Metrodakı qəribə oğlanlar

Metrodakı qəribə oğlanlar
14 oktyabr 2015
# 09:59

Axşamdı, işdən çıxmışam. Metroda “Bakıkart”ı yükləyirəm. Solumdan kimsə boylanır: “Qardaş, olar bunu da atım?” Aparata yaxınlaşanda heç kəsin kartıma qəpik yükləyib metroya keçməsinə icazə verməyəcəyim barədə özümü tənbehləsəm də (hətta ürəyimdə mümkün cavabı da hazırlamışdım: YÜKLƏMİRƏM - yek kəlmə.) çarəsizcə razılaşdım. Həmişə belə olur.

Oğlan qəpikləri aparatın boğazına ard-arda dürtəndə hələ heç nə anlamadım. İrəli gedəndə gördüm, budu, bədəncə məndən də sanballı üç oğlan yanımda dayanıb, kartı turniketə yaxınlaşdırmağıma amadədir.

Üçünü də metroya ötürüb, axırda özüm keçirəm. Qanım qaralır. Kefim pozulur. Oğlanlar hələ də məndən qabaqda gedirlər. Ta ərinmirəm. Haqlayıram onları. Soruşuram ki, üç nəfər cavan oğlansız, üçünüzə bircə kartınız da yoxdur. Görkəminizdən də hiss olunur ki, tələbəsiz, gündə azı bir dəfə metroya minirsiniz. Bəs, bu merətdən niyə bir dənə alıb cibinizə qoymursunuz?!

Məlul-məlul sifətimə baxırlar. Çiyinlərini çəkməyə belə ehtiyac görmədən bircə kəlmə ilə kifayətlənirlər; yoxumuzdur.

Kart yükləyən aparata yaxınlaşmamış görürsən ki, cavan qız, ya oğlan yanını kəsdirib “qurban”ını gözləyir. Yenə qoca adam ola keçərsən. Bəs cavanlara nə deyəsən?

Axı bunu özlərinə necə sığışdırırlar?

Bunun adı yoxsulluqdurmu?

Xeyr.

Metro kartı ən adi ehtiyaclardan biridir. Hər gün metrodan istifadə edən adam üçün cibində gəzdirəcəyi lazımı əşyadır. İki manat qiyməti var.

Bəs adı nədir?

Çox fikirləşməyə dəyməz.

PARAZİTLİK.

Bax, belələri parazitdirlər, özü də ən elmentarından, AĞCAQANADdırlar, GƏNƏdirlər.

Başqa canlıların qanını sovuran ağcaqanadla, gənə ilə bunların arasında heç bir fərq yoxdur. Öz vaxtı cəhənnəm, sənin də vaxtını alır və məcbur edir ki, ona xidmət göstərəsən, turniketdən özün keçmək yerinə birinci ona yol verəsən. Hərə bir nəfəri turniketdən keçirəndə baxırsan ki, aparatların qabağında sıxlıq yarandı. Nəticədə həm vaxtın gedir, həm də qanın qaralır.

XXI əsrdəyik. Texnologiya günbəgün inkişaf edir, dəyişir, “Google Glass” çıxır, Marsda su tapırıq, nə bilim insan klonlaşdırmağa hazırlaşırıq...

Bir tərəfdən də baxırsan ki, ən elementar yaşayış qaydalarını bilmirik. Öyrənmək istəmirik. Sadə şeyləri həll etmirik, gözləyirik kimsə gəlsin həll etsin, nəticədə də böyük problemlərin həllinə vaxtımız qalmır.

Biri elə özüm. Əgər axşam işdən gələndə o üç cavan oğlanla qarşılaşmasaydım indi heç bu yazıya da vaxt ayırmazdım, Salman Rüşdi haqqında məqaləni bitirərdim.

Nə isə, yaxşısı budur, “Həm ziyarət, həm ticarət”in Mustafası kimi gedim güzgünün qabağında dayanım bir az məşq edim, bəlkə kart dolduranda kiməsə deməyə cəsarətim çatdı: Yükləmirəm, yükləmirəm, yükləmirəm!

# 1076 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #