Necə görünürəm, Coni?

Necə görünürəm, Coni?
9 dekabr 2013
# 08:45

Səhər Əhməd yazır...

Əvvəla salam, salamdan sonra əgər zəhmət çəkib bizim tərəfin əhval-ruhiyyəsi ilə tanış olmaq istəsən, biz sağ və salamat olub, sizin də sağ və salamat olmağınızı o bir olan Allahdan arzu edirik.

Yaz görüm, orda havalar necədir? Burda havaların başı xarab olub.

Mən yenə də sənin sevdiyin Yasamalda qalıram. Amma bu Yasamal o Yasamal deyil sanki, bizim yaşadığımız o tələbə məhəlləsini xatırlatmır artıq.

Gəlsən, özün də mat qalarsan. Avtobusların üstünə “Yasamal bazarı” yazmaqlarına baxma, bazarı da söküblər. İndi dağlı çörəyini də mağazadan alırıq. Daha məhəlləni qovurulmuş tum qoxusu başına götürmür. Həyatın bəstəkarı dəyişib anlaşılan, köhnə sözlər yeni musiqilərə uyğun gəlmir.

Çox vaxt harda, hansı məkanda, hansı zaman kəsiyində yaşadığımı unuduram, öz-özümü belə hiss eləmirəm.

Amma hərdən, lap hərdən başqa həyatda baş vermiş kimi yadıma qırıq-qırıq şeylər düşür. Soyuq havalarda metroya enəndə üzümə vuran buxar qarışıq isti hava yenə eyni cür qoxuyur. Yenə yağış yağanda küçələr eyni cür islanır. Qulağıma lap uzaqlardan Sezen Aksunun səsi gəlir:

Yağmur yağar, akasyalar ıslanır,

Mən yağmura dəli, buluda dəli.

Böyük bir oyun bu, yaşamaq dediyin,

Məni ya sevməli, ya öldürməli.

Hərdən elə bil özümüzü-soyuqdan büzüşüb bir-birinə qısılmış, böyük şəhərdə bir-birindən başqa kimsəsi olmayan o iki qızı görürəm. Bir anlığa sanki gözlərimin qabağından keçib gedirlər. Həmin o intəhasız azadlıq hissini-dəryada damla olmağın dadını duyuram damağımda, amma bu çox ani olur, tezliklə həmin hissi itirib məyus oluram.

“Dodaqdan qəlbə”nin qəhrəmanı Kənanın sözlərini xatırlayıram: “Gözü sürməli kasıb məhəllə qızlarına kaman dərsi dediyim günlərin həsrətini çəkməyim gəlir”. Eyni vəziyyətdəyəm mən də, bu şəhərdə özümü qərib hiss elədiyim o günlərçün qəribsəmişəm. İndi mən burda başqa yerdən gəlib yerli camaata qaynayıb -qarışan kənd müəllimi kimi məşhuram. Geyim aldığım mağazada, yemək yediyim kafedə, telefonla danışa-danışa getdiyim küçədə hər dəfə qarşıma bir tanış çıxır. Üstümdəki nəzərlərdən cana doymuşam, heç kimi tanımadığım yad bir şəhərə köçmək arzum da yəqin bundandı.

Mən indi bu qədər ağıllısını tanıdığım bu şəhəri bir vaxtlar ancaq bir neçə dəlisini tanıdığım o şəhərə dəyişərdim.

Yasamalın dəliləri yadında qalıbmı?

Bazara bir tin qalmış öz evinin qarşısında var-gəl edən, hündürdən vahiməli şeylər danışan o kişini xatırlayırsanmı? Açıq həyət qapısından görünən ot basmış bağçası mənzərəni bir az da qorxunclaşdırardı. O kişi indi yoxdu, ölüb, deyəsən. Həyət qapısına qıfıl vurub, üstünə “satılır” yazıblar. Hər ordan keçəndə “Görəsən, o bədbəxt dəlinin evini hansı xoşbəxt ağıllı alacaq?”- deyə mənasız şeylər düşünürəm. Aramızda qalsın, son vaxtlar ağlıma belə mənasız şeylər tez-tez gəlir. Həvəsim və vaxtım olanda bu haqda da sənə yazacağam.

Amma Coni durur, bilirsənmi? Yadındadımı Coni? Xoşbəxt təbəssümlə hamıya təzim edib, baş əyən, o vaxt “pozitiv dəli” dediyimiz toppuş, sevimli Coni. Heç dəyişməyib, yenə o müdhiş təbəssümlə “İnşaatçılar” metrosunun ətrafında fırlanır, yenə boynundan dəmir qutu asıb, taxta çubuqlarla döyə-döyə gəzir, yeni il qabağı kiminsə bağışladığı Santa Klaus papağıyla qəfildən peyda olur.

Yenə də kişilər ona bir siqaret verib, mağazanın qarşısında hansı mahnıya istəsələr oynadır, ətrafında dövrə vurub əl çalırlar: “Hə, Coni”, “Oyna Coni”, “Bax belə Coni”... Coni də oynayır. Siqareti qulağının dalına keçirib, öz təbəssümüylə bu dünyanın ciyərinə dağ çəkirmiş kimi elə ləzzətlə rəqs edir ki...

Bu mənzərəni görməyin lazımdı. Bəlli deyil, kim kimi oynadır; onlarmı Conini, Conimi onları. Düzdü, mən daha çox Coninin -keçmiş günlərimin yadigarı olan qoca uşağın tərəfindəyəm, amma o adamlara da acığım tutmur. Sanki yazıqların içində güclə zəbt etdikləri bir Coni var. Sanki yanlarındakı Coniyə deyil, öz içlərində oynayan Coniyə əl çalırlar.

Mən isə üçüncü şəxsəm, tamaşaçıyam, yoldan keçənəm, oyundankənar vəziyyətdəyəm. Nə oynayanam, nə əl çalan, nə dəliyəm, nə ağıllı, nə hücumçuyam, nə müdafiəçi, mən yarımmüdafiəçiyəm. Bir sözlə, ən axmaq vəziyyət mənimdi.

Nə vaxtsa hücumda oynamış birinin yarımmüdafiəçi olması kədərlidi. Mən nə qol vurub sevinə, nə qol buraxıb kədərlənə bilmərəm, gah geri, gah irəliyə qaçmağa məhkumam. Bütün bunlara görə də səni qınayıram. Sən öz cinahını atıb getməsəydin, mən tək qalıb hücumu buraxmazdım. Hərdən paslarıma elə heyfim gəlir ki. Dilimdən anlayanım yoxdu.

Gör bir neçə ildi, mən Coninin baxışlarından keçib gedirəm. Əvvəllər təhsil aldığım məktəbə, sonra təcrübə keçdiyim, sonra dərs dediyim, daha sonra uşaqlarımın oxuduğu məktəbə. Bəlkə də həyatında heç bir məktəb görməyən bu nikbin dəli həyatındakı bütün məktəblərə lənət oxuyan bədbin mənə acıyır. Yəqin, onun dayandığı yerdən mənim keçdiyim səki ilə zamanın necə axması aydın görünür, üzümdəki təbəssümün necə qocalması, əlindən tutduğum uşaqların necə böyüməsi.

Hərdən gedib Coniylə danışmaq istəyirəm. Bilmək istəyirəm, neçə illər öncə bu məhəllədə eynən onun kimi gülümsəyən, onun kimi azad olan o iki qızı xatırlayırmı? Əgər xatırlayırsa, desin görüm, mən çoxmu dəyişmişəm. İstəyirəm, ondan soruşum ki, bütün gün narazı sifətlə harasa tələsən mən ağıllı zamanın heç cür qalib gələ bilmədiyi sən dəlinin gözlərində necə görünürəm, Coni?!

# 4053 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #