Əhməd Həpo – yazıçı, tərcüməçi, professor, uzun müddət «Qlavlit» deyilən ədəbiyyata nəzarət idarəsində çalışıb, hal-hazırda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində kürd verilişləri redaksiyasının rəhbəridi.
Bunları cavan nəsil üçün sadalamalı oldum. Əhməd müəllimi yaşlı nəsil, əsasən də, yazıçılar yaxşı tanıyır. Çünki o vaxt kitablar, jurnallar çap olunmamışdan əvvəl həmin idarənin süzgəcindən keçməli olurdu. Lazım gəlsə, səni çağırırdılar ora, siyasi mənada bir əmma varsa, onu düzəltdirirdilər, ya çıxarıb atırdılar. Adından da göründüyü kimi, gərək yazıçılar bu idarəni xoşlamayaydılar (yəqin heç xoşlamırdılar da), ancaq mən əlimə qələm aldığım vaxtlarda həmin idarədə yaxşı kişilər işləyirdi, onlar yazıçıların senzoru yox, dostu idilər, kitablarının çapına əngəl yaratmırdılar, əksinə, onlara kömək eləyirdilər. O zaman mən rəhmətlik Knyaz müəllimi tanıyırdım, Əhməd müəllimi isə sonralar tanıdım.
Əhməd müəllim kəşməkəşli bir həyat yaşayıb, çox çətinliklərdən keçib. Haqqında əlavə məlumat almaq üçün özündən nələrsə soruşmağa üzüm gəlmədi, internetə baş vurdum, orda da elə bir şeyə rast gəlmədim; hansısa tədbirlərdə iştirak elədiyini yazmışdılar, bir də onu bildim ki, hələ də kölgəsini qılınclayanlar var, demək, hələ də vuruşur, bu yaşında hələ də mübarizə aparır. Kimlərlə, niyə – bunları az-çox təxmin eləyirəm. Əhməd müəllim həmişə Azərbaycanın təəssübünü çəkib, vətəninin, xalqının dərdlərini ürəyində yaşadıb.
Əhməd müəllim istəsəydi indi imkanlı adamlardan biriydi. Ancaq o, haram tikəyə əl uzatmayıb, başqa dəyərlərə üstünlük verib, həyatını təmiz yaşayıb. Bəlkə indi vəzifə adamlarının nə hoqqalardan çıxdığını görüb, nələrəsə təəssüflənir, intəhası, Əhməd müəllim, sizin xamırınız başqa cür yoğurulub, siz elədiyiniz yaxşılığa sevinmisiniz, siz elədiyiniz və edilən yaxşılıqdan kövrəlmisiniz, siz başqa cür ola bilməzdiniz (necədi, təsəlli verə bildimmi?).
Mən sizi iyirmi il olar tanıyıram, özümə dost, ağsaqqal bilmişəm, lazım olanda məsləhət almışam, oturub dərdləşdiyimiz vaxtlar az olmayıb. Hamının ağrısını öz ağrınız kimi qəbul eləmisiniz, köməyinizi əsirgəməmisiniz. Mənim həssas, qayğıkeş dostum, 80 yaşınız mübarək olsun, bu uzun ömrü kişi kimi yaşamaq hər oğulun işi deyil.