Qulu Ağsəsin 45 yaşına

Qulu Ağsəsin 45 yaşına
21 aprel 2014
# 16:29

Afaq Şıxlı

“ - Ədəbiyyatda sevmədiyim janr novelladır. Sonu gözlənilməzliyə aparır. Vaxt itirib oxumuram.

- Təsadüfə bax, mənim bir kitabım var, adı “Nabran novellası”dır. Vaxt tapıb oxuyarsan”.

...Həmişə zarafatcıl, söz altda qalmayan, gözlənilməzliklərlə dolu bir insan var.

İnsanları, hazırcavab olmasalar da, heç olmasa hazırsual görmək istəyir.

Sözü Allaha bənzədir, ona məsuliyyətlə yanaşır və hörmət edir.

Özünü yazmaqdan qoruyur, az yazması üçün Allah dua edir, öz-özünü heyrətləndirməyi sevir.

Bəlkə də, bazar günü dünyaya gəldiyindəndir ki, “Sözün də bazar günü var!” deyir.

Söhbətin kimdən getdiyini əlbəttə ki, bildiniz - bəzi fikir ayrılıqlarımıza və ədəbi çəkişmələrimizə baxmayaraq Dost və Qardaş dediyim, ailəsində - yaxşı ata və mehriban həyat yoldaşı, ədəbiyyatda - gözəl şair, istedadlı publisist, Cəfər Cabbarlını belə redaktə etməyə hazır olan redaktor, sayılan, seçilən ziyalılardan biri - Qulu Ağsəs.

1969-cu il aprelin 20-də “dünya” adlı kəşməkəşə baş vuran Qulu müəllim 45 yaşını qeyd edəcək bu ay.

45 yaş! Bu, nə azdır, nə də çox... Həyata keçirmədiyimiz arzularımız, yazmadığımız əsərlər, demədiyimiz sözlər baxımından - nə yaşdır ki, qırx beş! Etdiyimiz yanlışlıqlar, unutduğumuz vədlər baxımından isə - çoxdur...

İnsan, dünyaya gələrkən Tanrıdan savayı kimsə onun kim olacağını bilmir; müəllimmi, həkimmi, mühəndismi, yazarmı?

Bəlkə də, yenicə doğulanda, bunu biz özümüz bilirik, amma zamanla unuduruq. Dünya o qədər müəmmalı və sirlidir ki... Bəzən səhv peşə seçib sonadək mənasız ömür sürürük, bəzən yolun yarısında səhvimizi düzəldib sevdiyimiz sənətə dönürük...

Qulu Ağsəs isə – ilk dəfədən sevdiyi sənəti seçən, ilk addımından düz yola qədəm qoyan və amalına inananlardandır.

“Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür”, - deyən yazarın Frans Kafka olduğunu bilməsəydim, bu - Qulu Ağsəsin sözləridir, deyə düşünərdim.

Qulu Ağsəs yaradıcılığı haqqında bir çox kamil insanlar: Anar, F.Qoca, Ç.Əlioğlu, V.Bəhmənli maraqlı fikirlər söyləyiblər. O da, öz növbəsində tanıdığı şəxsiyyətlər haqda (V.Səmədoğlu, R. Rövşən, H. Əliyev, M. Müslümov və s...) gözəl yazılar yazıb.

O, həyatdan, zamandan, dövrün problemlərindən yazır, lakin elə qəribə, elə özünəməxsus tərzdə yazır ki, “biz niyə bu cür düşünmürdük”, – deyə təəccüblənirik. Hərdən mənə elə gəlir ki, Qulu Ağsəs üçün ağ rəngin spektrində yeddi deyil, doqquz və ya daha artıq rəng var. Onun eynəyindəki şüşələrin qeyri-adi olmamasına da şübhəm var, çünki bu insan hər şeyi daha fərqli görür və daha fərqli izah edir. O, mənim nəzərimdə həm də bir rəssamdır – bəzən reallığı nura boyayıb ürəkləri işıqlandırır, bəzənsə sirli bir duvağa bürüyüb, cözmək amacıyla baş sındırmağımıza kənardan tamaşa edir. Qəribəliklərdən biri də odur ki, onun yazılarını, hətta müsahibələrini oxuyarkən səsini eşidirsən sanki.

Qulu müəllimin qadınlar haqda fikirləri çox maraqlıdır. O, “qadın mənimçün kimdi...”, - deyə düşünür və belə yazır:

“Qadın mənimçün Anadı – doqquz ay sərasər bətnində böyümüşəm, döşündən süd içmişəm, laylasına uyumuşam, dizinə baş qoyub yatmışam, namusunu qorumuşam... alqışı üstümdə olub...

Qadın mənimçün Sevgidi – həmişə vüsalına can atdığım, başına döndüyüm, qadasını aldığım, gecəmi səhər eləyən, yatanda üzümü Allaha çevirən, sirrini ölüncə anlamadığım sevgi...

Qadın mənimçün Şeytandı – insanları yolundan çıxaran, müharibələrə sürükləyən, qanunları pozan, hər şeyi öz iradəsinə tabe etdirən, bəzən nə istədiyini özü də bilməyən mələk simalı Şeytan...

Qadın mənimçün Koddu – yığıb da heç yerə düşmədiyim, hər qatının altında bir qat da gizləyən, hərdən Allaha, hərdən Şeytana yığılan Kod...

Qadın mənimçün Örnəkdi – mən Kişiliyi arabir ondan öyrənirəm...”

...Mən, Günəşin öz nurunu doyasıya saçdığı, bol-bol isitdiyi zamanları çox sevirəm. Şeirlərimdə, hekayələrimdə göylərin o gözəl, nurlu çırağının adını dəfələrlə, sevə-sevə anıram. Bu, ilin doqquz ayının soyuq və qaranlıq keçən qürbət diyarda yaşamağımla bağlı deyil. Bəlkə, bir qədər təsiri var... Amma elə yaddaşım iz tutalı Günəşin vurğunu olduğumu xatırlayıram. Elə bilirəm ki, onun qırılıb düşmüş bir parçasıyam... Hətta, belə bir möçüzəyə - “ulduz” deyiləndə, özümü təhqir olunmuş hesab edirəm. On beş-on altı yaşlarında bir şeir də yazmışdım:

Günəş, mən sənin qızınam,

Günəş, sən mənim anam!

İstəyirəm sənin kimi

Mən də göylərdə yanam.

Ya mənə aç qucağını,

Çağır yanına gəlim,

Ya da mənə elə od ver

Yerdə “göyə yüksəlim”!

Belə bir sevgiyə Qulu Ağsəsdə də rast gəlmişəm: “...mənim üçün fəslin, havanın heç bir önəmi yoxdu. Əsas odur ki, Günəşi görüm. Günəşi görməyəndə özümü pis hiss edirəm. Günəş çıxmayanda, istəyirəm ona bir təqvim alıb göndərəm ki, baxıb işini görsün.”

Məhəmməd Füzuli ilə Məcnun yaşlarında görüşmək arzusunda olan Qulu Ağsəs, hər deyəndə sevgidən yazmır, lakin yazanda sarsılırsan... Onun sevgisinin taleyinə biganə qala bilmirsən. Şairin aşağıdakı misraları diqqətimi çəkir:

Ürəyində.... bir arzu tut.....

Di ....böl onu iki yerə...

Eşqinnən dönən namərddir,

Yenə gəl həminki yerə.

və ya

Atdı məni o ağıllı,

Atmayıb neyləyəsiydi...

Təzədən mən divanəni

Dəlimi eyləyəsiydi?

Eşqindən dönməyi, “sevirəm” sözünü geri götürməyi – namərdlik sayır Qulu müəllim, sevənlərə divanə deyib, Məcnun zirvəsinə ucaldır.

İnsan üçün ən dəyərli və vazkeçilməz iki varlıq, iki məfhum var – Ana və Vətən. İnsan, körpəliyində Anasına, böyüdüyündə isə Vətəninə bağlanır və hər ikisinə ölüm gününəcən ehtiyac duyur. Qulu Ağsəsin Vətən məhəbbəti, torpaq həsrəti – açıb abartnadığı, yerli-yersiz dilinə almadığı, haradasa gizli, haradasa titrək və kövrək bir nisgilə bənzəyir. O, öz doğma kəndi Abdal Gülablıya olduqca incə, zərif bir sevgiylə yanaşır. Bu sevgi nə qədər zərifdirsə, bir o qədər də böyükdür, sonsuzdur. Abdal Gülablını insana bənzədir Qulu müəllim, sanki, bu sadəcə bir kəndin adı deyil, insan adı və soyadıdır - Abdal Gülablı!..

Ötən ilin iyun ayında “Kaspi” qəzetində Qulu müəllimin “Qarabağ şikəstəsi” seirini oxumuşdum. Sağalmayan ürək yaramız olan Qarabağa saysız-hesabsız şeirlər yazılıb, amma belə qəribəsinə ilk dəfəydi rast gəlirdim:

Balamın canına,

atamın goruna,

işğal gününə...

- gör nəyə and içirəm:

səni çox sevdiyimdən şeir yazmadım şəninə.

Elə bilərsən

bayrağın qara rəngi olduğundan utanıb yazmadım,

azadlığın boynunda üzəngi olduğundan utanıb yazmadım.

Yoox!

Dedim, birdən şeirim

peşəkar ovçunun öz adaxlısını gülləylə vurub

qaçırmağına bənzəyər,

memarın, qurduğu qalanı

sevincdən öz başına uçurmağına bənzəyər.

Ona görə heç nə yazmadım şəninə.

Gör nəyə and içirəm:

balamın canına,

atamın goruna,

işğal gününə...

Nə demək olar?! Artıq şərhə ehtiyac yoxdur məncə. Bircə onu demək istəyirəm ki, kaş elə bir gün gəlsin ki, hamımızın müqəddəs and yerimiz - Qələbə günü olsun! Və bu andı kimsə poza bilməsin!

Əslində, bütün şairlər, dünyaya gələndən fərqli biriləridir. Kimsəyə bənzəməyən həyati görüşlərilə, üsyankar, amma çox kövrək ruhlarıyla, ən bəsit şeyə belə müstəsna baxışlarıyla... Bütün insanlar adi çümlələrlə, şairlər isə - misralarla danışarlar. Hər kəs eyni mövzuda söhbət edərkən, şairin fikri tamam başqa bir yerdə olar. Hamı məişət qayğılarıyla dolu olarkən, şairin xəyalı azad bir aləmdə dolaşar. Budur şair aqibəti, şair taleyi!

Qulu Ağsəsin öz müsahibələrindən birində dediyi kimi: “Ağlı başında olan arvadın heç biri şair və ya yazıçı ərindən məişət problemləri barədə soruşmaz...” Bu əlbəttə ki, zarafatcıl şairin zarafatla dediyi cümlədir, amma hər zarafatda müəyyən faiz həqiqətin var olması da bəllidir.

Bir qayda olaraq, Qazağı - şairlər diyarı, Qarabağı - musiqiçilər və nəğməkarlar diyarı düşünürük. Qulu Ağsəs də, hər bir qarabağlı kimi, musiqini çox sevir. Səxavət Məmmədovun pərəstişkarı və təbliğçisidir. Ötən ilin noyabr ayında mərhum xanəndənin 60 illik yubileyinin təşkilində böyük əzmlə və cidd-cəhdlə çalışmışdı. Təvazökarlığındandırmı, yoxsa həqiqətdirmi, bilmirəm, amma dediyinə görə, özünün mahnı oxumaq istedadı yoxdu. “Ürəyimdə yaxşı oxuyuram və mənə elə gəlir ki, elə hamıdan yaxşı mən oxuyuram. Əslində hamının qəlbində öz havası var”, - deyir.

Nə deyir desin, adını daha mükəmməl edən Ağsəs təxəllüsü ( bunun onun atasının adı olduğunu çoxları bilir) təsadüfi deyil. Bəlkə, mahnıda olmasa da, şeirlərində bütün səslər, vurğular və durğular yerli-yerindədir. Hər necə olsa, bir onu bilirəm ki, Qulu Ağsəsin yazmaq havası var; bu hava təbəssüm təravətli və həqiqət ətirlidir. Onun üçün “yaz havası deyil, yazı havası” önəmlidir.

«Həqiqət qarşısında çoxu baş əyir. Sevdiyindən yox, həqiqətin gözünün içinə baxa bilmədiyindən», - deyən və çox şeyi zarafatyana desə də, qərar vermək anında soyuqqanlı və qətiyyətli olan dostuma üz tuturam:

Dünya - həm amansız ciddiyyət, həm də böyük zarafatdır! Belə dünyanı hər yönüylə maraqlı yaşaya bildiyinçün sənə qibtə edirəm! Bu, bir istedaddır və o istedad hər adama nəsib deyil. Hər kəs eyni olsaydı, Qulu Ağsəslər kimi seçilmişlər də olmazdı.

45 yaşın mübarək olsun, qardaşım! Özün dediyin kimi: “Hələ ömrün günortasıdır!”

Sənə, hər şeydən öncə, uzun, mənalı illər və təkrarı olmayan gözəl mövzular düşünə bilmən üçün yenilməz ruh diləyirəm! “Gözüm Tanrı taxtındadır”, - desən də, sənə şeir taxtı, şair baxtı arzulayıram!”

Və... şairdən şairə, qələmdən qələmə - bu şeiri hədiyyəm olaraq qəbul et...

“Ərkim elə sənə çatır, ay qələmim!

Elə sənə sığınıram söz düşəndə ürəyimə...

Yerdən-göydən üzüləndə əl-ayağım,

Köz düşəndə ürəyimə...

Şad günümdə,

nur çiləyib sətirlərə, süslənirsən...

Şərik olub sevincimə,

Sevgi dolu,

Günəş dolu şeirlərin arasında gizlənirsən.

Şənim – şənin,

Təbim - təbin!

Qurumaz ki, mürəkkəbin, -

ürəyimin qanı ilə bəslənirsən.

Sirdaşımsan!

Sağlığımda tutalqacım,

öldüyümdə baş daşımsan!

İlhamımın xəbərçisi, ya nəyisən?

İlahinin söz oxumu,

yoxsa durna lələyisən?

Ya sumusan, havamısan?

Varlığımdan axıb gələn

duyğuların davamısan!

Barmağımın ucundasan...

Urəyimin döyüntüsü gücündəsən...

Bəzən olur,

bu dünyaya küsən zaman

əl yorulur, qol yorulur.

Ürəyimdən sənə gələn yol yorulur;

Ərkim yenə sənə çatır,

tullayıram bir tərəfə,

gözlərimdən itirirəm.

Nə gizlədim,

sənsizlikdə özümü də bitirirəm.

Sənsə, yenə incimirsən, dönəcəyi yaxın dostum!

Bağışlayıb məni könül yarasına,

barışırsan...

Yenə keçib barmaqlarım arasına,

yol gedirsən qarasına;

Ağ vərəğə misra-misra sığal çəkir,

göz yaşıma qarışırsan...”

14.03.14.

Moskva

# 2842 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #