Bizim şəhərin siqnalları

Bizim şəhərin siqnalları
17 oktyabr 2015
# 10:00

Mən yaşayan bina “vosmoy” adı ilə məşhur olan səkkizinci kilometrdəki yolayrıcına yaxındı...

Səhər tezdən pəncərəni açıram. (Söhbət yay aylarından gedir ha!) Sərin hava içəri dolur. Kondisionerlər müvəqqəti “arxivə” göndərilir. Bir az keçmiş pəncərəni açdığıma peşman oluram. Sərin hava ilə birgə maşın təkərlərinin səsi və siqnalları da içəri dolur.

Yerimin içində vurnuxuram, qurcuxuram, ayıb da olmasın donquldanıram, siqnal sahiblərinə dişimin dibindən çıxanı deyirəm. Təbii ki, ürəyimdə. Birdən sakitləşirəm. Bay... Bay... Mən nə zay adammışam. Heç gör ağlıma gəlib? İndiyə kimi ağlıma gəlsəydi, havayı yerə əsəb xərcləməzdim.

Nə özünü öldürürsən, ay dədə! Kənd görməmisən? Orda bundan da betər idi ki... Səhər açılan kimi birinci xoruzlar banlayırdı. Qonşularınkı da səs-səsə verirdi. Odey, banladı: quqqulu...qu...zığğıt...

Sən allah, kobud ifadələrimə görə inciməyin. Bu, təhqir deyil, sadəcə bənzətmədir. Klassiklərimizdə hələ bundan da betərdi: Mirzə Ələkbərdə də belə bənzətmələr var, Mirzə Cəlildə də, hələ desən Mirzə Fətəlidə də... Mirzə mirzədi də, əlində qələmi var. Hansı tərəfə döndərsən ürəyin istədiyini yazacaq.

Nəsə.

Kənddə səhərlər daha nələr olurdu? Sonra itlər hürüşürdü. Elə bil yarışa giriblər... Eşitmirsən?.. Hürhahürdü... Hart... Hart... Hart...

Elə hesab elə ki, Vosmoyun bazarı Qurbanəligilin evidi. İtləri də hürə-hürə bəri gəlir, “kruqa” tərəf.

Kənddə əsl zırıltı günorta başlayırdı. Eşşəklər səs-səsə verirdi. Hamı da öz eşşəyini səsindən tanıyırdı. İa...ia...ia...

İndi də elə.

“Vozduşka” siqnallı avtobusların sürücüləri, sanki yarışa giriblər. Azı on dəfə siqnal verməsələr, bağırları çatlar.

Bir deyən yoxdu ki, ay balam, nə haydı. Qarşıdakı maşın tərpənmirsə, deməli, bir səbəb var də.

Amma heç kim fərqinə varmır ki, ətraf insanlarla doludu. Onların xəstəsi də var, körpəsi də.

Kimə deyirsən. İndi danışan, siqnal verən eşidənlərdən çoxdu: “Mənə yol ver, mən gəlirəm, çəkil, vəssalam...”

Aha, dava düşdü. Arxadakı avtobusun sürücüsü qarşıdakının üstünə cumdu. “Ay can, ay can! Nə bir oldu!” Əl-qolunu ölçə-ölçə nəsə dedi və qayıtdı yerinə. Yenə də siqnalla ki, siqnallayasan.

Aha biri də o biri tərəfdən siqnalladı...

Ay səni, vay səni!

Bütün kənd burdaymış ki!

# 2247 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #