Dərmanınızı vaxtında için

Dərmanınızı vaxtında için
1 oktyabr 2014
# 10:31

(1 oktyabr Beynəlxalq Ahıllar günüdür)

Həyatımızın olan və qalan ən böyük dəyəri, ən nadir varlığısınız!

İnanın ki, sözlərimdə pafosdan-mübaliğədən zərrə qədər qatqı-filan yoxdur.

Hətta bayramınız olduğuna görə də demirəm.

Baxın, siz zinət əşyalarınızı gizlədib toyda-bayramda üzə çıxartdığınız kimi, biz də ancaq sizinlə, sizin işığınızın kölgəsində parlayıb adam içinə çıxa bilirik. Sizin qızılınız var idi, bizimsə qiymətli xəzinəmiz SİZSİNİZ!

Qalan günləri isə aramsız qaçaqaçdayıq – evdən işə, işdən o biri işə, o biri işdən görüşə, görüşdən tədbirə, tədbirdən evə və ən sonda məlum olur ki, hələ hər şey yarımçıqdı və yenidən gün boyu bitirə bilmədiyimiz işi tamamlamaq üçün kompüterin qabağına...

Gözümüzü üzünüzdən çəkirik... Başımızı virtual aləmdən qaldırmadığımızı görəndə gözünüzü üzümüzdən çəkirsiniz...

Uzaqlaşırıq...

Bəzən mikayıllar, zaurlar, elgizlər sizə bizdən yaxşı qulaq yoldaşı olur. Onların səsini bizdən çox eşidirsiniz... Bağışlayın...

Sizə arzuladığınız, arzuladığımız həyatı yaşada bilmədik... Başımız qarışdı... Baş qarışmağın nə demək olduğunu bilirsiniz. Bizi böyüdəndə başınız elə qarışıq idi ki, özünüzə belə vaxt ayıra bilmədiniz. Bir də gördünüz böyümüşük, öz həyatımız, dostlarımız, əyləncələrimiz var... Sizinsə geridə qoyub gəldiyiniz böyük bir boşluq, yaşanmamış günlər, aylar, illər...

İndi oturub ayın sonunu, təqaüdünüzü gözləyirsiniz...

O təqaüdü ki, heç dərmanlarınıza çatmır... Onunla nə istirahətə gedə bilərsiniz, nə gəzməyə... Bütün yaşıdlarınız kimi, sizin üçün nəzərdə tutulan əyləncə növü ancaq yüngül televiziya şoularının tamaşaçısı olmaqdır...

Halbuki, siz bizim səadətimizə tamaşa etməliydiniz... Əlimizdən gəlmədi... Buna görə bacarsanız, bizi bağışlayın...

Siz bizi işıqlı gələcək üçün böyütdünüz, biz sizi yüngül şouların qəhrəmanı elədik...

Biz yaxşı övlad ola bilmədik. Bəlkə ümidlərinizi doğrulda bilmədik, bəlkə haqqımızda başqa arzularınız, planlarınız, gözləntiləriniz var idi, həyata keçirə bilmədik... Amma bilin ki, biz cəhd elədik.

Sizi xoşbəxt eləmək, xoşbəxt olmaq üçün çox çalışdıq. Düzdür, sizin bundan xəbəriniz olmadı, gözünüzdə bivec görünürdük bəlkə, amma həmin vaxtlarda biz xoşbəxtliyin yollarını axtarırdıq...

Bilmədinizsə, ancaq ona görə ki, səadətə tərəf qaçanda yıxılıb əzildiyimizdən xəbəriniz olmasın, yaralarımızı görməyəsiniz, bizimlə bir yerdə əzab çəkməyəsiniz. Sizə nəticəni təqdim etmək istəyirdik... Sadəcə, alınmadı...

Gənclik çılğınlığı ilə ürəyinizi çox qırdıq, amma indi yaşın elə bir dövrünə gəlib çıxmışıq ki, xoşbəxtliyi uzaqda axtardığımızı başa düşmüşük. İndi bizim səadətimizin ancaq bir formulu var:

Əlimizi buraxmayın ki, yıxılmayaq,

Yanımızda olun ki, qürurlu görünək,

Dərmanınızı vaxtında için ki, xəstələnməyək,

Səhhətinizi qoruyun ki, ağrımayaq...

P.S. İdman zalında 60 yaşlarında bir qadını zövqlə müşahidə edirəm. Ən çətin hərəkətləri belə özünə ruh verərək yerinə yetirir: Sənin övladlarına sağlam ana, qardaşın uşaqlarına sağlam bibi, bacın uşaqlarına sağlam xala lazımdır!

# 4285 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #