Bizim ailənin yuyulmayan günahı

Bizim ailənin yuyulmayan günahı
29 dekabr 2017
# 12:09

Günel Natiq

Şaxta baba, yadındadı həmin o yeni il gecəsi? Həmin gün atam evə gec gəldi. İlk dəfə idi ki, yeni il gecəsi atam evə gec gəlirdi. Həm də elə laqeydcə gəlmişdi ki, elə bil adi bir gündür, ya da belə bir gün heç mövcud olmayıb.

Adətən səhər ertədən hazırlıqlar başlardı, süfrə qurulardı, təzə libaslar geyinilərdi. Axşama yaxın süfrə arxasına keçib atamızın yolunu gözləyərdik.

Atam bayramın ən ümidli yerində gəlib çıxardı. Və bizi yeni sevinclərə qonaq edərdi.

Atam elə bil Şaxta babamız idi, hədiyyələri çuvallara sığmırdı.

Ümidlər onunla tamamlanırdı. Yəni bizim ümidlərimiz.

İlk dəfə idi ki, həmin o gün məyus olmuşduq və pərtliyimizi gizləyə bilmirdik.

Elə bil ailəcə bir-birimizə xəyanət etmişdik və bu günah artıq heç bir üzrlə yuyulmazdı.

Vaxt keçirdi, atam isə gecikirdi. İlk dəfə idi ki, belə olurdu. Yolkanın işıqları daha bizə baxıb göz vurmurdu. Biz də gözümüzü yolkanın göz qamaşdıran işıqlarından çəkib bizi gözləyən adi günlərin boşluğuna baxırdıq.

Halbuki o gün elə olmamalıydı.

Yadındadı, Şaxta baba, o gün bütün möcüzələr içimizdə öldü? Və biz on illiklər boyu həmin möcüzələrin yolunu həyatımızın dar cığırlarına sala bilmədik; Bizi görəndə yolunu dəyişirdilər.

O möcüzələr ki, illər keçdikcə, onlara daha çox ehtiyacımız vardı.

Yadındadı, Şaxta baba, yeni il günlərində məktəbdə kağız oyuncaqlar düzəldirdik. Yeni il ərəfəsində ən sevimli əyləncəmiz idi bu. Həmin o oyuncaqların şəkillərini gördüm bu günlərdə, içimdə nəsə qımıldandı, itmiş sevinclərimi xatırladım. Amma artıq gecdir. İndi həmin kağızlardan yenə nəsə quraşdıra bilərik, amma üstümüzə daha xəyallarımızın işığı düşən deyil.

Kiçik əllərimizə güc-qüvvə verən ümidlər reallığa uyub, reallığa qarışıb, daha yolu burdan keçən deyil. Elə bizim də xəyallarımızla yolumuz çoxdan ayrılıb. Çətin ki bir də qovuşaq.

Yadındadı, Şaxta baba, hər il uşaqlarla sənə məktub yazardıq. Mən uşaqların yanında yazmağa utanardım, evdə, gecə, hamı yatandan sonra gizlicə məktub yazardım, sonra o məktubları gizləyərdim.

Bu yaxınlarda köhnə kağız-kuğuzlara baxanda həmin məktublar əlimə keçdi. Təəssüflə oxudum. Düşündüm ki, həyat bizim kiçikliyimizdən, məsumluğumuzdan istifadə edib əslində bizi aldadırmış.

Əslində hər şey o qədər sadə idi ki. Əslində möcüzələr olmurmuş. Əslində hər şey bir anlıqmış. Bir anlıq.

Bu gerçəkliyi bir də toy günümdən sonra anladım. Möcüzə işıq kimi parlayıb söndü. Yenə çölün düzündə qaldıq. Yalınayaq, başıaçıq. Soyuq içimi titrədirdi, mən isə yaşamağın elə bu olduğunu anlayıb isti bir yer gəzmirdim də.

İnsan olmaq elə buymuş.

Həmin ilin yeni il gecəsi mənim üçün pəncərələr önündə keçdi. Lopa qarlara baxa-baxa ağ gəlinliyimi düşünürdüm. O da beləcə günahsız, ləkəsiz idi. Düşündüm ki, qadın geyindiyi gəlinliklərin taleyini yaşayır bir az da.

Bəlkə mən də kiminsə taleyini yaşamışdım.

Hər kəsin həyatına qar ömründə bir dəfə yuxularda yağar, demişdi yazar. Həmin gəlinlik hər qadının ömrünə bircə dəfə yuxularda yağan həmin o bəyaz yuxu idi...

Ən sevmədiyim mənzərə köhnəlmiş qarı seyr etməkdi. Elə bil insanın içində gizlətdikləri də üzə çıxır. Artıq ovunmağa bir şey qalmır. Həyat qovur səni reallığın ağır plantasiyalarına:

- Bəsdir çəhrayı nağıllara uydun. Sənin nağılın budur bax, rəngsiz taledir. Elə bilirsən kimsə rəngli tale yaşayır? Ay axmaq, rəng deyilən bir şey yoxdur axı həyatda. Rəngləri siz uydurmusuz. Ya da elə o cür gördüyünüzü iddia edirsiz. Şeirlər qoşursuz, nə bilim xəyalınızdakı rənglərdən ilham alıb sevinirsiz. İnsan neçə həyat yaşamalıdır ki, bu sadə həqiqəti başa düşsün?

Şaxta Baba, bəs rəngli yuxularımız necə olsun? Onlar da yalan idi? Biz isə rəngli yuxuların heç də hamının görə bilmədiyini, ancaq bizim görə bildiyimizə sevinirdik. Şair necə demişdi: “Allı-güllü yuxular görürəm”...O şair də aldanmışdı, hə, yüz faiz aldanmışdı.

Şaxta baba, necə yaşayaq indi o nəğmələrdən uzaq? Sevinclərimizi birtəhər yamaya bilərik, ümidlərimizi sarıya bilərik, amma o hislər bir daha olmayacaq.

O günün möcüzəsini çoxdan qeyb etmişik. İndi güləndə də qəsdən gülürük ki, səsimiz bərk çıxsın. Bəlkə özümüz də bu gülüşə aldandıq.

Yenə hamıdan gizli sənə məktub yazıram. Neçə illərdən sonra ilk dəfədir yazıram. Mən ağlayıram, amma sən ağlama, Şaxta baba, Şaxta babalar ağlamaz axı.

Eləcə bir neçə günlük möcüzəm ol yenə. Yenə başımızı sığallayıb bizi çəhrayı nağıllara inandır.

Yenə de ki, hər şey gözəl olacaq.

Sən de, mən inanacam yenə, Şaxta baba...

# 1890 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #