Ağsu aşırımında buz fırıldağı

Ağsu aşırımında buz fırıldağı
28 yanvar 2016
# 16:48

Üç il əvvəl elə bu günlərdəki kimi, qarlı, şaxtalı günlərdən birində Bakıdan qayıdırdım. İsmayıllı tərəfdən gedəcəkdim. Yola elə çıxmışdım ki, günortadan sonra mənzil başına çatım. Hava aydınlıq olsa da gün azca əyilən kimi günortanın istisində əriyib yola yayılan qar suları donur, buz tuturdu. Axşam toranında, buzlu yollarda maşın idarə etmək həm çətin, həm də təhlükəliydi.

Qobustan yoluna çıxdım, bir xeyli gedəndən sonra sanki içimdən bir səs mənə dedi ki, qayıt, dön Kürdəmir yoluna. Uzaq da olsa təhlükəsizdir, can rahatlığıdı. Gəl ki, bir az uzaq düşür, həm ipək yolunda çox sıxlıq olur, qarşına bir tır da çıxdısa, tamamdır, sürünməyə başlayırsan. Amma Ağsu və Şamaxı dağlarındakı dolambaclarda da zatən bu havada yüksək sürət mümkün deyil. Ən qorxduğum yer isə Ağsu tərəflərdə, çaya enən hissədir. Dağın quzeyindən keçən yol bütün günü kölgədə qalır, kürünsə də, qarı yumşalsa da, asfalt tam təmizlənmirdi. Tərəddüdə qaldım, nə edim, necə edim deyə.

Mən yolçuluqda yardımlaşmağa, soruşa-soruşa mənzil başına çatmağın mümkünlüyünə inanan adamam. Sürücülərin “yetmiş üçüncü” millət olduğuna güvənənlərdənəm. Odur ki, maşını saxladım, düşüb yolun əks yönündən gələn sürücülərdən yolun vəziyyətini xəbər almağı qərarlaşdırdım.

Sürücülər yolun açıq olduğunu dedilər. Məni məhz həmin dediyim yer qorxutduğundan, məxsusi soruşdum ki, Ağsu dairəsindən sonrakı eniş nə durumdadır?

Aldığım cavabın məyusluğunu üç ildir ki, üstümdən ata bilmirəm…

Məlum oldu ki, tam günorta saatlarında dolaylara yetişsəm, yəqin ki, keçə biləcəyəm. Yetişməsəm də oralarda yoxuşu çıxmaqda çətinlik çəkən maşınları yuxarı dartmaq üçün traktorlar var, yolun vəziyyətindən aslı olaraq 10-20 manata bu işi həll edirlər. “Yol idarəsinin traktorlarıdır?” - çox sadəlovh sualmış. Yaşlı sürücü başını buladı, “Nə Yol idarəsi, ordakı sakinlərin traktorlarıdır, körpüdən iki tərəfdə yığılıb dayanıblar, həm gedən, həm gələn maşınlara baxırlar”.

Düzü bunu ilk dəfədir ki, eşidirdim, heç nə anlamadım. Kişi siqaretindən bir qullab alıb yaxşı bir söyüş söydü, mən pis oldum, “adamlar yaxşılıq etmək istəyirlər bəlkə” - hərçənd deyilən məbləğ az deyildi. “Nə yaxşılıq, oğraş usagı, özləri yoxuşlara su buraxırlar, hava sınan kimi yol donur, nə qalxmaq olur, nə düşmək, gəlirlər ki, “hörmət edin, maşını dartaq”…

“Nə danışırsınız, bu ki, başdan ayağa təhlükədir, cinayətdir!”. “Bunun onlar qanmırlar ki, qarın yağmağını, şaxtanı fürsət bilirlər, qazanan qazananadır”. “Bəs polis?” “Polis tutammır ki, suyu buraxanda, gözüylə görməyib, nə desin? Belədə də necə sübut edəsən, kömək edir kişilər, istəmirsən, qayıt başqa yolla get”…

Adamı yoldan saxladığım üçün üzrxahlıq etdim, maşına oturdum, mühərriki işə saldım və geri qayıtdım. Kürdəmir yoluyla gedəcəkdim, şükr edirdim ki, xəbər almışam…

Yol boyu yaşlı sürücünün dediklərini fikrimdə dolandırdıb durdum. Anlayıram, vəziyyət pisdir, çətindir, əsasən də qış aylarında, günəmuzd işləyən adamlar üçün demək olar iş tapılmır. Amma bəs insanlıq, bəs vicdan? Sən o pulu evinə, ailənə necə aparacaqsan? Ya kimsə təhlükəni gözə aldısa? Ya kimsə diqqətsizlik edib heç fikir vermədisə? Ya kiminsə bakındakı yanacaq ancaq evinə gedib çatacaq qədərdirsə və geri qayıdıb başqa yolla getmək imkanı yoxdursa? Ya kimsə cibində pul olmadan evinə çatmağa çalışırsa? Ya kiminsə xəstəsi varsa, ya kimsə… Alt tərəf dərin uçurum, üst tərəf daima enib gələn sürüşmə… Yaxşı, edirsən-edirsən, heç olmasa təbiətin yaratdığı təhlükədən sonra özünə haqq qazandıracaq qədər faydalan, daha bir də bunun üstünə özünün təhlükə əlavə etməyin nədir?

Yaratmaq və təbiətin üstünə atmaq…

…Bizdə bir adamın qızına elçi gələndə deyirlər ki, “qazanan oğlandır, cin kimidir, daşdan pul çıxarır”… Bəli, qazanan oğlanlar adətən hörmətli olurlar. Hardan qazanmaqları maraqlı deyil, əsas odur ki, qazanırlar. Düşünə bilərsiniz ki, insanların çətin vəziyyətindən pul çıxaran həmin traktorçuların işi xəstəsini soyan həkimin, məhkəmədə verəcəyi hökmü satan hakimin, savadlı tələbəsini pul üçün kəsən müəllimin cinayətinin yanında nədir ki? Belə baxanda heç nə. Amma bir şey dəyişməz olaraq qalır - Səbəb. İnsan həyatının itirilməsinə, şikəstlik qazanmasına, daha neçə ailənin göz yaşına, taleyinin dəyişib fəlakətə sürüklənməsinə səbəb… O səbəbi kim yaradır yaratsın, bağışlana bilməz.

…Yazdığım hadisənin üstündən üç il keçib. Mən hələ də qarlı-şaxtalı qış günlərində o yolla getməli olan sürücüləri - insanları düşünürəm. Bilmirəm, yenə oralarda həmin traktorçular, ya da onların davamçıları dayanırmı, yenə yollara su calayırlarmı? Bəlkə də çoxdan yığışdırıblar onları yollardan…

Bilmirəm… Qorxususa canımdan çıxmır… Mənə elə gəlir ki, onlar hər an, istənilən yerdə görünüb, öz məqsədlərini həyata keçirib, yenə itə də bilərlər… Yol kəsən quldur misalı…

Amma bilirəm ki, o zaman, o gün aldığım sarsıntı mənə bir ömür yetəcək.

Nə olursa-olsun, insan pulla alınıb-satılmayacaq şeylərin müqəddəsliyinə tapınmalıdır. Vicdanını heç nəyə görə itirməməlidir. İnsanlığını unutmamalıdır…

Əsas da yollarda…

# 980 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #