Balaca Marinanın gözləri

Balaca Marinanın gözləri
17 aprel 2013
# 13:12

Murad Köhnəqala

“Mənim universitetim” layihəsi

... Rusiyanın bir neçə şəhərində veylləndikdən sonra kəndə qayıtdım. Çox həvəslə rayon qəzetinin nəzdində ayda bir dəfə düzənlənən şeir dərnəyinə gedirdim. Orada Vurğun Əyyub mənə dedi ki, Moskvada yaradıcı adamlar üçün Qorki adına Ədəbiyyat İnstitutu var, sənin kimi yaradıcı adamlar üçün ora daxil olmaq elə də çətin deyil. Get Bakıda yaşa, qoy Yazıçılar İttifaqında səni tanısınlar, sonra rəy yazıb şeirlərini instituta göndərsinlər.

...Mən Bakıya köçüb metro tikintisində betonçular briqadasında işə düzəldim. Demək, həmin instituta girmək üçün əvvəlcə yazdığın mətnləri ruscaya tərcümə elətdirib yaradıcılıq konkursuna göndərməli idin. Yaradıcılığın müsbət rəy alırdısa, səni imtahan verməyə dəvət edirdilər. Mən yaradıcılıq dərnəklərində bir neçə dəfə şeir oxuduqdan sonra dərhal tanındım. Şeirlərimi Nüsrət Kəsəmənlinin vasitəçiliyi ilə Alla Axundova sətri tərcümə elədi və biz tərcümələri Ədəbiyyat İnstitutuna göndərdik. İki aydan sonra yaradıcılıq konkursundan keçdiyimi bildirən və məni imtahan verməyə çağıran bir məktub aldım.

Qatara minib ilk dəfə Moskva şəhərinə gəldim və yazılan ünvanla İnstitutu tapdım. Sonralar biləcəyik ki, İnstitutun yerləşdiyi bina məşhur rus yazıçısı Gertsenin malikanəsi olubmuş.

Mən aldığım məktubda yazıldığı kimi, dərs hissə otağına gedərək imtahan verməyə gəldiyimi bildirdim. İmtahan ərəfəsi institutun yataqxanasında yaşamaq üçün mənə icazə kağızı verdilər. İnstitut şəhərin mərkəzində yerləşsə də yataqxana “Ostankino” teleqülləsi tərəfdə idi. Mən, izah elədikləri kimi, trolleybusa minib yarım saata yataqxanaya gəldim və kağızı komendanta təqdim elədim. Orada təzə yataq ağları, dəsmal-filan verib məni abituriyentlərin yerləşdirildiyi üçüncü mərtəbənin 306-cı otağına göndərdilər. Otağa gələndə gördüm ki, nisbətən məndən ucaboy bir rus oğlan divanların birində sakitcə əyləşərək gözlərini yerə dikib. Onunla əl tutub tanış oldum. Adı Andrey idi. Sonralar biləcəm ki, Andrey Volqoqrad şəhərindəndi, uşaqlıqdan boksla məşğul olub, məndən üç yaş kiçikdi, gitarada yaxşı çalıb-oxuyur, nəsr yazır, dostluqda çox sədaqətlidi, içəndə dava salmağa meyillidir, ancaq istədiyi vaxt içməyi aylarla dayandıra bilir. Onunla tanış olduğumuz gündən institutu bitirənə qədər qardaş kimi olduq. Nə isə, bunlar sonranın söhbətidi...

Andrey mənə dedi, indi bir oğlan da gələcək, onun da adı Andreydi. İkinci Andreyi gözləyənə qədər mən öz yatağımı səliqəyə saldım. Bir azdan Andrey gəldi. Bu, yaşca hər ikimizdən kiçik, şən, həmişə hay-küylü, qıvrımsaç, balacaboy, yaraşıqlı bir şair idi. Orlov şəhərinin hansısa kəndindən gəlmişdi. Heyif ki qəbul imtahanlarından keçə bilmədi. İndiki kimi yadımdadı, Andreylə mən onu vağzaldan qatarla kəndlərinə yola salanda möhkəm sərxoş idi, bizimlə bir yerdə oxuya bilmədiyinə görə hönkürərək yumruğunu qatara çırpdı.

Nə isə, qayıdaq söhbətin bayaqkı yerinə. Balaca Andrey də içkiyə meyilli idi. Dəmləşən kimi, əsasən, kənd əhvalatlarından yazdığı şeirlərindən oxuyurdu. Şeirlərini çox təsirli süjetlər üzərində qururdu. Şeir oxuyan zaman çox vaxt ağlayır, ağlaya-ağlaya da başa vururdu. Onun “Balaca Marinanın gözləri” adlı bir şeiri hələ də yadımdadı. Süjeti təxminən belə idi: iki gənc bir-birini dəli kimi sevir, sonra evlənirlər, onların Marina adlı bir qızı doğulur, Marina mələk kimi gözəl uşaq olur, lakin sonradan ata-anası ayrılası olurlar, balaca Marinanın kədərli gözləri həmişə onları barışdırmağa çalışır, onlar qəlblərinin dərinliyində barışmaq istəsələr də təkəbbürdən bunu eləmirlər, beş yaşlı Marina yalvarır, ağlayır, onlar yenə barışmırlar, nəhayət uşaq anasına deyir, siz barışmasanız mən yoxa çıxacam, ata-anası onun sözlərinə məhəl qoymur, bir gecə anası baxır ki, Marina yatağında yoxdu, qalxıb dəli kimi hər yeri axtarır, Marinanı tapa bilmir, atası özünü yetirir, bütün kənd Marinanı axtarmağa çıxır, Marina tapılmır ki tapılmır. Buzlar əriyir, qış gedir, bahar gəlir, gecələrin birində Marinanın tənha anasının pəncərəsini bir durna dimdiyi ilə döyərək:-Mən Marinayam, deyir...

Hə, ikinci Andreylə də tanış olduqdan sonra dedim, uşaqlar, neyləyək, bəlkə vuraq? Mənim bu təklifimdən Andreylərin hər ikisi sevindi. Pul yığıb, kiçik Andreyi iki araq, kolbasa və çörək dalınca göndərdik...

# 2334 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #