Əylisdən Osloyacan...

Əylisdən Osloyacan...
13 mart 2014
# 11:07

Olacağı bu idi: yazıçı Əkrəm Əylisli Nobel mükafatına namizəd göstərilməliydi.

Yəqin ki, Azərbaycanın son yüz ildə yetişdirdiyi 5-6 böyük yazıçıdan biri olan Əkrəm Əylisli “Daş yuxular”ı yazanda gözünün qabağına bu günü də gətiribmiş: Nobel mükafatına namizəd olur və bu mükafatı alır, Nobel nitqi söyləyir, dünyanın bir nömrəli yazıçısı olur.

Zatən, “General olmaq istəməyən əsgər pis əsgərdir” deyə bir kəlam var və bu sözü ədəbiyyata inikas etdirsək, demək olar ki, yazmağa yeni başlayan, yaxud çoxdan yazan ədiblərin böyük əksəriyyəti mütləq bu iddiada olurlar. Alpinistlər üçün Everestin zirvəsi nədirsə, ədiblər üçün də Nobel mükafatı odur.

Budur, Əkrəm Əylisli arzusunun ilk mərhələsinə çatıb, artıq Nobel mükafatına namizəd göstərilib. Ancaq qarşıda hələ aşılası təpələr var.

Əslində, Əkrəm Əylisli Nobel mükafatı ala bilər və ona layiqdir. O mükafatı alanların içində əsərləri Əkrəm Əylislinin roman və povestlərindən qat-qat zəif olanlar da var.

Üstəlik, ötən il məruz qaldığı total təqib-təzyiq kampaniyasından sonra yazıçı artıq dünyanın ədəbi mühitində dissident, əzabkeş nasir kimi tanınır. Bu da Nobel mükafatını almaq üçün mühüm şərtlərdən biridir. Düzdür, inişil Nobel mükafatını Çin Kommunist Partiyasının xarici və daxili siyasətini dəstəkləyən bir yazıçıya verdilər, amma yəqin ki, bu, ekzotika üçün oldu. Bununla belə, həmin yazıçı dünya oxucuları tərəfindən rəğbətlə qarşılanmadı və onun aldığı mükafat Nobel tarixinin ən uğursuz təltifi kimi yadda qaldı.

Əkrəm Əylisli bu mükafatı alsa, fərqli olacaq. Onu həm də sülhpərvər ictimai xadim kimi təqdim edəcəklər.

Yazıçı özü deyib ki, onun Nobel mükafatına təqdim edilməsində erməni barmağı axtarmaq düzgün deyil. Ancaq bu faktdır ki, bu məsələdə erməni barmağı olmasa da, erməni faktoru mütləq var. Nasir azərbaycanlıların qəddar, ermənilərin zərərçəkən kimi təqdim edildiyi “Daş yuxular” əsərini yazaraq “mərdlik nümayiş etdirdiyi”nə görə Nobel mükafatına namizəd göstərilib.

“Daş yuxular” əsəri barədə xəbərlərin yeni yayıldığı vaxtlarda həmin romana və yazıçıya aid bir neçə məqalə yazmış müəllif kimi bir daha təkrar etmək istəyirəm ki, əslində, o zəif və zərərli əsərdir. Müəllif hansı millətə mənsub olmasından asılı olmayaraq, bu cür mövzularda tərəf tuta bilməz və baş verən hadisələrə bəşəri dəyərlə prizmasından yanaşmalıdır.

Əkrəm Əylisli isə nəinki bəşəri dəyərlərə önəm verməmişdi, üstəlik, haqsız zorlunun tərəfində durmuş, məzlumun ah-fəqanını görməzliyə vurmuşdu. Eyni məntiqlə serb-boşnak münaqişəsindən yazmaq və bu qanlı müharibədə zorlanmış, güllələnmiş on mindən artıq boşnak qadının faciəsini görməyərək serbiyalı aqressorları “vəsf etmək” olar. Bunu bir serb yazıçısı etsə, fikir verən olmaz, amma bu cür mətn bir bosniyalı yazıçının qələmindən çıxsa, Serbiyanın üzərindəki tarixi ləkəni yumaq istəyən dairələr dərhal bundan yararlanmağa çalışarlar.

Hazırda ermənilər və onlara qahmar çıxanlar Əkrəm Əylislinin həmin əsərindən bu məqsədlə yararlanırlar. Əslində, onlar heç də bir azərbaycanlı yazıçının o böyük mükafatı almasını ürəkdən istəmirlər. Bu, onların işinə yaramır. Çünki bir Azərbaycan yazıçısı Nobel mükafatı alırsa, bu, Azərbaycan cəmiyyətinin daha tolerant, daha mədəni olmasının göstəricisi olacaq və istər-istəməz ölkəmizin təbliğinə işləyəcək.

Güman ki, ermənilər istəyirlər, Əkrəm Əylisli Nobel mükafatına namizəd olsun, “Daş yuxular” söhbəti yenidən aktuallaşsın, dünyanı dolaşsın, yazıçıya qarşı yeni təqib dalğası başlasın, Azərbaycan özünü yenidən biabır eləsin, ancaq sonda mükafatı Ə.Əylisli yox, bir başqası alsın.

İş ki belədir, biz də çevik düşünək. Ə.Əylislinin yazdığı kitab yanlış idi, yazıçının mükafatlardan, təqaüddən məhrum edilməsi də yanlış idi, bir neçə ədəbi-publisistik, dözümlü tənqidin dışında nasirə qarşı aparılan total təbliğat da səhv idi. Ancaq Ə.Əylisli doğrudan da bu ilin payızında Osloda Nobel mükafatını alsa, dünyanın bir nömrəli yazıçısı olsa, bu, ölkə adına uğur olacaq və buraxılmış üç səhvdən ikisinin düzəldilməsinə imkan yaranacaq.

Birinci səhvi yalnız hələlik üfüqdə də görünməyən erməni-türk barışığı düzəldə bilər.

musavat.com

# 2682 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #