Cek Londonun ekstrasensliyi  

Cek Londonun ekstrasensliyi  
7 fevral 2013
# 12:41

Cek Londonun sosialist olması məlum faktdır. Yazıçı illər boyu ABŞ Sosialist partiyasının üzvü olub, onun fəaliyyətində iştirak edib, beynəlxalq həmkarlar təşkilatı olan “Dünya Sənaye Fəhlələri”ni (IWW) dəstəkləyib, habelə Sol hərəkata maliyyə dəstəyi verib. Sonralar Sosialist Partiyasından bəyanat verərək çıxması isə heç də ideologiyadan ayrılması ilə yox, partiyanı passivlikdə suçlaması ilə bağlı olub.

Yazıçının qələmindən proletariatın problemlərinə həsr olunmuş bir çox bədii və publisistik yazılar çıxıb. Onların arasında “Dəmir daban” romanının əlahiddə yeri var.

***

"Tarixçilər və filosoflar üçün oliqarxiyanın qələbəsi həmişəlik həllsiz tapmaca olaraq qalacaq. Sosial təkamülün gedişatında ona yer yox idi. Onun gəlişi tarixi cəhətdən əsassız idi və qaçılmaz deyildi. O, tarixdə dəhşətli anomaliya, dərkolunmaz kuryoz kimi qalacaq”

(Cek London. “Dəmir daban”)

1908-ci ildə 32 yaşlı Cek London “Dəmir daban” romanını yazır. İlk antiutopiyalardan biri sayılan əsər 25 il ərzində diqqəti xüsusi olaraq cəlb etmir. Yalnız 1940-cı illərdən başlayaraq ardıcıl olaraq kitabdakı öncəgörmələrin doğrulmağa başlaması əsərin ədəbiyyat tarixində öz layiqli yerini tutması ilə nəticələnir.

Necə ki özünün “Kataloniyanın xatirəsinə” kitabı ilə Corc Oruell siyasi publisistikanı incəsənətə çevirmişdi, oxşar ifadəni “Dəmir daban” haqqında da işlətmək olar: Cek Londonun sayəsində siyasi ideologiya və sinfi mübarizə incəsənətə dönüşdü.

Əsər inqilabçı Ernest Everqardın həyat yoldaşı Evisin gündəlikləri formasında qələmə alınıb. 1917-ci ildə ABŞ-dakı üsyandan bir müddət sonra həlak olan Evisin yazdıqları yalnız 27-ci əsrdə - İnsanların Qardaşlığı erasında aşkarlanır və dərc olunur. Əsərdəki hadisələr isə 1912-1918-ci illərin təsviri kimi verilib. Bəlli olduğu kimi, Cek London 1916-cı ildə böyrək çatışmazlığından vəfat edib, yəni, əsərin süjetində o, hələ olmamış və gələcəkdə baş verəcək hadisələri təsvir edib.

Bizim illərimizdə isə “Dəmir daban” - reallaşmış antiutopiyadır. Müəllifin “terrorçu kapitalizmin hakim sinfi” adlandırdığı oliqarxlar dövrümüzdə tamamilə leqallaşıb və ən populyar kəlmələrdən birinə çevrilib. Cek London “Dəmir daban” dövrünü quldarlıq üsulları ilə müasir texnologiyanın birləşdirildiyi bir idarəetmə forması sayırdı. Ətrafınıza baxın: Dünya düzəni məhz bu ssenarinin gerçəkləşməsindən xəbər verir.

Bu cəhətdən Cek London öncəgörəndir...

***

“ - Əgər bütün dünyaya yiyələnmək uğrunda mübarizədə trestlər qalib gəlsə, bəs onda?

- O zaman, - deyə Ernest cavab verdi, - siz də, biz də və bütün fəhlə sinfi bəşəriyyət tarixinin hətta ən qaranlıq dövrlərinin belə tanımadığı cilovsuz və rəhmsiz zülmkarlığın dəmir dabanı altında əziləcək. Bəli, onun adı belədir - Dəmir daban”.

(Cek London. “Dəmir daban”)

Cek Londonun “Dəmir daban”ını dünya ədəbiyyatı tarixində oliqarxlar və oliqarxiya haqqında ilk roman sayırlar. Əsər kapitalizmin analizinə, onun hansı istiqamətdə inkişaf edəcəyinə və quruluşa qarşı əsrlərlə davam edəcək dirənişə həsr olunub. Bəzən “Dəmir daban”ı pessimist əsər adlandıranda yanılmırlar - müəllif uzun və çətin yoldan, ancaq bu yolun qaçılmazlığından danışır.

Yazıçının kapitalizmi qamçılayan və işçi sinfinin mübarizəsindən bəhs edən digər yazıları da var, ancaq onlar kiçik həcmlidir və publisistikdir (“Mən niyə sosialist oldum?”, “İnqilab” və s.), yalnız “Dəmir daban” sosialist yazıçının ideyaları ən dolğun şəkildə əks olunmuş irihəcmli bədii romanıdır.


Əsəri ilk dəfə orta məktəb şagirdi olarkən (1986-cı il) oxumuşam. “Martin İden”dən, “Vaxt gözləmir”dən, “Əcdadların çağırışı”ndan və çoxsaylı hekayələrindən sonra “Dəmir daban”ın məni riqqətə gətirmədiyini, xüsusi bir təsir bağışlamadığını, hətta darıxdırdığını söyləməliyəm. Yeniyetmə yaddaşımda daha çox qan içində boğulan Çikaqo üsyanın emosional təsvirləri qalmışdı.


Kitab dilimizə tərcümə idi. 1971-ci ildə Yusif Əzimzadə tərəfindən çevrilmişdi. Tirajı da bu gün üçün çox böyük görünür: 50 min. Və mükəmməl bir tərcümə. O cür tərcümələrlə indi rastlaşmaq müşkül məsələdir.


İkinci dəfə “Dəmir daban”a 2 il əvvəl qayıtdım. Və sanki əlimdə ilk dəfə tuturdum, sanki bu kitabı hələ 15 yaşımda mütaliə etməmişəm. Sirr isə sadə idi: Onu ilk dəfə oxuduğumda tamam başqa ölkə, başqa quruluş, başqa reallıqlardı. Kitabda yazılanlar, oradakı səfalət, istismar, sinfi mübarizə təsvirləri o vaxtlar yadplanetlilərin xatirələri kimi görünürdü və bizlərə tamamilə yaddı. Biz kapitalizmin mənzərələrini yalnız televiziyadan, həftədə 1 dəfə “Beynəlxalq panoram”da, ya da hər gün 15 dəqiqəlik “Dünya bu gün” verilişində görürdük. “Oliqarxiya”, “trest və monopoliyalar”, “fəhlə aristokratiyası”, “orta sahibkarlar”, “zorakı yolla mübarizə”, “ştreykbrexerlik” ağlabatmaz terminlərdi. Nə yazıq ki tezliklə onlar reallığa çevrildilər və 1980-cı illərdə qeyri-aktual, utopik görünən “Dəmir daban” təsvirləri hazırda gündəlik reallığımıza çevrildi.

***

“Mən sərbəst peşə və sənət nümayəndələrinə nökər dedim. Onları başqa nə adla çağırmaq olar? Onların hamısı - professorlar da, vaizlər də, jurnalistlər də plutokratiyaya xidmət edir; bu xidmət də ondan ibarətdir ki, onlar ya tamamilə zərərsiz, ya da hakim siniflərə xeyirli olan ideyaları yayırlar. Bu adamlar öz hakimləri üçün təhlükəli olan ideyalara tərəfdar çıxan kimi işdən qovulurlar. Əgər onlar qara günləri üçün bir şey tədarük etməyiblərsə, bircə yolları var - aşağıya, proletariata doğru; orada isə ya məhv olur, ya da təbliğatçı fəhləyə çevrilirlər”

(Cek London. “Dəmir daban”)

Mənə isə təkrar oxuduqca Cek Londonun hələ 100 il əvvəl bir çox şeyləri necə aydınlıqla proqnozlaşdırdığına (və uzun illər boyu bu proqnozları hamının xülya saydığına) təəccüblənmək qaldı. Düzdür, oxşar ideyalara digər mütəfəkkirlərdə rast gəlmək olur, məsələn Leninin “İmperializm kapitalizmin ali mərhələsi kimi”, yaxud “Dövlət və inqilab”ında, ancaq Cek London xronoloji olaraq Lenini qabaqlayır. Üstəlik, “Dəmir daban” fəlsəfi yox, bədii əsərdir. Siyasi fikirlər nə qədər mükəmməl olmalıdır ki, onu bədii obrazlara köçürə, iqtisadi qanunauyğunluqları sadə oxucu üçün anlaşıqlı dilə çevirə biləsən - Cek Londonun ən böyük üstünlüyü də buradadır.

Əsərdə oliqarxik kapitalizmin təşəkkülünün dolğun təsviri verilir. Get-gedə əvvəl xırda, sonra orta müəssisələr sıradan çıxarılır. Onları oliqarxların əlində cəmləşən trestlər “udur”. Özlərindən və güclərindən ifrat razı fermerlər oliqarxiyanın növbəti qurbanı olurlar. Oliqarxlar izafi gəlir ardınca xarici bazarlara çıxırlar (Oxu: qlobalizm), digər mərkəzi kapitalizm dövləti olan Almaniya ilə ABŞ-ın bazar rəqabəti müharibəyə aparıb çıxarır (Oxu: Dünya savaşı). Ancaq bütün dünya sosialistlərinin iş yerlərini buraxıb tətilə çıxması və beynəlmiləl pasifizm bu müharibəyə mane olur. Almaniyada sosialistlər kayzeri devirib hakimiyyətə gəlir, ancaq ABŞ-da oliqarxlar hakimiyyətdə möhkəmlənirlər. Everqard onların hakimiyyətini “Dəmir daban” adlandırır.

Sonrasına diqqət edin: Orta sahibkarlar (xüsusən də fermerlər) müflis olmaqlarına üsyanla cavab verirlər. Üsyan qan içində boğulur. Ordu Dəmir dabanın silahına çevrilir. Eyni zamanda oliqarxlar həmkarlar təşkilatlarını satın alırlar (bizdəki kimi).

Beləliklə, ölkədə 3 sinif qalır: oliqarxlar, imtiyazlı fəhlələr (onlara həyati vacib əhəmiyyətli istehsal müəssisələrində çalışanlar və bir də metamorfoza uğramış “ofis planktonu” uyğun gəlir), bir də həyatın dibinə düşmüş kütlə (klassik anlamdakı proletariat. Yəni, “heç nəyi olmayanlar”)

***

“Müharibə bir çox ölkədə artıq malları işə verməyə yol açmalı idi, işsizlər ordusunu azaltmalıydı, nəhayət, oliqarxiyaya öz planlarını hazırlayıb həyata keçirməyə şərait yaratmalıydı. Müharibənin köməyilə xalq arasında geniş yayılmış “Sosializm oliqarxiya əleyhinə” şüarını “Amerika Almaniya əleyhinə” şüarı ilə əvəz etmək olardı”

(Cek London. “Dəmir daban”)

Əsəri oxuduqca indiki dövrlə oxşarlıqlar da qar topası kimi artır: Daha xırda və orta sahibkarlar yoxdur, oliqarxlar güc strukturlarını gücləndirir, total nəzarət tətbiq edir, həmkarlar təşkilatlarını “əl oyuncağı”na çevirirlər. Fəhlələrin bir qismi - yüksək ixtisaslı hissəsi üçün normal həyat şəraiti yaradılır (Bunu indi Qərbdə olan “fəhlə aristokratiyası” ilə müqayisə edin). Onlara Cek London rabitə, nəqliyyat, maşınqayırma və hərbi kompleks sahələrinin fəhlələrini aid edir. Beləliklə, fəhlə sinfi bölünür, ştreykbrexerlik adiləşir. “Seçilmiş” fəhlələr komfort evlərdə yaşayır, onların tibbi xidməti, övladlarının təhsil hüququ var. Əksər fəhlələrin isə maaşı azaldılır, iş saatları artırılır, onlar şəhər mərkəzlərindən uzaqlaşdırılır, getto və baraklara sürülür. Onlar klassik anlamda proletariata (heç nəyi olmayanlara), lümpenlərə (sinifsiz fərdlərə) çevrilir. Onların mövcudluq şəraiti elementar mədəniyyətlərini də məhv edir. Bu fəhlələrə maaş əvəzinə sadəcə bir qab yemək verilir, işləmək isə məcburidir.

Beləliklə, var oliqarxlar, var onlara xidmət edən, öz sinfi mənsubiyyətini satan “fəhlə aristokrariyası”, bir də var lümpenlər, mədəniyyətini, insanlığını itirməkdə olan, deqradent kütlə.

***

“Ştreykbrexerçilik bir peşə kimi məhv olacaq. Daha heç bir tətil baş verməyəcək, onu kölələrin qiyamları əvəzləyəcək. Bax o zaman ştreykbrexerlərin quldur dəstələri yüksək pilləyə qalxacaq. Onları kölələrə nəzarətçi təyin edəcəklər. Əlbəttə, heç kəs onları bu adla çağırmayacaq. Onlar əmək haqqındakı qanunun keşikçiləri hesab ediləcəklər. Nüfuzlu ittifaqların xəyanəti bizi çox geriyə atacaq”

(Cek London. “Dəmir daban”)

Cek London “Dəmir dabanı”nda zülmətə qərq olmuş bir gələcəyi təsvir edirdi. 1940-cı illərdə Corc Oruell bu əsəri xəsisliklə tərifləməklə yanaşı, proqnozların bir çoxunun doğrulmadığını qeyd etmişdi. Ancaq maksimalist olmayaq: Oruelldən sonra onun öz proqnozları kimi, Cek Londonun da bir çox proqnozları doğruldu. Sadəcə, Oruell bunu görmədi. Cek London isə əslində 1980-cı illərdən bütün dünyaya etalon kimi sırınan neoliberalizmi təsvir edirdi. Haradasa daha kustar formada, bədii şəkildə, ancaq ümumən dəqiq və öncəgörmələrlə.

Londonun proqnozlarına görə, mübarizə yüzillər boyu davam etməliydi. Uğursuz üsyanlar, irimiqyaslı repressiyalar hər dəfə inqilabçıların ən parlaq və barışmaz nümayəndələrinin məhvi ilə nəticələnirdi. Yoxsulluq və hüquqsuzluq fonunda isə oliqarxiya hər dəfə topladığı pulların “yuyulması” məqsədi ilə xalqa heç bir faydası dəyməyən yollara əl atacaqdı. Məsələn: “Oliqarxlar pullarını xərcləməyə yer tapacaqlar. Yollar salınacaq, nəhəng tikintilər onlardan ötrü gəlirlərini işə vermək üçün qaçılmaz vasitəyə çevriləcək. Oliqarxlar bu işləri görməyə məcbur olacaqlar. İmtiyazlı ticarət təbəqələrinin yerini fəhlələr tutacaq. Onların ayaqları altında, qaranlıq quyuda isə zəhmətkeş xalq, əhalinin ən böyük hissəsi donacaq, aclıq çəkəcək və diri-diri çürüyəcək. Lakin elə bir gün gələcək ki, xalq quyudan çıxacaq. Fəhlə təbəqələri və oliqarxiya süqut edəcək...”

Bütün məğlubiyyətlərə baxmayaraq, qurtuluşun yeganə yolu kimi London İnqilabı göstərir. Məsələn, dinc taktikaya, demokratik seçkilərə ümid bəsləyən sosialistlər deyəndə ki, “Milyonlarla narazı, məzlum adam bizə qoşulur. İndi fermerlər də, orta siniflər də, kənd təsərrüfatı fəhlələri də bizimlədir. Bir ay sonra bizim 50 nümayəndəmiz Konqresə seçiləcək, 2 ildən sonra isə prezidentdən tutmuş süpürgəçiyə qədər bütün mövqelər əlimizdə olacaq”, əsərin əsas qəhrəmanı Ernest Everqard başını bulayaraq cavab verir: “Yaxşısı budur, deyin görək, tüfənginiz çoxdurmu, patronları hardan alacaqsız?”

Onun proqnozu bu dəfə də doğru çıxır: Konqresə seçilmiş sosialistlər (Everqard da daxil olmaqla) və fermerlərin nümayəndələri həbsə atılır, Konqres özü isə mənasız və faydasız bir quruma çevrilir. Onun mövcudluğuna Evis Everqard öz gündəliyində bu cür qiymət verir: “Senatın və Konqresin işi hoqqabazlığa, boş rəsmiyyətə çevrilmişdi. Orada hələ də hansısa məsələlər müzakirə və həll edilirdi, lakin bu iş ona görə görülürdü ki, oliqarxiyanın hökmlərinə qanuni görkəm verilsin”.

***

“Əhalinin böyük bir hissəsi - dibsiz uçurumun sakinləri getdikcə daha artıq mal-qara itaətkarlığına və ümidsizliyinə qapılırdılar. Onların arasından güclü şəxsiyyətlər çıxdığı zaman isə oliqarxiya bu şəxsiyyətləri öz toruna salır, imtiyazlı fəhlələrin və ya muzdluların sırasına daxil edirdi. Beləliklə, əvvəlcədən hər cür etirazın qarşısı alınır və proletariat onun rəhbərinə çevrilə biləcək adamlardan məhrum olurdu”

(Cek London. “Dəmir daban”)

Etirazçıları məhv etməklə və fəhlə sinfinin aktiv hissəsini parçalamaqla Dəmir daban əhalinin əksər hissəsi üçün elə qaydalar müəyyənləşdirir ki, onlar quldarlıq quruluşunu xatırladır. “Oliqarxlar özlərinə heyvan təlimçisi kimi, bəşər sürüsünün hökmranı kimi baxırdılar... Oliqarxlar bir sinif kimi özlərini mədəniyyətin yeganə daşıyıcısı sayırdılar. İnanırdılar ki, cilovu boşaltsalar, ibtidai heyvanın açılmış ağzı onları udacaq” - Cek London Evis Everqardın dili il yazır. Bir sözlə, “Eqoizm erası” bərqərar olur. Bu erada əhalinin 80 faizi lazımsız, həyatın yeraltına itələnmiş, siyasətdən uzaq, apatik və yeganə missiyası qul kimi istismar olunmaq olan “vəhşi heyvan”dır.

Ancaq yenə də gec-tez İnqilab qalib gəlməlidir - Cek Londonun bədbin əsərinin əsas nəticəsi də elə bundadır. Ernest Everqardın çıxışından balaca bir sitata diqqət kəsilin:

“İnsan cəmiyyəti öz tarixi boyu heç vaxt indiki kimi qeyri-sabit vəziyyətdə olmayıb. Haradasa cəmiyyətin dərinliklərində gözlə görünməyən, nəhəng çevriliş yetişir. Bu prosesləri daha çox altıncı hiss ilə qavrayırsan. Nə isə yerindən tərpənir - nəhəng, aydın olmayan, qəzəbli… Mən hansısa nəhəng və qəzəbli hadisələrin gəlişini gözləyirəm, onların kölgəsi artıq üfüqü qapadır. Onun xarakter və təbiətini hətta təsəvvür etmək də çətindir…”

Everqard gələn fəlakəti hiss edir, ancaq onu geniş təsvir edə, ona ad verə bilmir. Çünki, baş verənlər tarix üçün tamamilə yenidir.

O yenilik-Dəmir daban idi. Daha o da yeni deyil. Və yenə də Everqardın ardınca təkrarlaya bilərik: Yeni nə isə yenə yetişir və gəlir. “Və Onun xarakter və təbiətini hətta təsəvvür etmək də çətindir…”

# 5591 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #