20 Yanvarda diriləri ziyarət

20 Yanvarda diriləri ziyarət
21 yanvar 2013
# 11:29

Şərif AĞAYAR

Bəzən deyəndə heç kim inanmır: mən insanları unuda bilmirəm! İnsan sifətləri iri planda, bütün cizgiləri ilə yaddaşıma ömürlük həkk olunur. Və bu mənə zaman-zaman əziyyət verir, narahatlıq gətirir. Biz elə zamanın uşaqlarıyıq ki, tanıdıqlarımızın həyatı daha çox tragediyadır. Bəlkə bu səbəbdəndir ki, adamları itirmək mənə ağır gəlir. Söhbət təkcə ölüm-itimdən getmir. Bu adi bir dostdan, istiqanlı bir tanışdan, sevgilidən, yol yoldaşından ayrılmaq da ola bilər. Hətta virtualda məni blok edən, dostluqdan çıxaran insanlar uzun zaman mənə balaca-balaca stresslər bəxş edir. Dəf edirəm, təbii! Hər stressə alınacaq halımız yox ki!

Yadımda qalalı, hər il 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarətə gedirəm. Bu heç də hamının anladığı vətənpərvərlik duyğusu ilə bağlı deyil. Əslində, etiraf edim, rəhmətə gedənlərdən daha artıq diriləri ziyarət edirəm. İnsan axını, bu axındakı fərqli sifətlər, tövrlər, adamların davranışı, sifət, tövr və davranışlardan xarakterləri oxumağa çalışmaq adama ruhani sakitlik gətirir.

Həm də, qınayan qınasın, mənim üçün dirilər daha qiymətlidir. Zira, ölənlər bunlar üçün ölüblər. Bütün müqəddəs ölümlər yaşam və həyat üçündür. Yoxsa həmin ölümdə heç bir müqəddəslik olmazdı.

Adamların çoxluğu içimdə qəribə bir fərəh doğurur. Nə qədər insanpərəst olsam da həmrəylik duyğusuna sevinməyə bilmirəm.

4 yoldaş zəngləşib görüşürük və özümüzü vururuq qələbəliyin içinə... Polisin yaratdığı maneələrdə dayana-dayana alov qüllələrə baxırıq. Deyəsən hamı baxır bu qəribə tikililərə. Sanki, Azərbaycanın hava sərhədlərini pozaraq daha yüksəklərə, ünümüz yetməyən ənginliklərə dartınıblar. Ədəbsizcəsinə!

Yaxınlığımızda təşəxxüslə dayanmış ucaboy bir adam var. Ətrafdakıların münasibətindən görünür ki, vəzifə sahibidir. Ha baxıram, tanıya bilmirəm. Sol tərəfində həmin vəzifə sahibindən də hündür, ağ saçları kepkasının altından işıq saçan bir adam dayanıb. Bu an bir dilənçi qız peyda olur və əl açaraq qələbəliyin “insaf”ını yoxlayır. Qızcığaz həmin vəzifəli adama çatar-çatmaz ucaboy, ağsaçlı və kepkalı adam uzun qolunu qəflətən irəli atıb onu yıxılacaq həddə geri itələyir. Qızcığaz həmvətənlərinə kürək söykəyib müvazinətini düzəldir. Yıxılan isə uzun və ağ saçlı kişinin kepkası olur. Tərs kimi, müşayiət etdiyi vəzifəli adamın ayağının altına... Saçları daha da gur işıq saçır. Amma üzü qızarır. Xüsusən əyilib kepkasını götürüncə və çırpıb təzədən başına qoyunca...

Bax belə... Ölənlərimizin sinəsinə qərənfil düzmək üçün dirilərimizin sinəsindən geri itələməklə başlayır ziyarətimiz.

Yoldaşlardan biri qucaqladığı qərənfilləri, yalan olmasın bütün məzarlara düzə-düzə gedir. Mən sinə daşlarının altında uyuyan müqəddəs soydaşlarımdan hansınınsa yerinə olsam, dərhal məzardan qalxar, baş əyib gülümsəyərək onun əlini sıxardım: “Sağ olun! Çox zəhmət çəkdiniz”.

Məzardan qalxan olmur təbii... Deyirlər, şəhidlərə hər şey agahdır, yəqin ona görə.

Məni isə fikir götürüb. Arxaya boylanmaqdan bir neçə dəfə qarşımdakı adamın üstünə yıxılacaqdım az qala... Bu adamlardan biri bahalı şuba geyinmiş kök bir xanımdır. Əlində dörd ədəd qərənfil. Mənə tərs-tərs baxır. Ürəkdən üzr istəyirəm. Şəhidlərə xatir susur.

Yoldaşımızın biri arxada qalıb, qələbəliyin içində görünmür. Qabaqda gedən yoldaşların vecinə deyil bu. Ancaq mən, allah kəssin xasiyyətimi, onu qoyub getmək istəmirəm. Özümdən asılı deyil. O isə, gəlmək bilmir. Şairdir. Yəqin hansısa başdaşına baxıb xəyallara dalıb.

Abidə kompleksinə az qalmış mən də əlimdəki bir cüt gülü istənilən məzarın üzərinə qoyuram, sonra qalxıb portretlərə baxmağa imkan tapıram. Həmişə qəmli gördüyüm sifətlər bu dəfə gülümsəyirlər elə bil. Gülümsəmək nədir, hətta gülürlər... İri planda. Əməlli-başlı!

# 3476 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #