Mənim kitabımı da atın ora

Mənim kitabımı da atın ora
13 avqust 2013
# 07:15

Şərif Ağayar yazır

Heç gözləməzdim: “Əli və Nino”dan dedilər ki, yerimiz yoxdur, kitab götürə bilmərik. Amma özümü itirmədim. Dedim, bilsəm bu kitabı buraxmazdım! O kitab ki, şəhərin ən tanınmış və ən çox şəbəkəyə malik mağazasında olmayacaq, ona bir quş!

Nigar Köçərli ilə əlaqə saxlamalı oldum (müəllifləri tanıyan odur, ona görə) və “Xanım T.”-dən “Əli və Nino” üçün 10 nüsxə verdim.

Sonra o biri mağazalarda reyd elədim. Axı həm də bir neçə il öncə satışa verdiyim “Aftafalı Antrakt” hekayələr kitabının haqq-hesabı dururdu.

Yubatmadan sevindirici xəbərimi söyləyim: hekayələr kitabım demək olar ki, satılıb. Tiraj az olsa da (500) bu xəbər doğrudan sevindirici idi mənimçün. Nəzərə alsaq ki, kitabdakı hekayələrin hamısı yayımlanıb və kitab bütöv e-kitabxanalarda yerləşdirilib, pis göstərici deyil. Hələ hədiyyə etdiklərimdən söz açmıram...

Son dövrlər kitab çapında baş verən proqress mağazalara “baha oturub”. Rəflərdə və anbarlarda yer yoxdur. O üzdən əlikitablı adam görəndə üz-gözünü qırışdırır mağaza işçiləri. Məsələn, Nizami muzeyinin altındakı mağazanın görəvlisi mənə elə baxdı ki, guya kitab yazmamışam da, pis bir iş tutmuşam.

“Sentyabracan kitab götürmürük!” – üzümə baxmadan dedi.

“Bəs bu kitablar nədir?” – yayda buraxılan tanış kitabları göstərdim.

“Görürsən ki, rəfə qoyulmayıb!” – bu dəfə üzümə baxdı.

“Mənim kitabımı da atın bunların yanına...” – gülümsündüm.

Razılaşdı nədənsə...

Kitabı problemsiz qəbul edən mağazalar Əlyazmalar İnstitutunun zirzəmisindəki “Akademkitab”, həmən üzbəüzdəki “Bukinist” və “Yeraltı” kitab mağazası oldu.

“Qız qalası”nın yanındakı kitab mağazasını işlədən köhnə dostum Elman dayı isə məni xoş-beşlə qarşıladı. Bir az yubansam çay da ikram edəcəkdi. Əvvəlki kitabım yaxşı satılmışdı deyə mənim də kefim açıldı. Bunun bir siqaretpulu tərəfi də var axı...

Prezident Administrasiyasının İşlər şöbəsinə məxsus olan “Akademiya” kitab mərkəzində, kassada oturan uzunboğaz kişi nəzakətlə bildirdi ki, işçilər məzuniyyətdədir və avqustun 15-dən sonra gələcəklər.

Kitab Klubunu Səadət Sarayı ilə üzbəüz zirzəmidən köçürüblər. Klub Təzəpir Məscidinin arxasındakı balaca ofisinə pənah aparıb. Həm yerin naqolaylığı, həm də adındakı klub sözü Kitab Klubunun işini xeyli çətinləşdirib. Hələ də çox adam bilmir ki, Kitab Klubu həm abunə, həm nağd yolla kitab satışını həyata keçirir. Hətta elə kitablar var ki, yalnız Kitab Klubunda əldə etmək mümkündür.

Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbəüz zirzəmilərdə yerləşən iki dəftərxana və ofis ləvazimatları mağazası kitab da satmağa başlayıb. Tələbələri nəzərə alsaq çox əlverişli yerdir.

Təbii, kitab oxumaq istəsələr...

# 1983 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #