Kişiləri arxivləşdirək...

Kişiləri arxivləşdirək...
13 oktyabr 2014
# 16:50

Nazim Hikmət. Bütün türk dünyası üçün önəmli bir sima. Önəmli olduğu qədər, ziddiyyət dolu. Ağır həyat keçirən insan. Ağır həyatı qədər, böyük sevgilər yaşayan türk kişisi. Böyük vətənpərvər, böyük millətçi, böyük şair, böyük şəxsiyyət...

Həm də qarışıq İNSAN...Nədən qarışıq?!... Kommunist ideologiyasının tərəfində olsa da, türkçülüyü təbliğ etməsi, vətənini sevərkən ordan qaçmağa önəm verməsi, oğlunu və xanımını sevərkən onlardan uzaqda yaşaya bilməsi, Moskvaya sığınsa da, türk dilini üstün tutması və sair... Və o “və sairlar” arasında heç kimdə ikrah doğurmayan, sevimli bir insan olmağı bacarması....

Bütün bunları Bilik Fondunda Can Dündarın çəkdiyi “Nazim Hikmət” sənədli filminə baxarkən düşündüm... Amma təkcə bunları yox. Həm də düşündüm ki, o bir məktəbdir, o dərslikdir, o xarakter olan bir türk kişisidir...

...Oğlum orta məktəbin dördüncü sinfində oxuyur. Və mən təkcə onun yox, onun yaşıdı olan əksər şagirdlərin xarakterindən narazıyam. Daha doğrusu narahatam. Mənə elə gəlir ki, ölkədə qəribə bir kişi nəsli yetişir. Onlar nə avropalıdır, nə qərbli, nə şərqli. Heç azərbaycanlı və türkə də bənzəmir o uşaqların bir çoxu. Və bu bizim ailələrin qüsurlu olması anlamına gəlmir. Bu mühit, cəmiyyət və təbliğatdan asılı olan göstəricidir.

Nəzərə alsaq ki, o uşaqlar bu dünyanın harasındasa, Avropasımı, Qərbimi, ya da lap Şərqində olan Azərbaycandamı həyat qurub yaşayacaqlar, onda bu dünyaya aid kimsə olmaları mühüm şərtdir. Amma kim?!...

Bu hələ illər sonra bilinəcək. Kəsəsi mənə elə gəlir ki, gələcəyimizi etibar eləyəcəyimiz uşaqlar, kişilər arasında xarakter, kişilik keyfiyyətləri itməkdədir. Kişilik sözünə irad tuta biləcək adamlara bəri başdan onu da deyirəm ki, kişilik təkcə fizioloji quruluş deyil, həm də xarakterdir.

Yeni nəsil uşaqların xarakter qüsurunun bir səbəbi orta məktəbdə kişi pedaqoqların azlığıdırsa, başqa bir səbəb dərsliklərdə kişi xarakterli şəxsiyyətlərə az yer verilməsidir. Yuxarıda Nazim Hikmət haqda qısaca qeyd elədim. Onun təbiətindəki bütün ziddiyyətlər həm də konkret prinsiplərinin olmasının bir göstəricisi idi. Və o həm də prinsipial, sözünü deməyi bacaran kişi obrazı idi.

Amma gəlin görək bizim şagirdlər Nazim Hikmət haqda nə qədər məlumatlıdırlar? Ümumiyyətlə onlara öz sözlərini deyə bilmək, sözünün üstündə durmağı bacarmaq, lazım gələrsə tələb eləmək, nəyinsə, kiminsə müdafiəsində durmaq, obyektiv olmaq, kimi kişi keyfiyyətləri necə, hansı fənn vasitəsi ilə aşılanır?! Cavab aydındır. Elə vəsait yoxdur...

Amma Nazim Hikmət, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Rəsul Rza, Əli Kərim və sairlərinin xarakterləri, rastlaşdıqları təzyiqlər, israr elədikləri məsələlər barədə orta məktəblərdə məlumat hazırlanıb, lap gərəksə məcburi olaraq şagirdlərə öyrədilsə, bəlkə də həmin uşaqların sayı getdikcə azalar. Daha çox vətənpərvər, bir qədər millətçi də olarlar bizim balalar. Bizim kişiləri tanısalar, bizim balalar bəzi dərsliklərdə yer almış “hörümçək adam”ı kişilik, qəhrəmanlıq simvolu bilməzlər. Və onda həmin uşaqların harada yaşaması dərd olmaz bizə. Çünki harada olsalar bizimki olduqları mütləq bilinəcək...

***

...Bir neçə ay öncə hamımızın dəyər verdiyi mərhum Tofiq Abidinin xatirəsinə həsr elədiyimiz iki dəqiqəlik çarx üçün videogörüntü tapa bilmirdim. Nəticə ondan ibarət oldu ki, həmkarlarla çəkdirdiyi şəkillər, yazdığı kitabların üz qabığı və bir də bir parça şerindən istifadə eləyə bildim. Bir də müxtəlif verilişlərdəki o qədər də qənaətbəxş olmayan görüntülərindən.

Amma istədiyim bu deyildi... Bir sözlə istədiyimizə görə yox, əldə eləyə bildiklərimizə görə davrandıq. Və nəticə biz deyən olmadı...

“Nazim Hikmət” filmində bu problem yoxdur. Hətta bəzi məqamlarda adama elə gəlir ki, öncə Nazim Hikmətlə bağlı video görüntülər toplanıb. Rusiya, Türkiyə, Azərbaycan, Fransa və daha bir neçə ölkələrin müvafiq dövlət qurumlarının arxivindən. Və ssenari təkcə yazılı məlumatlara görə yox, daha çox video görüntülərin üstündə yazılıb. O görüntülərdə hər şey var. Nazim Hikmətə olan sevgi də, bəzən duyulan nifrət də. Onun həyatından gələn keçən qadınlar da, ona olunan xəyanətlər də, sevdiyi qadınların görüntüləri də, vətən həsrəti də, vətən sevgisi də, təzyiq və təqiblərə məruz qalma səbəbləri də. Və əksəriyyəti rəsmi tədbir çəkilişləri deyil. Nazim Hikmətin şəxsi arxividir. Yəni özünün çəkdiyi, ya da çəkdirdiyi görüntülərdir. Bu görüntülər indi 2014-cü ildə həmin görüntülər Nazim Hikmətə baxmaq, onu görmək, sevmək, ya da nifrət eləmək, qəbullanmaq, yoxsa imtina eləmək kimi şanslar verir insanlara...

Bilmirəm mənə elə gəlir ki, o həmişə sonranı düşünən biri olub...

Doğurdan da bəs sonra?!... Hələ bu gün balaca bir video çarx üçün nüfuzlu bir ziyalının görüntülərini tapmağın əziyyətini çəkiriksə illər sonra necə olacaq?!...

Məsələn, illər sonra Ramiz Rövşən, Rafiq Əliyev, Fikrət Qoca, Anar, Musa Yaqub, Arif Məlikov, Fuad Poladov, Rasim Balayev, Həsən Məmmədov, lap elə “Daş yuxu”lu Əkrəm Əylislini...

Sabah bu insanlar, şəxsiyyətlər haqda filmlər çəkilsə, verilişlər hazırlansa. Və o film iki saatlıq, o verilişin lap otuz dəqiqəlik olsa belə hansı kadrlarla yığılacaq? Ancaq rəsmi tədbir görüntüləri, qrim otaqlarından olan xırda epizodlar, auditoriyalardakı çıxışlar... Yalnız bu qırıq-qırıq kadrlar o filmlər nə qədər zəngin edəcək, demək çətindir...

O kişilər necə təqdim ediləcək gələcək nəsillərə?!... Mətnlər yazılacaq və sonra imitasiyalar çəkiləcək...Vəssalam!...

Bu gün Azərbaycan musiqisinin bünövrəsi olan Üzeyir Hacıbəyov haqda “Nazim Hikmət” filminə bənzər film çəkilə bilmir, çünki kadrlar yoxdur, Şəhriyarı o cür çəkə bilmərik, çünki kadrlar yoxdur...Heç Fikrət Əmirov, Səttar Bəhlulzadə, Qara Qarayer, Cəfər Cabbarlı, Niyazi boyda sənətkarı da təqdim eləyə bilməyəcəyik... Çünki kadrlar yoxdur...yoxdur və yoxdur...

Məqsəd kimisə qınamaq, Nazim Hikmətin ağlına gələn niyə başqalarının ağlına gəlməyib, demək deyil. Məsələ ondadır ki, biz həmişə nəyisə kimdənsə gözləyirik. Ya deyirik ki, özləri edər....Ya düşünürük ki, özü eləmirsə, bizə nə düşüb...Və ya fikirləşirik ki, olan bəsdir... Amma bəs olmamalıdır... Və hələ gec deyil. Yəni indi həyatda olan böyük kişilərimiz üçün gecikməyə bilərik...

Nə qədər ki, həyat dediyimiz onlara öz nağıllarını yazmaq imkanı verib, biz tələsək. Bilmirəm bəlkə də lap elə layihə formasında onların qızıl fondu toplansın... Gələcəyin kişilərini yetişdirmək üçün, onlara göstərməyə kişilik nümunələrimizin olması vacib məsələdir...

Yoxsa daha o kişilərdən olmayacaq...

...Sonra Corcun ideologiyası, Fredrixin təhsil sistemi, nə bilim daha kimin qrantı ilə içimizdə özümüzə qənim kəsilənlər yetişəcək. İŞID-çısı, vəhabisi, nurçusu və allah bilir daha nə”çi”si əmələ gələcək bu millətin...

Məsələn, mən o gün gəlsin istəmirəm. Və əlimdən gələni eləməyə hazıram... Amma siz, onlar, lap elə biz necə, hazırıqmı?!... Nəsə eləmək istəyirikmi?!... Sual budur...Və çox dəqiq, ciddi cavaba ehtiyacı var bu sualların. Həm də qısa bir zaman kəsiyində... Çünki vaxt gələcək hər kəsdən hər şeyin hesabı sorulacaq...Vay o günə ki, cavab verməyə nə üz, nə də söz ola...

# 3281 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #