Bayram falında ilan davası

Bayram falında ilan davası
22 mart 2013
# 09:30

Kənan Hacı

Çərşənbə axşamı kəndə getmişdim. Məhəlləmizdə tonqallar qalanmışdı, tumanpaça uşaqlar şad-şalayın gur yanan tonqalların üstündən hoppanırdılar. Torpağın ətri adamı bihuş edirdi. Doğma yurd yerində uşaqlığımın izlərini axtara-axtara bir vaxt gördüm ki, əmimgilin doqqazı ağzındayam. Rəhmətlik əmimin həyət-bacası xeyli dəyişmişdi, bayramqabağı qapı-pəncərəni rəngləmişdilər, həyətin səliqəsi göz oxşayırdı. Əmioğlum Hadi məni görcək süpürləyib evə doğru çəkdi. Xoş-beşdən sonra gördüm evdə qonşu arvadlar iri bir fincanın başına yığışıblar. Fincanın içində nəyisə axtarırlar. Əmim arvadından soruşdum ki, ay əmidostu, bu fincanın içində nə axtarırsınız belə?

Əmidostu başını qaldırıb üzümə baxmadan dedi?

- Adə, dayan görək, fala baxırıq. İstəyirsən sənin də falına baxaq?

- Bu necə fala baxmaqdır, ay əmidostu? – dedim.

Əmidostu qayıtdı ki, gəl sənə bir fincan kofe süzüm, iç. Sonra fincanın dibində çökən qaraltı hansı forma alsa, ona uyğun fala baxaq.

Məni maraq bürüdü. Baxdım ki, stolun ortasında iri bir kağız var, kağızda kiril əlifbasıyla pinti xətlə aşağıdakılar yazılmışdı:

Ağac – geyimə ehtiyacı olmaq.

Ürək-xeyir və elçilik.

Beş qalın nöqtə-gözləmək.

İlan-ətrafındakı pis insanın iç üzü açılacaq, kiminsə sirrini öyrənəcəksən.

Əjdaha-böyük düşmən.

Açar-ev almaq, təzə evə köçmək, oğlun olacaq.

Fincan, nəlbəki-uşağın olması.

Mələk – maddi və mənəvi rifaha qovuşacaqsan.

Ay-rahat həyata qovuşmaq zamanı.

Eşşək-yükün ağır olacaq, əziyyət çəkəcəksən.

Dəmir yolu-xeyirli uzun yol, səyahət.

Pişik-üzüyola, sakit adam.

Oğlan uşağı-sevindirici xəbər.

Demək, kofeni içəndən sonra fincanın dibindəki çöküntüdə hansı şəkil görünsə, o şəklin hansı anlama gəldiyi barədə izahatlardan gələcəyinin necə olacağını biləcək, fələyin sənə hansı qurğu qurduğundan agah olacaqsan.

Məni gic gülmək tutdu. Gözlənilməz situasiya ilə üzləşmişdim. Sanki hansısa qüvvətli bir əl məni karlı bir şapalaqla vurub ötən əsrin əvvəllərinə tullamışdı. Əmidostum fincanda buğlanan kofeni zorla mənə içirmək istəyirdi. Hadıya göz vurdum ki, gəl çölə çıxaq, bir siqaret çəkək. Eyvanda Hadı siqaretimi alışdırıb “əşi, fikir vermə, kənd yeridi də, onlar da belə şeylərlə baş qatırlar” dedi.

Dedim Hadı, gedək biz də tonqaldan atılaq. Hadı da itoynadanın biridir. Qayıtdı ki, ay əmioğlu, dalını yandırarsan, qoy oturmuşuq...

İçəridə möhkəm mübahisə düşmüşdü.

- Bu, ilan şəklidi.

- Ay qız, nə ilan? Görmürsən xətt hara qədər uzanır? Ortası da kökdü. Belə ilan olur? Bu, balıqdı.

- Aaaz, ilandı, deyirəm sənə.

Uşaqlar məhəllənin ortasında qalanmış iri tonqalın ətrafında halay çəkib oturmuşdular. O uşaqların çöhrəsində öz uşaqlığımı axtarırdım, amma tapa bilmirdim...

# 4234 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #