Bənövşə qoxulu evim...

Bənövşə qoxulu evim...
19 mart 2014
# 11:13

Hər il yaz gələndə anam üçün mütləq bacılarım bir dəstə bənövşə tapıb gətirir. Boynubükük, qanlı bənövşə...

Deyirlər, Laçın bənövşəsidi, kökünü ordan gətiriblər. Bizim tərəflərdə bitən qanlı bənövşənin ətri daha gözəl olur.

Anam çarəsiz qoxlayır bu çiçəyi.

Dərdini hiss etdirmək istəməsə də, nigaran baxışlarından anlayıram nələr düşündüyünü. Gücü yetdikcə qulluq edib, bir-neçə gün ömrünü uzadır bu çiçəyin. Hərdən elə bilirəm ki, anam onun ömrünü uzatmaqla vətənə gedən yolları, məsafələri qısaltmağa çalışır.

Mənə cəmi 15 il yaşamaq qismət olub evimizdə. Anam isə 33 il yaşayıb, hər tərəfində, həyətində, bağçasında əməyi olan isti ocağımızda.

Ağlım kəsən vaxtdan evimizdə hər yaz nərgiz, bənövşə görmüşəm. Pəncərənin qarşısında yeri var idi bu çiçəklərin. Günlərlə qoxusu getməzdi evimizdən...

O evimizdən ki, indi ondan əsər-əlamət belə qalmayıb. Hər küncünə qayğısız günlərimin şirin anları həkk olan evimizin bir-neçə il əvvəl yanıb, külə dönən şəklini gördüm.

Üç erməni uşağın yalnız divarları qalan evimizə baxaraq, yoldan keçdiyi anı bir jurnalist fotokameranın yaddaşına köçürüb.

Hər dəfə şəklə baxanda o evlə birlikdə yanıb külə dönən keçmiş günlərimizin xatirələrini bir yerə toplayıb yaşatmağa çalışıram.

Bacım böyük israrla ermənilərin şəklini ordan silib, öz şəklini yerləşdirməyə çalışır. Hərdən hirslənirəm ona, odu söndürüb kül ilə oynadığı üçün... Amma çarəsizliyi ürəyimi yandırır.

O da anam kimi, evinə getmək, vətən qoxulu bənövşə, nərgiz görmək istəyir.

Anam kimi, bacım kimi nə qədər torpaq həsrətlisi var...

Evinin, isti ocağının, yurdunun xiffətini edənlər hər gün bir az daha çox yaxınlaşır ölümə, vətəndən uzaqlaşaraq....

Ermənilər evimizi söküb, yeni bina tikiblər yerində...

Bizim keçmişimizin, varlığımız yerində təzə həyata başlayır düşmənlərimiz. Təkcə həyətimizə kölgə salıb, bəd-nəzərdən, yamanlıqdan bizi qoruduğuna inandığım “Dağdağan” ağacı, bir də sərin suyuna möhtac qaldığım bulaq qalıb.

Mən ümidlərimi evimizlə birlikdə o torpağa basdırdım illər sonra... Qəribliyə dözməyib, bu dünyadan tez köçən atamın ruhuna həvalə etdim hər şeyi. Bilirəm ki, atam ümidlərimə “Dağdağan” bulağının suyunu səpəcək.

Bir gün o yerdə düşmən nəfəsindən, yağı tapdağından, namərd gözündən uzaq, kül qoxulu deyil də, vətən qoxulu bənövşə bitsin deyə.....

# 1954 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #