Ana deyil, övladdır vətən

Ana deyil, övladdır vətən
22 dekabr 2015
# 10:12

“Səni əsgərlik xatirələri qədər sevirəm…" (Mətləb Muxtarov, “Azərbaycan")

“Birinci cümlə necə olmalıdı?” – Qismətin “Elegiya” hekayəsi belə başlayır. Nədənsə hekayədə bir neçə dəfə təkrarlanan bu fikri oxuyanda orta məktəbdə vətən haqqında hər il yazdığımız inşaların ilk cümlələrini xatırladım. Vətənimiz haqqında məqalə yazası olsaq, hansı sözlərlə başlardıq? Yəqin ki, mütləq vətənin ana olduğunu, onu anamız kimi sevdiyimizi vurğulayardıq. Yadıma gələndən məktəblərdə inşalar da bu cür yazılıb, mətbuatda məqalələr də…

“Biz ən yaxşıyıq” deyib hayqıran, “bizim xalqımız ən müdrikdir, vətənimiz dünyanın ən gözəl guşəsidir” kimi sözlərlə hay salanların sevgisinin səmimiyyətinə niyə inanılmır? Çünki həqiqi sevgi pıçıltıdır, haray deyil. Əsl sevgi əməldir, söz deyil…

Vətən sevgimiz pafosla aşıb-daşır, öyürük onu – “Ən gözəl ölkə, ən yaxşı insanlar bizdədir… Ən saf bulaqlar, ən uca, başıqarlı dağlar bizdədir… Nə torpağımıza çatan torpaq var, nə təbiətimizə…” deyə sevgimizi çox vaxt bu cür bayağılıqla nümayiş etdiririk. Bəlkə, vətən sevgisi başqalarının varlığına, üstünlüklərinə göz yummaqda deyil… Bəlkə, vətəni sevmək üçün onun ən yaxşı, ən üstün olmasına gərək yoxdur; onu olduğu kimi – qüsurları, çatışmazlıqları ilə birgə sevməyə cəhd göstərmək lazımdır. Necə ki, ana övladları arasında naqisini, şikəstini, fərsizini bəlkə heç özü də bilmədən o birilərindən daha çox sevir – ən təmənnasız sevgi ananın övlada məhəbbətidir axı. Bəlkə, əslində, vətəni anamız kimi deyil, balamız kimi sevməliyik. Bəlkə, onda daha çox lazım bilərdik vətənin qayğısına qalmağı, təəssübünü çəkməyi.

Vətən sevgisi ailədə valideynin aşıladığı fikirlər, göstərdiyi nümunə ilə yanaşı, həm də bağçada öyrəndiyimiz şeirlər, məktəbdə yazdığımız inşalarla formalaşır. Bu yaxınlarda bir hadisəylə rastlaşdım: şagird deyir ki, sinif rəhbərimiz və sinfimizlə dünən Şəhidlər xiyabanını ziyarət etməyimiz haqqında təəssüratlarımızdan ibarət inşa yazmalıyıq. “Bəs niyə yazmırsan?” sualıma məktəbli cavab verir: “Axı sinif rəhbərimiz bizi Şəhidlər xiyabanına aparmayıb…” Müəllimsə şagirdlərinə məsləhət verir ki, inşanı dünən onunla birlikdə şəhidləri ziyarət ediblərmiş kimi təsəvvür edib yazsınlar. Onlarda qondarma təəssübkeşlik formalaşdırmağa, saxta sevgilər yaratmağa səbəb olur. Övladlarımıza vətəni sevməyi “Torpağımız müqəddəsdir”, “Şəhidlərin qanı yerdə qalmayacaq” – deyə, yüksək sözlərlə öyrədirik, əməllərimizlə isə nümunə ola bilmirik. Beləcə Dövlət himnini bilməyəndə ağzını yalandan açıb-yuman, inşalarını (gələcəkdə nitqlərini, məqalələrini, kitablarını…) dürlü-dürlü saxta ifadələrlə bəzəyən insanlar yetişdiririk uşaqlıqdan.

“Mən bu vətən üçün nə etmişəm?” sualı ağlımıza gələn kimi ilk növbədə “bəs vətən mənimçün nə edib?” sualı ilə cavab veririk özümüzə. Çoxlarımız vətəni “Seni uzakdan sevmek aşkların en güzeli” deyə sevirik, uzaqdan – rifah içində yaşayarkən. Necə ki, qovsan da kəndə getməyəcək adam şəhərin mərkəzində oturub “Nə var bu şəhərdə? Kənd cənnətdir, kəndin insanları saf, təbiəti cövhərdir” deyir, biz də xarici dövlətdə monitor qarşısında oturub bu Vətənin dərdinə sosial şəbəkələrdə odlu-alovlu sözlər yazmaqla “məlhəm oluruq”. Əksəriyyətin “Vətən! Vətən!” deyə-deyə ən böyük arzusu da ilk fürsətdə bu ölkəni tərk edib, qazanc dalınca xaricə getməkdir. Əlində daha yaxşı yaşayacağı əcnəbi ölkəyə üz tutmaq imkanı olduğu halda, burdakı məhrumiyyətlər dolu həyatına dözərək yaşayan insanlarımızın sayı çoxdurmu?!.

Qismətin “Elegiya”sı bu acı gerçəkləri əks etdirir hekayə dili ilə. Televiziya verilişində vətənlə, xalqla bağlı odlu-alovlu çıxış edən, vətənpərvər görüntüsü yaradan Mübariz Türksoy bir neçə saat sonra Şuşa haqqında məqalə yazmalı olan Mirzənin cibinə pul basıb deyir: “20 faiz itirmişik, bu da 20 manat.”

Mirzənin Şuşa haqqında yazarkən düşüncələri bizim vətənpərvərlik hissimizin təzahürüdür. Təbii ki, saxta vətənpərvərliyi ucdantutma hər kəsə aid etmək haqsızlıq olar. Lakin əksərimiz üçün bu hiss saxta şüarçılıqdan o yana getmir və yazılanlar “Yazmasam, dəli olaram” (Sait Faik) məcburiyyəti ilə deyil, vəzifə borcu, iş gərəyi olaraq meydana çıxır. Həyatımızın, vətənə münasibətimizin acı gerçəyi isə bu sətirlərdə bütün çılpaqlığı ilə əks olunur: “Mirzə məqaləsini yazmaq üçün sevimli məkanına – “Çinar” kafesinə gedə-gedə yolboyu Mübariz Türksoyun zarafatını fikirləşdi və ha çalışdısa, hesablaya bilmədi ki, kreditə götürdüyü şeylərin pulunu vermək üçün təqvimdə nə qədər matəm olmalıdır.” Çünki şəxsi qayğıları fonunda vətənin dərdini çəkən olduqca az adam var aramızda. Bir az səmimi olsaq, deyə bilərikmi, hansı birimizi kredit borclarımızdan, maaşların azlığından, qiymətlərin bahalığından daha çox torpaqlarımızın işğal altında olduğu düşündürür?

Hamısı bir-birini təkrarlayan fikirlər, qəlib ifadələr, epiqraflar, eyni məşhur şeirlərdən parçalarla süslənir vətən mövzusunda yazılan məqalələrimiz – özü də yalnız işğal günlərində, matəm günlərimizdə yadımıza düşür bu mövzu. İşğal olunmuş ərazilərimiz haqqında heç bir məlumatı olmayanlar belə, pafosu ilə ürək yaxan ağır, təsirli məqalələr yazır və sonra bu uğurunu “bir qədəh şərabla yuyur”.

“Mədəniyyət xadimlərinin adları sadalanandan sonra xüsusi vurğu ilə qeyd etmək lazımdı ki, hətta onların məqbərələrinə də, heykəllərinə də güllə dəyib, abidələr də yaralanıb. Burasını mümkün qədər ağlamalı yazmaq lazımdır.” – Bütün məsələ də elə bundadır: mümkün qədər çox ah-zar etmək (“ayırdılar”, “tapdaladılar”, “zülm etdilər”, “necə qıydılar?” kimi), daha təbii və “ürəkdən” ağlamaq…

Mirzə düşünür ki, məqalədə şəhid və qəhrəman adlarını da yazsın. Lakin bildiyi adlar azlıq etdiyindən, məlumatlanmağa da həvəsli olmadığından bir neçə uydurulmuş ad yazır: fikirləşir ki, kimdir yoxlayan? Və beləcə Müstəcəb Vəliyev, Kolxoz Həsənov kimi uydurma qəhrəman adları yazır. Onsuz da nə qəhrəmanlarımızı tanıyan var, nə də adlarını bilən.

Məqaləni ənənəvi sonluqla bitirir Mirzə – toyda, yubiley tədbirləri, konsertlərdə, bayram şənliklərində – hər yerdə dilə gətirdiyimiz arzuları yazmağı da borc bilir özünə. Çünki “o gün olsun Cıdır düzündə konsert verək, Şuşada kabab çəkək”, “nəinki işğal olunmuş 20 faiz torpağımızı, hətta Yerevanı belə, geri alaq” kimi ənənəvi çoxmərtəbəli arzularla, “Bu il Qarabağı mütləq geri alacağıq” əminliyi ilə bəzəyirik nitqlərimizi tədbirlərdə. Əslində isə bizimçün Şuşa Vətənin işğal olunmuş bir parçasından daha çox dincəlməkdən məhrum olduğumuz kurort zonasıdır. İçimizdə daim oyaq olan, bizi ildən-ilə aparan növbətçi ümid də “vətənpərvərliyimizin” ayrılmaz elementidir.

İtirilmiş torpaqlarımızı içki süfrəsində yad edib, gün çatmayacaq ötən günlərin, gələcək uğurların şərəfinə badə qaldırmaqdır bizim vətən sevgimiz – ağrılarımızı da kef məclislərinin əyləncəsi ilə ovuduruq. Şadlıq saraylarına işğal olunmuş şəhər və rayonlarımızın, xalq qəhrəmanlarımızın adlarını qoymaq da sadə camaatın duyğuları ilə oynamaq bahasına qazanılacaq gəlirə hesablanıb. Toylarda “Şuşanın dağları”nı sifariş edib “qol-qanad” açmaq, “Qarabağ şikəstəsi”ni dinləyib hamının yanında ağlamaq da göstərişdən başqa bir şey deyil – çünki sevgi də, darıxmaq da, gənc şairlərimiz demişkən, “təkadamlıq işdir.”

Hekayənin sonluğu güclü effekt yaradır. Üç gün sonra Mirzənin məqaləsini eynilə onun öz cümlələri kimi “bir üzdən məhrum, arxası boş olan” sözlərlə tərifləyən baş redaktor ona dünən ölən əsgərlərin adları və ünvanları yazılmış bir vərəq uzadıb ailələrinə baş çəkməsini tapşırır. “Mirzə 96 nömrəli marşrutun arxa oturacağında əyləşən kimi, Türksoyun verdiyi vərəqi açıb baxdı və bir anlıq fikrə getdi. Avtobus təzəcə tərpənmişdi ki, elə bil, Mirzəni tok vurdu. Vərəqdə ünvanlardan başqa, ölən əsgərlərin adı da vardı: birinin adı Müstəcəb, o birininki isə Kolxoz.”

Onları ölməmişdən əvvəl Mirzə öldürmüşdü. Yüzlərlə, minlərlə Mirzə kimi, Mübariz Türksoy kimi “millətpərvər”, “türkpərvər”, “vətənpərvər” var bizim vətənimizdə – sözü əməlindən, təmənnası sevgisindən qat-qat böyük. Və əslində müstəcəbləri, kolxozları da onlar öldürür – öz uydurma sevgisi, qondarma təəssübkeşliyi ilə. Və beləcə, yazdıqlarımız hər zaman elegiya olur – Vətən üçün, onun övladları üçün elegiya…

# 1330 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #