Modernist roman texnikası

Modernist roman texnikası
1 aprel 2013
# 07:00

Birinci hissə

İntihara qədərkilər - ARAŞDIRMA

İkinci hissə

Romanda əsas element heç şübhəsiz ki, personajlardır. Ənənəvi romanın baş qəhrəmanı daim obyektiv reallığın içində var-gəl edən, müəyyən hədəfləri olan, romanın axırında müsbət, ya mənfi bir nöqtəyə çatan insandır. Bundan başqa onun əsas özəlliyi daxili dünyası ilə yox, xarici həyatda başına gələnlərlə ön planda olmasıdır. Onun üçün daim binar ziddiyətlər var : əzən-əzilən, kəndli-şəhərli və s.Modernist romanı isə başqa romanlardan fərqləndirən onun qəhrəmanının fərqli özəlliklərə sahib olmasıdır.

Modernist romanın protaqonist qəhrəmanı ictimai problemlərlə qarşılaşan, onları həll edən, cəmiyyət içində cəsarəti, dürüstlüyü, təmizliyi təmsil edən ənənəvi roman qəhrəmanlarından fərqli olaraq, daxili dünyası ilə, iç dünyası ilə yaşamağa çalışan, cəmiyyətdən və ya həyatdan uzaq olmağa çalışan, özgələşmiş bir insandır. O, məqsəddən çox, vasitədir. Modernist romanın yazılma səbəbi hadisə, əhvalat yox, insan fiqurudur. O, minimuma endirilmiş əhvalatların, hadisələrin içində bütün tərəfləri ifadə edilməyə çalışılan modern dünyanın insanıdır.

Modernist romanın əhvalata, hadisəyə münasibətini iki cür ümumiləşdirmək olar : birincisi, çox az hadisənin olduğu, daha çox fərdin daxili dünyasını ifadə etməyə çalışan, dinamizmin olmadığı romanlar, ikincisi isə ənənəvi romanlarda olduğu kimi konkret bir hadisəni danışan, lakin mahiyyətcə bunu ancaq bir motiv kim istifadə edən, yəni kökündə yenə fərdin daxili təbəddülatlarını təsvir edən romanlar.

Keçək təhkiyə məsələsinə. İki təhkiyəçi tipi var : birinci şəxsdə olan, yəni mən-təhkiyəçi və üçüncü şəxsdə olan, yəni o-təhkiyəçi.

Mən-təhkiyəçidə təhkiyəçinin nəql etdiyi əhvalatın bütün tərəflərinə nüfuz etməsi mümkün deyil. Burda birinci şəxsin dilindən hadisəni nəql edən fiqur öz baxış bucağı ilə məhdudlaşıb.

O-təhkiyəçidə isə hadisələrə kənardan baxış var. Bu nəql etmə formasının əsas özəlliyi hadisələrin hər yönünə hakim olmasıdır. Ənənəvi romanlarda əsasən o-təhkiyəçidən istifadə edilir, çünki ənənəvi romanlarda daim oxucuya nəsə mesaj vermə, yol göstərmək iddiası var.

O-təhkiyəçinin baxış bucağından yazılan ilk romanlarda romançı nəql etdiyi əhvalatın iplərini əlində tutur, həyatın mənasına aid şərhlər verir, qəhrəmanlarına yol göstərdiyi kimi oxuculara da yol göstərirdi. Zaman keçdikcə əvvəlcə məhdud, hökm verməyən o-təhkiyəçi formasından istifadə edildi ( Floberi, Emil Zolyanı xatırlayın), sonra isə bir nəfərin məhdud, amma subyektiv baxış bucağından ifadə edilən təhkiyə forması yoxlanıldı ( Henri Ceymsi, Cozef Konradı xatırlayın) ; get-gedə bu iki forma da natamam hesab edildi, onların yerinə şüur axını və iç monoloq metodları ortaya çıxdı.Bunun nəticəsində də modernist romanın təhkiyəçisi özünü göstərməyən, gizlənən bir təhkiyəçi oldu. Bu roman növündə təhkiyəçinin hadisələrə, personajlara, hətta oxucuya müdaxiləsi müxtəlif vasitələrlə məhdudlaşdırılır. Nəticədə deyə bilərik ki, modernist romanda mətn istər birinci şəxsin, istərsə də üçüncü şəxsin dilindən nəql edilsin, fərq etməz, burda təhkiyəçi ilahilik iddiasından uzaqdır, subyektivdir.

Zaman məsələsi.

Zamana münasibət modernist romanda ənənəvi romandan fərqlənir. Ənənəvi romanda zaman yalnız irəli doğru axan, xətti zamandır. Zamana bu cür yanaşma Nyuton fizikası ilə bağlı idi. Zamana münasibətin dəyişməsi isə Enşteynin 1905-19016-cı illər arasındakı araşdırmaları nəticəsində oldu. Nisbilik nəzəriyyəsi zamana münasibəti kökündən dəyişdi və təbii şəkildə bu sənətə də təsir etdi. Enşteyn nəzəriyyəsinə görə zaman xətti axmır və işıq sürətinə görə dəyişir. Enşteyndən başqa zaman anlayışına fərqli daha bir yanaşmanı isə Anri Berqson gətirdi. O, "Şüurun birbaşa parametrləri" adlı əsərində subyektiv zaman haqqında yazdı və bunun da modernist romana çox ciddi təsiri oldu. Berqson görə zamanı obyektiv olaraq saata, dəqiqələrə sıxışdırılmış şəkildə ölçmək olmaz. O yazır ki, zamanı ancaq "duree" ilə ölçmək olar, bu anlayış bir ərəfəni, bir mərhələni ifadə edir. Bu ərəfə keçmişin və indinin iç-içə keçdiyi, bir-birini yenidən yaratdığı, zamanın parçalara bölünərək statikləşdirilmədiyi bir özəlliyə sahibdir. Beləcə modernist romanda yaşanılan an keçmişlə olan əlaqəsi kontekstində qiymətlidir.

Modernist romanlarda keçmiş indiki anı parçalayan və onu yenidən mənalandıran, bu yenidən mənalandırma ilə yaşanan anı bir də bölən anlayışdır. Keçmişə bu cür münasibət əvvəllər olub-bitmiş , hesabı kəsilmiş hadisə və mərhələlərin xatırlanmasından çox fərqli bir hisdir. Modernist romanlarda zaman olub-bitmiş bir şey deyil, o, indiki anı da müəyyənləşdirən, ona təsir edən elementdir. Mərkəzi nöqtəsi fərd olan modernist romanda hesablaşmaların olması üçün zamanda geriyə dönmələr məcburi haldır. Bu yolla keçmiş indiyə daşınır.Geriyə dönmə texnikasından istifadə iki fərqli tərzdə ola bilir : birincisi, retrospektiv dönüş. Burda məqsəd roman fiqurunun daxili və xarici həyatını detallı şəkildə tanıtmaq və ya hər hansı bir hadisəni təsvir etmək. İkinci metod isə fləşbək (flashback) adlanır. Kino fəndi olan fləşbəkdə personajlardan biri hər hansı bir səbəbə görə ani və sürətli şəkildə bir şəxsi, yaxud bir hadisəni xatırlayır.

Məkan məsələsi.

Ənənəvi romanda məkan maksimum dərəcədə reallığa uyğun təsvir edilir. Bu da adətən iki formada olur : birincisi, hadisə baş verən yeri, bölgəni təsvir etmək məqsədilə əsərin əvvəlində ya bütöv şəkildə təsvir, ya da əsər boyu səpələnmiş təsvir. İkinci də isə naturalistlərdə olduğu kimi məkanın ifadəsi şəxsləri, cəmiyyəti formalaşdıran, onların həyatını əvvəldən axıraq qədər müəyyənləşdirən bir ünsür kimi göstərilir.

Modernist romanda məkan anlayışı da fərqlidir. Əvvəla modernist romanda məkan əsas element deyil, çünki dediyimiz kimi modernist romanın məqsədi xarici aləmi təsvir etmək deyil. Modernist roman məkan anlayışına iki cür yanaşır : birincisi, məkanın o qədər də vacib olmayan, yeri gələndə təhkiyədə ötəri görünən ( hadisə yerini tanıtmaq, personajları aydınlaşdırmaq ), hər hansı bir funksiyası olmayan istifadəsi ; ikincisi isə məkana konkret bir funksiyanın yüklənməsi. Bu yanaşma məkanın nəyisə simvolizə etməsi ilə olur.

Daxili söhbət/iç monoloq.

İç monoloq metodu ənənəvi romanlarda da istifadə edilib, lakin o romanlarda məqsəd modernist romanlardakı kimi fərdin özgələşməsini ifadə etmək olmayıb. Ənənəvi romanlarda bu fənd qəhrəmanın qorxusunu, həyəcanını, sevgisini, nifrətini ifadə etmək üçün istifadə edilib. Modernist romanda isə bu fənd fərdin daxili dünyası, o dünyadakı qarışıqlıq, psixoloji təbəddülatları ifadə etmək üçündür.

Modernist romanın məşhur müəlliflərindən olan Virciniya Vulf 1919-cu ildə çap etdirdiyi "Modern fiction" ( Modern nəsr) adlı yazısında fərdlərin daxili dünyalarını işləməyən yazıçıları tənqid edirdi. Eyni fikri Marsel Prust da bölüşür. Prust yazır ki, ictimai hadisələrin mahiyyətinin anlaşılması üçün ən yaxşı yol insanların daxili dünyalarının dərinliklərinə nüfuz etməkdir.

İç monoloq fəndindən istifadə edərkən diqqət edilməli incə bir məqam var. İç monoloqdakı cümlələr danışıq dilində olmalı, ancaq şifahi nitqə bənzəməməlidir. Əks təqdirdə mətnin içində iç monoloq olan hissələr başqa nitq formalarından fərqlənməz.

Şüur axını.

İnsan beyni eyni vaxtda birdən çox düşüncəylə məşğul ola, zehnində eyni vaxtda keçmişi və indini birləşdirə bilir. Eyni anda fərqli düşüncələri, fərqli zamanlara aid hadisələri ifadə etmək ehtiyacından şüur axını metodu yaranıb. Bu metod bir növ fləşbək fəndinin törəməsidir. Şüur axını insan zehnindən keçənləri ifadə etməsi ilə iç monoloq fəndini xatırladır, lakin şüur axınında iç monoloqda olduğu kimi zehindən keçənlərin ifadəsi məntiqli, səliqə-səhmanlı, qrammatik qaydalara uyğun ifadə edilmir. Bu fənddə bir-birilə əlaqəsi olmayan, qrammatik qaydalara tabe olmayan cümlələrdən istifadə edilir. Bunun səbəbi şüur axınında cümlələrin assosativliyə əsasən düzülməsidir.

Şüur axını Anri Berqson, Ziqmund Freydin, Alfred Adlerin, Karl Qustav Yunqun psixologiya sahəsindəki araşdırmalarından sonra istifadə edilib.

Berqsona görə insanın daxilindəki zaman çölündəki zamandan fərqlidir. Çöldəki, xarici aləmdəki zaman keçmiş-indiki an-gələcək düzümündədir, amma insanın daxilindəki zamanda belə bir ardıcıllıq yoxdur. Daxili aləmdə zamanlar iç-içə keçə bilir.

Berqsondan sonra Freyd psixoanaliz nəzəriyyəsində insanın heç də bütün tərəfləri ilə şüurlu varlıq olmadığını yazdı. Freyd insan ruhunun böyük bir hissəsinin şüursuz olduğunu, insanın davranışlarının çoxunun şüuraltı, təhtəlşüur tərəfindən idarə olduğunu ortaya çıxardı. Freydən sonra psixoanaliz sahəsində Adlerin və Yunqun araşdırmaları bu düşüncəni daha da genişləndirdi və bu araşdırmalar ədəbiyyata da öz təsirini göstərdi. Məsələn, sürrealizmdəki avtomatik yazı metodunda, heç nə düşünmədən, plan qurmadan zehindən keçənləri birbaşa yazmaq Freydin təsiri ilə tapılmış fənddir.

Şüur axını metodundan ənənəvi romanlarda da istifadə edilib, lakin əsasən modernistlər bu fəndə əl atıblar, xüsusilə də Marsel Prust və Ceyms Coys.

Milan Kundera "Roman sənəti" kitabında Coysun "Uliss" romanında şüur axınından istifadə etməsini obrazlı şəkildə belə ifadə edib: "Coys Leopold Blumun ("Uliss" romanının personajı) beyninin içinə bir mikrofon yerləşdirib və biz onun bütün düşündüklərini eşidirik."

Montaj/ kollaj.

Ədəbiyyata montaj kinodan, kollaj isə rəssamlıqdan gəlmədir. Əslində hər ikisinin funksiyası eynidir : fərqli parçaları bir yerə yığmaq, birləşdirmək, calaq eləmək. Bu fəndlər vasitəsilə romanın təhkiyəsi içinə atılan parçalar mətni ənənəvi təhkiyədən uzaqlaşdırır, onu ənənəvi strukturdan özgələşdirir. Bu fənd həm də modern həyatın yaratdığı qarışıqlığı romanın quruluşunda, strukturunda da göstərmək üçündür.

Bu fəndə nümunə kimi reklam mətnlərinin qəlibindən birini azca dəyişdirib yazını bitirək: "Bu yerdə sizin romanınızdan bir parça ola bilər."

# 3635 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #