıq 1915-ci ildə yazdıqlarından deyil, fərqlidir. Əsərlər onun yaşadığı dövrün bütün tarixi gerçəkliklərini əks etdirir. Cabbarlı həmin əsərlərlə əslində tarix yazıb. Bu əsərlər onun Azərbaycanın mütilikdən, işğaldan azad olub öz müqəddəratını özü həll edə bilən bir cümhuriyyət olması yanğısını ortaya qoyur.

Bu illər yalnız yazmaqla, yaratmaqla, tamaşa qoymaqla, maarifçilik missiyası ilə keçməyib. O illər köhnə cümhuriyyətçi üçün təkcə yaradıcılıqla keçməyib, sovet təhlükəsizlik sisteminin kameralarında, əzab və işgəncələr içində keçən günləri, ayları da olub. Həm də dəfələrlə. Nə hansısa silahdaşını, qələm yoldaşını güdaza verib, nə də ona verilən ittihamları işgəncə altında qəbul edib.

Sovet dönəmində Cəfər Cabbarlı bizlərə yalnız Xızıda kömürçü ailəsində dünyaya gəlmiş “sovet dramaturgiyasının görkəmli nümayəndəsi” kimi təqdim edilib.

Cabbarlı sovet dramaturqu deyildi, cümhuriyyətçi idi. O, sovet rejiminin heç bir təzyiqinə, əzabına, işgəncəsinə əyilmədi, tabe olmadan yaşadı və “Almaz”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Sevil” kimi dram əsərlərində də öz ideyalarını yeridib, nəyi və niyə yaşadıqlarını oxucusuna və ən əsası, TARİXə ötürə bilən ədibdir.

Asan deyildi, yaşadığın rejimin reallıqlarını onun vəsfi fonunda vermək, həm də ifşa etmək, istədiklərini deyil, məcbur olduqlarını iradənin ziddinə yaşayıb-yazmaq. Üzeyir bəy də eyni situasiyada yazıb-yaşayıb. Sadəcə, Cabbarlının qəlbi bunun ağırlığına tab gətirməyib, daha tez dayanıb. Dayanmasaydı, zatən qarşıdan 37-ci il gəlirdi. Cümhuriyyətçi dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinosenarist, jurnalist, aktyor, rejissor... və sonunda, nə qədər paradoksal da olsa, sovet əməkdar incəsənət xadimi! Buna qəlb dözər?..

Eyni dönəmi keçən, adını saydığım ədiblər eyni taleyi yaşayıblar, amma xarakterlərinə xas davranışla həyatlarının sonu fərqli olub.

Bütün bu danışdıqlarım yalnız mənim şəxsi fikirlərim deyil, həm də ARB “Aranfilm”in istehsalı olan “Zülmətdən doğan işıq” sənədli filminin tamaşaçıya dedikləridir. Ssenari müəllifi və rejissoru Babək Abbaszadə, bədii rəhbəri Tahir Tahiroviç olan və Cabbarlıdan bəhs edən sənədli filmin martın 12-də premyerası oldu. Filmdə Cəfər Cabbarlı yalnız bir ədib kimi deyil, həm də daha çox ictimai-siyasi xadim, cümhuriyyətçi kimi təqdim edilir. Ədibin qısa ömrünə nələrin və necə sığışdığını, “Bakı müharibə”sindən “Od gəlini”nə gələn qələm sahibinin o yolda bütün yaşantıları, iztirabları, qəlbi, düşüncələri sənətin dili ilə ustalıqla tamaşaçının beyninə süzülür. Babək Abbaszadənin sevgisi, vətənpərvərliyi və sənət yanğısı öz işini görüb. Cabbarlı barədə məlumatı olmayan və onun haqqında kifayət qədər məlumatı olan iki tamaşaçı bu filmdən eyni fikirlə çıxar – “Mən Cabbarlını heç tanımamışam”.

Gənc rejissora və “Aranfilm”ə daha böyük uğurlar arzusuyla...

# 3355 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #