Yalvarıram, mənə toxunma!

Yalvarıram, mənə toxunma!
5 avqust 2014
# 09:00

Kulis.Az Nərgiz İsmayılovanın “Gecənin rəfiqəsi” hekayəsini təqdim edir.


Ən çox öz gözlərinə baxmaqdan nifrət edirdi.

Çünki gözləri özünə dediyi yalanları təsdiqləmirdi.

Beyniylə qəlbi arasında gedən mübarizə səngimirdi. Beyni və qəlbi bəs deyilmiş kimi indi də gözləri əsəbiləşdirirdi qadını. Çox sevdiyi aynaların üstünü örtmüşdü qapqara örtüklərlə, evdən xaricdə qarşısına çıxan aynaları görməzlikdən gəlirdi, cəzalıydı aynalar, məhrum etmişdi aynaları gözəlliyindən, əslində gözəlliyi də əsəbiləşdirirdi qadını... Kiminə görə şeir mövzusu, kiminə görə nifrət, qısqanclıq, kiminə görə lazımsız, kiminə görə ovunmayacaq arzuların səbəbkarı...

Saçlarını qovdu özündən, baxdı əsəbi bir şəkildə özünə, bəli gözəlliyi idi cəzaya layiq.

Bəlkə də Tanrının başını qatmışdı bu gözəllik, unutmuşdu qadının alın yazısına xoşbəxtlik sözünü qeyd etməyi... Ruhu fəsillər kimi dəyişdikcə dəyişirdi...

Bircə gecə ilə dost idi qadın, doğma idi gecə ona... Hər sirri bölüşən rəfiqələr qədər yaxın idilər - qadın və gecə.

Ayağa qalxdı ən cazibəli paltarlarında birini geyindi. Qapqara saçlarını çiyinlərinə dağıtdı.

Bu gecə yenə də həmişəki kimi işlədiyi fiesta bara gedirdi. Mahnı oxumağı sevirdi, ancaq dinləməyi daha çox sevirdi. Bu dəfə də bar ağzına kimi dolu idi. Masalarda əcnəbilər daha çox idi. Rəqs üçün ayrılmış hissədə özündən çıxmışcasına rəqs edən qadınlar, kişilər, yeniyetmələr...

Adəti üzrə barmenə yaxınlaşdı, bir qədəh qırmızı şərab istədi, şərabdan bir udum aldı və əlindəki kitabın vərəqlərini tez-tez çevirməyə başladı. Sıxılırdı. Bu gün bardakıları necə əyləndirəcəyini düşündü. Əhval-ruhiyyəsi qarışıq idi. Kitabdan gözünü çəkdi. VİP hissəyə nəzər yetirdi. Nəzərlərini cəlb edən şəxsi sanki haradasa görmüşdü. Onu tanıdı qadın. Gözlənilən an nəhayət gəlmişdi.

İllər öncəki həyatını düşündü. 22 yaşı var idi, universiteti yenicə bitirmişdi, bir şirkətdə çalışırdı, ətrafı ona hörmət edən adamlarla dolu idi. Və bir gün hər şey dəyişdi. Şirkətin sahibinin vəfat etməsi daxili intriqaları da özüylə gətirdi.

Şirkətin idarəsi müdirin yoldaşına keçmişdi. Qadın həm savadsız, həm də kobud idi.İşdə özündən savayı heç bir qadını görməyə gözü yox idi.Şirkətə gəldiyi gündən isə qadına xüsusi əzab verirdi, təhqir etmək üçün hər fürsəti dəyərləndirirdi. Şirkətin çayçısı olduğu halda çayı qadına hazırlatdırırdı. Günlər birbirini qovurdu. Bir gün müdirə özüylə bərabər bir gənci gətirib əməkdaşlarla tanış etdi: “Sizə Anarı təqdim edirəm, Anar Amerikada satış menecerliyini oxuyub, uzun illər orada fəaliyyət göstərib”.

Anarın müdirə ilə arası çox yaxşı idi, şirkətin bütün idarəsi o gündən Anara tapşırılmışdı. O, işçilərlə də yaxın münasibət saxlyardı. Səmimi və gülərüz idi. Ancaq müdirə ilə yaxınlığını düşünən hamı Anardan ehtiyat edirdi.

Bir gün Anar qadına dedi: "Bu gün işdən sonra mümkünsə bir az gözləyin, keçmiş müdirin vaxtında əməkdaşların gördüyü işlərin hesabatı lazımdır”. Qadın iş vaxtından əlavə işləməyə alışmışdı. İş çox olanda gələcək kariyerasını indidən düşünüb, istirahətini pozub şirkətdə qalar, işləyərdi.

Bu gün də şirkətdə qalmışdı. Ancaq ətraf getdikcə səssizləşirdi. İlk dəfə idi ki, özünü burada tənha hiss edirdi.. Qəhvə götürmək üçün aşağı düşdü. Aşağı da səssiz idi. Bardağı götürdü. Bardağın üzərinə nə isə kölgə yansıdı. Qadın səssizcə bardağı yerinə qoydu. Arxaya dönməkdən qoxurdu, içindəki sıxıntını özündən uzaqlaşdırdı. Arxaya döndü, arxada heç kim yox idi. Bardağı yenidən götürdü və su doldurdu. Tələsik yuxarı çıxmağa başladı. Öz-özünə təskinlik verərək deyirdi: "Birinci dəfə deyil ki, həmişə qalıb işləmisən, aşağıda neçə dənə güvənlik var, üstəlik indi harda olsa Anar müəllim də gələcək”.

Yuxarı qalxanda müdirənin otağından səs eşitdi. Otağa yaxınlaşdı. Qapını döyməyə gücü çatmırdı. Müdirə heç vaxt işdən sonra buraya gəlməzdi, iş vaxtında belə həmişə ya mağazalara gedib paltar seçər, ya da gününü gözəllik salonlarında keçirərdi.

Sakitcə qapını döydü. “Buyurun” – Anarın mülayim səsi şirkətin divarlarında əks-səda verdi. Qadın qapını açdı. Anar çox narahat görünürdü, zorla nəfəs alırdı.Yəqin xəstədir deyə düşündü qadın. Anarın əlində qara çamadan var idi. Qadın gözünün ucu ilə açıq kassaya baxdı. Bu, Anarın gözündən qaçmadı. Qadın hər şeyi anladı, burada boşuna saxlanmamışdı. Hər şey onun üstündə qalacaqdı. "Anar siz nə edirsiniz, bu nə deməkdir? Burada kameralar var, mühafizəçilər var”.

Qadın çıxılmaz vəziyyətdə idi, nə edəcəyini bilmirdi. Anar qadının üzərinə cumub, onu divara söykədi: "Deyəsən sən məni axmaq hesab edirsən? İllərdir o qoca fahişənin nazını niyə çəkirəm, bilirsən? İllərdir şirkətin maraqlarını niyə müdafiə edirəm bilirsən? Bir gün hər şey mənim olacaqdı. Ancaq qoca kaftar özünə yeni məşuq tapdı. O, özü məni buna məcbur etdi. Kameraya və güvənliyə mühafizəyə gəlincə sən o gözəl beynini bu işlərlə məşğul etmə!” Anar hər şeyi planlamışdı, hər şey əvvəlcədən qurulmuşdu.

Qadın:

- Məni burax, heç kimə heç nə demərəm...

- Hahahaha! Səni buraxmaq?! Mən səni buraxacağam, amma mənim əsəblərimi rahat edəndən sonra...


Anar qadının köynəyini açmağa çalışırdı. Qadın ilk dəfə idi ki, bu cür münasibətlə üz-üzə qalırdı. Dizləri boşalmışdı, dodaqları əsirdi. Anarın qan dolmuş gözləri heç nəyi görmürdü, səmimi üz çizgilərinin yerində həris bir ifadə yaranmışdı. Qadın var-gücüylə Anarı itələməyə çalışsa da bacarmadı. Qadın gözləri önünə sevdiyi adamı gətirdi, Anara yalvarmağa başladı: “Məni burax, mənim iki ay sonra toyum... Allahı sevirsənsə burax!”

Anar qadının üzünə bir şillə çəkib qışqırdı: “Hansı Allah? Çağır sənə kömək etsin, çağır gəlsin əgər varsa...”

Qadın şərabdan bir neçə udum daha içdi. Bu gecə o hadisəni xatırladırdı qadına...

Həyatının səhifələrini çevirmək daha sıxıcı gəlirdi nədənsə, pəncərəyə yaxınlaşdı... Qar dənəcikləri qadını öpmək istəyirdi elə bil. Qadın qar dənəciklərinə də nifrət etdi bu gecə.

İndi isə səhnəyə...

Qadının qulaqlarını boğuq uğultu bürümüşdü. Kəsik-kəsik eşidilən musiqi səsini, yarıb keçən alqış səslərinə qarışmışdı keçmişin xəyalı.

“Mənə toxunma, xahiş edirəm toxunma...”

Qadın dizlərini qucaqlayıb, səhərə kimi səssiz oturmuşdu. Səhər şirkətdən çıxıb nişanlısının yanına gəldi. Evlənmək istəmədiyini, buna hazır olmadığını, onu sevmədiyini söylədi. Nişanlısının bütün təklifləri, yalvarışları cavabsız qaldı. Çəhrayı dünyası qapqara rəngə boyanmışdı.

Anarın yerini heç kim bilmirdi. Elə həmin gün ortadan yox olmuşdu. İflas edən şirkətin malları şəriklər arasında bölünürdü. Müdirə müflis olmuşdu. Qadın dəfələrlə polis idarəsinə çağırılırdı.

Aylarca axtarışlar davam etsə də hadisə nəticəsiz qaldı. Anar elə bil var olmamışdı. Qadını heç bir şirkət işə götürmürdü. İnamsız gözlərlə baxırdılar ona. Ailəsi belə üz döndərirdi. Nişanlısı özünə yenisini tapmışdı. Hamı həyatını yenidən qura bilmişdi, Qadından savayı...

Ruhuna vurulan yaranın ağırlığı, içini gəmirən intiqam arzusu onu rahat buraxırdı...

İllərin yükü hələ də qadının çiyinlərində idi. Ömrü barda keçmişdi hardasa. Burada nə işi var idi, ətrafına son dəfə baxdı. Səhnədən düşdü. Bəzək otağına tərəf addımladı. Parikini çıxardı. Üzünün boyasını təmizlədi. Üzərindən on il keçmişdi, lakin unuda bilməmişdi qadın heç nəyi. Evi halına gələn otağına nəzər saldı.

Mücrüdəki balaca açarları götürdü. Üstünü toz basmış qutunu açdı. Xüsusi zövqlə seçilmiş silahını götürdü. Bir siqaret yandırdı...

Budur yenə də polislərin sorğu-sualına cəlb olunub, bu dəfə isə ağlamır, qorxmur. Üz-gözündən qalibiyyət yağır.

Yerlə sürünən dekoltəli gümüşü donun üstü al qana boyanıb. Qadın silahdakı bütün qurşunları Anarın cisminə boşaltmışdı... Qadın Anarın lazımsız vücuduna həbs olan ruhu azadlığa buraxmışdı...

# 6242 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #