Pul gücünə şəxsiyyət olmaq

Pul gücünə şəxsiyyət olmaq
16 noyabr 2017
# 10:36

Aliyə

Xeyli əvvəl məktəbin qarşısında uşaqlarını gözləyən valideynlərin söhbətinə qulaq şahidliyi etdim.

Əziz bayram üçün yığılacaq pulun məbləği, verilmə strategiyası, sənədləşdirilmə mexanizmi haqda söhbətlərin aktual olduğu günlərdə bir valideyn əcaib söhbət edirdi; xanım uşağını qoymaq istədiyi liseydə uşaqlara şəxsiyyət kimi yanaşılması haqda danışırdı.

Xanım gündə bir qayda çıxaran tədris metodlarına aid bir-iki termin də işlədəndən sonra qənaətini yekunlaşdırdı: “Ən çox şəxsiyyət məsələsinə görə istəyirəm uşağım orada oxusun”.

O biri valideynlər də onun seçimini qiymətləndirib belə bir sual verdilər:

“Ora necə götürürlər?”

Xanım tövrünü pozmadan dedi ki, əslində uşaq imtahan verməlidir, amma yoldaşı maraqlanıb, pul da götürürlər, beş yüzə-zada başa gələr.

Bunu bura niyə yazıram? Çünki, siz də, biz də bilirik ki, tipik situasiyadır. Özü də bu misalda məsələnin çoxqatlılığı görünür. Bu misal burada qalsın, diqqətinizi başqa rakursa yönəldim.

Bilənlər bilir, mentalitet Azərbaycan publisistikasının “həmişə tüstüləyən” mövzusudur; hamıya toxunan, polemika yaradan, İP gətirən...

Bu mövzu nə zaman aktuallaşdı? İttifaq dağılandan və az qala bütün sahələrdə milli model məsələsi ortaya çıxandan sonra. İllər əvvəlin Avropaya inteqrasiya söhbətləri ilə bu mövzu lap qızışdı. Hərə sağdan-soldan bu “mentalitet” deyilən bəzi yazılmamış qanunları haqlı olaraq pislədi, bu yazılmamış qanunların şəxsiyyəti aşağıladığını yazıb ağartdı, hətta xalqı buna görə tənqid atəşinə tutdu. Amma bu mövzuda kiçik bir məsələ diqqətdən qaçır: bu yazılmamış qanunlar tək ənənədən gəlmir, onlar mühitin cızdığı modellə toqquşmada başqa bir aktuallıq qazanmış qaydalardır.

Tutalım, bir gənc, avropalı yaşıdı kimi özgür yaşamaq istəyir. İstəyir ki, ailəsi onun işinə, həyatına, yataq otağına, uşaqlarının sayına, bakirə olub-olmamasına qarışmasın. Bir sözlə, özü olmaq istəyir.

Oxumağına, işləməyinə görə ailəsindən heç kimə minnətçi düşməyən, evlənmək xərclərini özü çıxara bilən sovet gəncinə bu, daha asan idi. Bu gün hamı bir-birindən yapışıb yaşayırsa, repetitor pulundan görüş parasınadək ata-anasına ehtiyacı olan gəncin övladına qoyduğu mayanı batırmaq istəməyən, onun həyatının hər xırdalığından xatircəm olmaq istəyən ailəsinə müqavimət göstərməyə gücü çatacaqmı? Xeyr!

Olsa-olsa ailəsinin anlayışına ümid edə bilər. Bəlkə möcüzə baş verə, ailəsi qonum-qonşunu deyil, övladın neçə nəvə verəcəyini deyil, gəlinin alınan qızıllar müqabilində nə qədər mebel gətirəcəyini deyil, övladının gerçək xoşbəxtliyini düşünə.

Bunu düşünməyəsə ona nə TV, nə KİV, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə Həmkarlar İttifaqı, nə Mədəniyyət Nazirliyinin kino şöbəsi, nə Təhsil Nazirliyi, nə toyuna çağırdığı adamlar, nə şadlıq evi çətin imkan verə.

Sadaladığım adların çoxluğu sizi qorxutmasın (şair demişkən, hələ onda birin yazmayıram), yol həmişə var.

Özgür yaşamaq istəyən, toy adətlərinin başına gətirilməsini istəməyən, şəxsiyyətinin adətkərdələr tərəfindən aşağılanmasından qorxan gənc, məsələn, qızıldan, mebeldən, hər cür dəm-dəsgahdan imtina etməlidir.

Yoxsa “müasir” olmaq mümkün olmayacaq və “absurd-absurd” söhbətlər ortaya çıxacaq. Evlənənlər də, evlənənlərin valideynləri də əzab çəkəcək, həyatı, əgər yaşanıbsa, bir nəfəs sevgini bir-birinin burnundan gətirəcəklər.

Yox, əgər gənclər adətsevərdirlərsə, bunu mədəniyyətin bir parçası kimi yaşatmaq istəyirlərsə, gəlin xanım başı bantlı diri qurbanlıq istəyəndə bəyin də o quzunun yunundan toxunmuş bəy corabı istəməyə haqqı var. Gəlini oğlan yox, oğlanın valideynləri seçibsə, onda gəlinin də univermaqdan özünə istədiyi qızılı seçməyə haqqı var.

Qaldı şəxsiyyət məsələsinə, love-story hazırlatdırmaq, adamboyu şəkillərini şadlıq evinin astanasında qoydurmaq, toydan qabaq rəqsə getmək kimi publikaya yönəlik yeni adətlərdən yerdən görə razı olan gəncləri bir yengənin burnu niyə narahat edir ki?

Sonda oxuculara ironik-ritorik tonda yox, çox ciddi şəkildə sual vermək istəyirəm: sizcə, o valideyn xanım uşağına şəxsiyyət kimi yanaşacaq məktəbə beş yüz manat versə yaxşıdır, ya verməsə?

# 1508 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #