Dostumla eyni qıza vurulmuşduq...

Dostumla eyni qıza vurulmuşduq...
23 iyul 2018
# 14:55

Kulis.az Rəvan Cavidin “Dostum və ya kədərli adam haqqında” yazısını təqdim edir.

Yazdıqlarımı yaşadıqlarıma borcluyam. Yaşadıqlarımı qazandığım və tərk etdiyim adamlara. Qazandığım və tərk etdiyim adamları həyata. Həyatımı Allaha. Allahı...

Adamlar olur ki, onları qazandığın yeri, zamanı, səbəbi itirirsən. O adamları tərk edə bilmirsən. Harda qoyub gedəsən, sənə qeyri-müəyyəndi. Onu necə tapdım bu tozlu şəhərdə, bilmirəm. Nə vaxt itirəcəm onu bu dənizi gözəl şəhərdə, bilmirəm. Bu barədə düşünmək də maraqsızdı.

Biz Onunla həyatın alt qatında tanış olmuşuq, bunu bilirəm. Yeraltı kafelərdə içib payızın soyuğunu söhbətimizlə ötüşdürürdük. Pamuk, Dostoyevski, Nabokov, Lyosa, Şərif, Əkrəm, Anar, sonra Aysellər, Nigarlar, Günaylar, Aygünlər, Məryəmlər, sonra polislər, maşınlar, allahlar, Bakı... Qalxıb qucaqlaşırdıq, sonra yenə Bakıdan başlayırdıq üzü geriyə. Nəsə bizi incidən bir xatirə gəlib girirdi ikimizin arasına. Ağlayırdıq. “Acı xatirəyə” görə yox, aramıza kiminsə girdiyinə görə. Birimiz Şərq olanda, o birimiz özünü Qərb kimi aparırdı. Özümüzün istinad nöqtəsi elə özümüz idik.

Bir dəfə mənim bir xəstəliyə düçar olmağım xəbəri gəldi. Dünya gözümdə qaraldı, ağardı, sonra qərarsız qalıb bozardı. Elə o vaxtdan boz görürəm hər şeyi. O istəyirdi ki, rəng atsın üstümə, amma... Hərdən olurdu, hərdən bacarmırdı. Heç nə edə bilməyəndə deyinirdi. “Məni Zərdüştün Qisməti, Mövludun Kəraməti eləmə” deyib susurdu. Açıb “Qara kitab”dan bir-iki səhifə oxuyub özümüzə gəlirdik. Amma özümüzdən getməyi də yaxşı bilirdik. Pis şeir oxuyanda məni tərifləyirdi. Bilirdim ki, xoşuna gəlməyib. Xoşuna gələn şeir olanda qucaqlayırdı. Heç nə demədən.

Mətn oxuyanda özündən çıxırdı. Çıxıb harasa gedirdi. Mən yaxşı dostam. Mən də onun ardınca gedirdim. Bilmirdim məni hara aparır, nə olacaq bu yolun sonu, lakin onu tək qoymurdum. Gedib dayanırdıq Kafkanın hüzurunda. O da bizə məsləhət verirdi ki, ədəbiyyatdan başqa hər şey sizdə ikrah doğurmalıdır. Elə də edirdik.

Bakını sevirdik. Yenə sevirik. Bizim üçün hər şey gölünə dəniz dediyimiz bu balaca şəhərdən başlayır.

Eyni qıza vurulduğumuz vaxtlar olub. Eyni sevirdik. Eyni cür ayrılırdıq. Eyni cür tək qalırdıq. Tək qalanda bir-birimizə təsəlli verirdik. Guya yazıçılar tək olmalıdır.

Təzə şairlər, yazıçılar tapırdıq.

Ulucay, O, mən sonuncu 88 nömrəli avtobusun çıxış vaxtına qədər “20-ci Sahə”ni gəzib, bir çay da içib ayrılırdıq. Bir də heç vaxt görüşməyəcəyik kimi arxayın, səssiz.

“Özünə yaxşı bax!”

Onun barədə keçmiş zamanda danışmışam həmişə. Müqəddəsdi, ona görə.

Yaxşı yazıçı olacaq. Maraqlı yazılar, romanlar yazacaq. Mənim üçün həmişə pinti, içəndə hər kəsi sevə bilən, mənə görə ağlayan və ölümümü düşünən dostum qalacaq.

Bizim ədəbiyyatımız küçələrdən idi. “Nizami”dən başlayırdı, “İslam Səfərli”yə qədər. “Azadlıq”dan “İstiqlaliyyət”ə kimi. Tez-tez qabağımıza heykəllər çıxırdı. Nizami, Sabir, Fizuli, Cəfər Cabbarlı. Bizə göz qoyurdular. Biz də onları görüb tərifləyirdik. Köşklərdən qəzet alanda isə ikimiz də bir-birimizin üzünə qürurla, fəxrlə baxırdıq. Dünyanın ən yaxşı adamları olurduq. Qəzetdi də. Amma, qəzetin dəbdən düşdüyü bir vaxtda “Ədəbiyyat”, “525”, “Kaspi” alıb oxumaq bizə bir əsr əvvəldə yaşadığımızı hiss etdirirdi. Doğurdan, dostumla mən ya keçmişə qayıdırdıq, ya da üzü gələcəyə tərəf sürətlə qaçırdıq. İndiki zamanda qala bilmirdik. Bizi nələrsə qane etmirdi. Bilirik nələr. Deməyəcəm. Xətrinizə dəyəcək. Bircə onu bilməyiniz bəsdir ki, O sizdən narazıdı. Bunu qəbul edib. Yenə də... bu onu kədərli edir.

Və bizi kədərli edən şeylərin çoxu sizi xoşbəxt etdiyi üçün dözürük. Qədrimizi bilin (burda gülümsədim).

Onunla məni ayıran tək şey qorxudur. İtirmək qorxusu.

Narahat olma, əzizim, Allah söz verib, hələ on il də yaşayacağam və sənin dostun olacağam.

İyirmi ildi darıxan adamın sağlığına...

# 1750 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
#
#
# # #