Məni ağladan və güldürən Zaur

Məni ağladan və güldürən Zaur
27 noyabr 2015
# 12:53

Xiyabanda gəzişirəm. Böyür-başımdan mən yaşda, məndən də ahıl adamlar keçir. Onlara öyrəşmişəm, bəzilərilə salam-kəlamımız da var. Amma bir gün gözlərimə inanmadım. On-on bir yaşlı bir uşaq da bizə qoşulur. O da ahıl adamlar kimi gəzişməyə başlayır. Kök deyil ki, deyəsən özünü arıqlatmaq istəyir. Xiyabanla üzbəüz məhəllədən bir uşaq onu çağırır. Bilirəm ki, adı Zaurdu.

Səhərisi günü yenə də onu görürəm. Maraq məni götürür.

- Zaur, - soruşuram, -neçə yaşın var?

Adını eşidəndə təəccüblənib eləmir, elə bil, şah balasıdı.

- On bir,-deyə təmkinlə cavab verir.

Mən də şahın lələsi (vəziri) kimi ona sual verirəm.

- Bəs niyə məktəbə getmirsən?

- Mən?

“Yox bir, mən”. Ürəyimdə deyinirəm. Dalınca da:

- Niyə? – deyə soruşuram.

- Getmirəm də...

Cavaba və təmkinə bax e!

Növbəti sualı gözləmir. Ala, iri gözlərini hərləyib mənə baxır:

- Həkimlər icazə vermir.

Son sözləri əkəş kişilər kimi deyir və əlini dümbəyinin üstünə qoyur.

Hazır şah balasıdı ki, durub.

- Niyə icazə vermirlər ki?

- Deyə bilmərəm...Sonra əlavə edir:-Anam deyib ki, heç kim bilməsin.

- Nəyi?

- Xəstəliyimi.

O qədər soyuqqanlıdı ki...

- Onda demə!

- Demək istəyirəm axı.

- Onda de.

- Ürəyim xəstədi.

Bu sözləri də şəstlə deyir, sanki böyük bir imtahandan uğurla çıxıb, ya hansısa yarışda qalib gəlib.

- Heç nə olmaz, -deyirəm, - keçib gedər.

İndi sorğu-sual növbəsi ona keçir.

- Sizin də ürəyiniz xəstədi? -soruşur.

Bir yerdə gəzişirik axı.

- Hə, - yalandan cavab verirəm.

- Çoxdan?

- Çoxdan, uşaqlıqdan.

- Mənim kimi... -deyir, gözləri işıqlanır, sonra da başını qovzayıb boyuma baxır, sanki boyumu ölçür. Sonra daha bir sual verir:

- Amma məktəbə gedirdiniz, hə?

- Hə, -deyirəm,- yenə də uydururam. Öz-özlüyümdə ona ürək-dirək verirəm və indi sual növbəsi yenidən mənə keçir:

- Zaur, atan-anan var.

- Anam var.

- Bəs atan?

- Atam bizi qoyub getdi. Anam deyir ki, mənə görə gedib. Əlimdən bezibmiş. Tez-tez ürəyim gedir axı.

Bu sözləri elə deyir ki, sanki bir avtobus buraxıb, indi yenisini gözləyir.

- Hmmm,- deyə mızıldanıram və daha bir sual verirəm.

- Anan nəçidi?

- Həkim.

- Yəqin sən də böyüyəndə həkim olassan, -deyə kəşfiyyat xarakterli daha bir sual verirəm.

- Yox,-qətiyyətlə deyir.

- Niyə?

- Anam evə gələndə ondan dərman iyi gəlir.

- Bəs, böyüyəndə nə olasdan?

- Kosmonavt.

Məhlədəki uşaq yenə də onu çağırır. Bilirəm ki, qarşı tərəfdəki binada yaşayır...

Aradan bir neçə gün keçir, Zaur görünmür. Heç kimdən də səbəbini soruşa bilmirəm.

Bir səhər ordan keçəndə Zaur yaşayan binanın qabağında çadır görürəm. Kiminsə yasıdır. Ürəyimə pis şeylər gəlir, qəhərlənirəm. “Yəqin o uşağındır” –ürəyimdə fikirləşirəm. Ona yalan danışdığımın peşmançılığını çəkirəm. Yəqin anasının sözünə baxmayıb məktəbə gedib.

Çadırın qabağından keçəndə gözucu çadırın içinə baxıram. Çadırın o başından ölən adamın şəkli asılıb. Qoca kişidir. Sevinirəm...

- Birdən yuxarı mərtəbədən səs eşidirəm:

- Əmiii! Sağaldım, e! Sabah məktəbə gedəcəm!

Başımı qaldırıb baxıram. Zaur mənə əl eləyir.

Ürəyim yerinə gəlir, əlimin dalı ilə nəm gözlərimi silirəm və gülə-gülə yoluma davam edirəm...

Noyabr 2015

# 2153 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #