Metroda nə vaxt öpüşmək olar?

Metroda nə vaxt öpüşmək olar?
30 mart 2017
# 11:03

Şərif AĞAYAR

Bekarçılıqdır, deyirəm söhbətə bir az uzaqdan başlayım.

Bir dəfə bir dostumla toylarımızdakı yengəlik adəti haqqında fundamental mübahisəmiz düşdü.

Dostum israrla sübut etməyə çalışırdı ki, gəlinə yengə getməsi sadəcə biabırçılıqdır və bir xarici vətəndaş qarşısında bizim ən utanılası cəhətimizdir.

Adam da adamın yatağını pusar?

Adam da adamın pastelinə “kamera qoyar”?

Təbii, ilk baxışdan dostum haqlıdır.

Amma…

Amma məsələ bu qədər sadə deyil.

Gəlin, dostumun qarşısına qoyduğum arqumentləri bura da yazım, qədirşünas xalqımızın imkanı olsa, oxuyub şənlənsin.

Demək, bizim dini və milli gələnəklərimizdə qan davası və nəsil düşmənçiliyi deyə hamımızın bildiyi bir adət var. Olsun, bir söz demirik. Sadəcə, məsələnin daha faciəvi tərəfi ordadır ki, bəzən bu düşmənçiliyə heç bir günahı olmayan gənc oğlanlar və qızlar qurban gedir.

Bu yerdə zəhmət olmazsa, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsini xatırlayın.

Bəs gənc qızlar qan davasının və nəsil düşmənçiliyinin günahsız qurbanına necə çevrilir: onları alırlar, toy-büsatla gəlin köçürürlər, amma pis adla qovub, təkcə bir ailəni deyil, bütün nəsli sındırırlar!

Yengə toy-büsat qurub o qədər də dərindən tanımadığı ailəyə gəlin gedən köməksiz qızcığazların yeganə xoşbəxtlik qarantıdır.

Biz elə bir ölkədə yaşayırıq ki, bu sayaq məsələlər qanunla tənzimlənmir.

Və bunu nəinki zərərverənlər, heç zərərçəkənlər də istəmir.

Bizim insanımız qanunu öz intim dünyasına buraxmır, namus-qeyrət söhbətlərini daha çox adət-ənənələr və dini inanclarla tənzimləməyə üstünlük verir.

Səbəb çox sadədir: biz vətəndaş cəmiyyəti qura bilmirik!

Vətəndaş cəmiyyəti qura bilmiriksə və buna doğru ciddi addımlarımız yoxdursa, əxlaqi davranışlarımız istər-istəməz din və mentalitetlə tənzimlənəcəkdir.

Bir yol, bir ərkan olmalıdır axı.

Bir az da sadə desək, cəmiyyət bizə vətəndaş olaraq yox, nümunəvi ailə başçısı olaraq, müəllim olaraq, fəhlə olaraq, rəis olaraq, varlı-kasıb olaraq, xeyrə-şərə yarayan-yaramayan qohum olaraq qiymət verir.

Milli və dini dəyərlərin dominant olduğu inkişaf etməmiş ölkələrdə vətəndaş cəmiyyətlərinə xas hərəkətlər qıcıq, etiraz, hətta cinayət törədir.

Biz demək olar ki, hər gün saytlarda və sosial şəbəkələrdə milli-dini dəyərlərlə vətəndaş cəmiyyətinə xas davranışların amansız toqquşmasına şahid olmuruqmu?

Məhz buna görə “Mən azad seksin tərəfindəyəm” - deyən adama anındaca sual verilir: “Bacının, qızının azad münasibətinə razı olarsanmı?”

Əgər vətəndaşa qiymət bir fərd, bir şəxsiyyət, bir vətən sakini kimi yox ana-bacı-arvadın oğlu-qardaşı-əri kimi verilirsə, bu sual təbiidir.

Əgər hələ də bir atanın, bir ailənin, bir nəslin qisasını bir qızdan almaq istəyən qafalar varsa, yengə qaçılmazdır.

Əgər milli-mentalitet və dini ənənələr demokratik cəmiyyətin özülünü təşkil edən ali qanunlardan yüz qat üstün tutulursa, metroda, bir ailənin gözü qarşısında öpüşmək doğru deyil.

Bax həmin milli-dini dəyərlərdir ki, qatarda öpüşən cütlüyə şillə-təpiklə münasibət bildirir.

Mən demək istəmirəm ki, vətəndaş cəmiyyəti qura bilmiriksə, metroda öpüşməyək.

Demək istəyirəm ki, cəmiyyətimizdə milli-dini dəyərlər dominantdırsa metroda öpüşməmək də olar...

# 1311 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #