Qadın necə xəyanət edir?

Qadın necə xəyanət edir?
7 iyul 2017
# 10:39

Kulis.az Şərif Ağayarın "Aldadan qadın" essesini təqdim edir.

İnsan necə, hansı şəraitdə xəyanət edir və xəyanətə adekvat reaksiya nə olmalıdır?

Yetərincə ciddi sualdır. Zaman-zaman müxtəlif sahələrdə çalışan mütəxəssislər kimi yazıçılar da bu mövzu ətrafında baş sındırıblar. Xüsusən qadın xəyanəti həmişə onların, eyni zamanda oxucuların maraq dairəsində olub.

Qadın haqqında çoxlu əsələr yazılıb. Bunların, siz də razılaşarsınız ki, ən sanballılarından biri və yəqin ki, birincisi Lev Tolstoyun “Anna Karenina” romanıdır.

Bu roman çox şey haqqındadır, eyni zamanda qadın və qadın xəyanəti haqqında...

Ancaq Anna sevdiyi üçün oxucuda bir rəğbət hissi oyadır, onun sevimlisini çevrilir. Dünyada Anna Kareninanın intihar etməsinə razı olan insan tapmaq çətindir. Demək, bəşəriyyət onun xəyanətini qəbul edir və çox yəqin ki, bu hərəkəti sevgi naminə xəyanət hesab etmir.

Annanın günahı o idi ki, sevirdi və sevgi olan yerdə xəyanətdən danışmaq doğru deyil. Ancaq aldatma faktı danılmazdır. Anna aldadırdı...

Annanın aldatmasının səbəbləri və bu əməlin gətirdiyi nəticələr bu an məni o qədər də maraqlandırmır. Təkcə bir faktı qeyd etmək istəyirəm ki, Annanın intiharına görə Tolstoya giley-güzarını çatdıranlar çox olub. Dahi yazıçı yəqin ki, yalnız həmkarlarının dərindən başa düşdüyü bir etirafda bulunub: “Onu mən öldürmədim...”

Mətn nə qədər idarə olunan, yazılan bir nəsnədirsə də özünün diktə etdiyi həqiqətlər var. Bəzən müəllif onunla hesablaşmaq zorunda qalır. Və onu da deyim ki, dünyanın bütün yazıçıları yığışsa, Anna Karenina hekayətinə bundan daha dəqiq sonluq tapa bilməz.

Bu hekayət taleyin yazdığı hekayətdir, sadəcə Tolstoy dahi olduğu üçün lövhi-məhfuzda yazılanları oxuya bilmişdi.

Məni bu da heyrətləndirmir.

Məni heyrətləndirən sədaqətli və mədəni bir qadının aldatmağa qədər keçdiyi yolun necə ilmə-ilmə toxunmasıdır.

Tolstoy bunu necə bacarmışdır? Özü də kişi ola-ola, qadının iç dünyasına girərək...

Ora Coysvari diktofon yox, əməlli-başlı videokamera qoyaraq...

Sevirsən, lakin özünü elə göstərirsən ki, bu, belə deyil.

Çünki kübar cəmiyyət bunu tələb edir. Kübar cəmiyyətdə eşq üstündə yaxalanmaq üstündə qadağan olunmuş mal tutdurmağa bənzəyir.

Sevişmək olar – sevmək yox...

Xəyanət etmək olar – sevmək yox...

Aldatmaq olar – sevmək yox...

Sevdinsə biabır olacaqsan, hamı sənə ağız büzəcək, dalınca danışacaqlar.

Camaatın sevgilisi yoxdur bəyəm?

Sevmək hardan çıxdı?

Anna bunu bilirdi, amma özü ilə bacarmırdı.

Ona görə əvvəl-əvvəl oyun oynayaraq vəziyyətdən çıxmağa çalışırdı.

Təəssüf ki, insan bu dünyada bircə özünü aldada bilmir.

Sevirsən, bu sevginin şiddətlənməsindən qorxduğun üçün sevdiyin adamı görmək istəmirsən. Təsadüfən qarşına çıxır, məlum olur ki, yox, görmək istəyirmişsən. Özü də dəlicəsinə...

Ərinlə söhbət edərkən onu aldatdığına görə üzülürsən, eyni zamanda bu üzüntünü büruzə verməmək üçün fikirləşməkdən qorxur, tez-tez danışır, daha şən olursan.

Dəxli olmayan hərəkətlər edirsən. Misal üçün, sevdiyinin sən olan şəhərə gəldiyini eşidəndə şlyapanın günlüyünü düzəldirsən...

Və beləliklə, roman boyu elə bir gerçək, inandırıcı, hətta özünün yaşadığın, hiss etdiyin duyğu selinin içinə girirsən ki, gözlərin alacalanır.

İçindən həzin bir pıçıltı qopur: “İlahi!”

Və elə bu pıçıltıyla da düşürsən dahi ovsunçunun toruna - taa romanın son cümləsinəcən...

Dahiyanə əsərlə düşmən susdurulmuşdur!

Niyə düşmən dedim? Haqlıyam. Oxucu potensial düşməndir. O, çox zaman dahi yazıçıları xüsusi ironiya ilə oxuyur və gözlənilmədən daha dəhşətli ironiya ilə qarşılaşır: Peterburq səfəri zamanı Vronski ilə tanış olan Anna Moskvaya qayıdanda onu qarşılayan ərini perronda görür və dəhşətə gəlir: “Onun qulaqları niyə belə uzanmışdır?”

Bu yerdə Tolstoya “Ax, qoca cadugər!” - deməkdən özünü saxlaya bilmirsən!

# 2573 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #