Kişisən, çıx meydana!

Kişisən, çıx meydana!
30 yanvar 2018
# 10:30

Ayxan Ayvaz

O gün biri mənə inboxda söyüb. Heç təəccüblənmədim. Çünki bu cür hallar tez-tez baş verir. Şərhlərdə, inboxlarda bizi söyənlərdən şəhər salmaq olar.

Hörmətli “saxta profil”in səhifəsinə baxdım. Qız adıdır, təxminən belə: “Firka Mebelka”. Paylaşımlarından isə kişi qoxusu gəlir. Şəkillərinin internetdən götürüldüyünü texnikadan xəbərsiz bir adam da bilər.

Dərhal blok elədim. Yerindəcə. Və Markın bu lütfünün qarşılığında təbəssümlə ekrana baxıb bir siqaret yandırdım.

Siqareti çəkə-çəkə düşündüm. Düşündüm ki, ey dadi-bidad, bu adamlar nə yeyib-nə içir, doğurdanmı bu qədər bekardırlar? Mən bir profili güc-bəla idarə edərkən, bunlar günə beş-altı profil açıb özləri üçün “yaşayırlar”.

Bir qadını götürək. Onu başa düşürəm. Öz adıyla girmək istəmir. Əri dəlidir, xəbər tutsa ona od qoyar. Şəklini yerləşdirməməyi də normaldır. İnboxda gecələyən sərsəri oğlanların əlindən təngə gələr o qadın.

Bu mənə gün kimi aydındır. Azərbaycanda bir qadının gizlənməyini normal hesab edirəm. Ac qurd kimi ortalıqda gəzişən və hər an şikar axtarışında olan kişilərin əlindən qaçmasan, işin fırıqdır.

Yaxşı, bəs bu saxta adla qəhrəmanlıq edənlərə nə deyəsən. Söyürsən, öz adınla söy. Həqiqəti deyirsən, öz şəklin hardadı bəs? Bu qorxaqlığı başa düşdük. Bəs niyə özünü Çe Gevara kimi aparırsan?

Ədalət axtarır kişinin oğlu. Həqiqət çarçısıdır. Amma kişi, ya qadın olduğu bəlli deyil. Kişisən, çıx qabağa. Qadınsan, səsini çıxar. Yox, bunların heç birini edə bilmirsənsə, xahiş edirəm, çəkil qınına, camaatı işindən-gücündən eləmə.

Saxta profillə müxalifətçilik edir, həqiqəti deyir, ədalət uğrunda savaş aparır. Kiminsə “ağzının payını” vermək üçün büründüyü saxta profilə arxalanır. Elə bilir, onu tapmaq dünyanın ən çətin işidir.

Nə vaxt sosial şəbəkədə gündəm yaranır, camaat kimisə söymək yarışına girir, o saat hörmətli saxta profil hazıra nəzir dayanıb. Özü də sayları bir deyil, beş deyil. Durmadan artmaqda davam edirlər. Eynən yağışdan sonra artan göbələklər kimi.

Tək sosial şəbəkədə olsaydı bunlar, dərd yarıydı. Real həyatda guya saxta olanları yoxdu? Biz onu sonradan tanımırıqmı? Sənə özünü dostcanlı, səxavətli tanıdır, sonra da arxanca qeybət qırır. Sədası sənə gəlib çatanda da düşür ayaqların altına. Guya yalandan gəlib çatdırıblar.

O saxta profillərin içində sonsuz qorxu daşıdığını yaxşı bilirəm. Bəlkə də ailəsi gəlib durur qarşısında, həqiqəti çılpaq şəkildə deməkdən ürkür. Sabah başına bir iş gələr deyə saxta profil donuna girməyə məcbur olur. Nə etsin? Düzünü deyəni yüz yerdən qovarlar. Bəlkə özünü göstərmək, əsl adıyla həqiqəti demək istəyir. Kim bilir? Amma qorxur. Qorxusunda da haqlıdır. Deyəcəksiniz, onda səsini kəssin. Ziyanlılar, parazitlər, həşəratlar – onların saxta profil olmağa haqları var. Çünki özlərini bu cür təsdiq edirlər. Psixologiyada öz eqosunu yemləmək anlayışı var. O, realda bəlkə də ən gözəl duyğulara sahib bir insandır. Amma virtualda acından qırılmış eqosunu sağaltmağa məcburdur. Həqiqəti demək istəyir, acığı gəldiyi kimisə söymək arzusundadır. Nə etsin? O da bu cür yaşamaq istəyir.

Amma və lakin.

Saxta donla heç yana gedilməz. Həqiqi deyirəm, özüm ölüm: yalan ayaq açar, yeriməz. İnanın, sınayan olub, amma yeriməyib, eləcə axsayıb. Axsaya-axsaya yolun yarısında qəfil tir-tap yerə yıxılıb. Həqiqətsənsə, ədalət axtarışındasansa üzünə maska taxmayacaqsan. Çünki heç bir həqiqətin üzündə kölgə yoxdur. Qaranlıq yoxdur. Yalnız işıq var.

Bütün hörmətli saxta profillərə və saxta adamlara sayğılarla!

Öz sevginizi də, həqiqətinizi də doğru adınızla söyləyin!

Yazının zarafat guşəsi: “Bir zəhmət şəklinizi göndərin, baxan kimi siləcəm. Yüz faiz əmin olun”.

# 1548 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #