Futbol topunu parçalayan kişi

Futbol topunu parçalayan kişi
8 iyul 2016
# 12:27

Futbolu İtaliyaya görə sevmişəm. Əsas da Tottiyə görə. Uşaq vaxtı onun formasını əynimdən çıxarmırdım.

Bir də 2002-ci il Dünya Çempionatı yadımdan çıxmır.

Hasan Şaş qol vuranda elə bildik ki, atamız bizə restoranda qonaqlıq verəcək. Atamın həyəcanı indi də yadımdadır, siqareti siqaretə calayanda Türkiyə bir də görürdün qol vurdu.

Öz məhəllə komandamız vardı. Uşaqların içində ən balacası mən idim. Oyun bitəndən sonra yorulmuş oyunçulara su gətirmək işinə də mən baxırdım.

Məni yarımmüdafiəyə qoymuşdular, ancaq müdafiəçi kimi bir şey idim. Məktəbin stadionunda oyuna girəndə özümü hansısa legioner futbolçu kimi hiss edirdim. Stadionun ətrafı qadınlarla, uşaqlarla dolurdu, hamı gözünü dörd açıb oyuna tamaşa edirdi. Çığır-bağır, plastik butulkalara yığılmış daşlardan çıxan səslər hələ də qulaqlarımdadır.

Bir dəfə necə oldusa topu öz qapımıza vurdum. Məhəllə komandamız 2-1 geridə idi, bu qol hamını məyus etdi. Komandanın kapitanı, məhəllənin vurub tutan oğlanlarından Cəmil başıma qapaz vurub oyundan qovdu məni. O gün kor-peşiman evə qayıtdım və bir daha oynamayacağıma söz verdim. Səhəri gün bütün komanda oyunçuları qapımızın ağzında boynubükük mənə yalvaranda yumşaldım.

Yataqxanamızın yanında uşaq xəstəxanası var. Asfalt döşənmiş yerdə dəfələrlə futbol oynamışıq. Çox vaxt top tapmayanda corabları iç-içə doldurub oynayırdıq. Xəstəxananın növbətçisi vardı, yaşlı, buz kimi soyuq adam idi. Hər dəfə əlinə topumuz keçəndə bıçağı ilə ikiyə bölürdü. Ondan çox qorxurduq. Ona görə də uşaqlardan birini pusquda saxlayırdıq ki, gələndə xəbər versin.

Bir dəfə əlində çubuq üstümüzə yeriyəndə uşaqlardan birinin qəfil ayağı ilişdi, yerə yıxılanda ağlamağa, çığırmağa başladı. Kişi bunu görən kimi çubuğu kənara atıb uşağı ayağa qaldırdı, dizindəki yaraya baxdı. Onu ilk dəfə bu cür qayğıkeş gördüyümüzdən şaşırmışdıq, bir-birimizə baxıb susurduq.

Kişi bir anlıq gözdən itdi, sonra əlində yod və pambıqla qayıtdı. Bir azdan uşaq gümrahlaşdı, üzü güldü. Növbətçi bizə sarı çöndü:

- Topu verin bura!

Hamımız qorxduq, dedik ki, bu saat partladacaq. Ancaq elə olmadı. Topu havaya tullayıb “oynayın” dedi və getdi...

Sonralar futbol oynamağı bir kənara qoyanda o kişi haqqında bir çox şeylər öyrəndim. Öyrəndim ki, onun heç vaxt övladı olmayıb. Arvadı xərçəngdən ölüb.

# 2485 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #